Bu il 195 nəfər xaricə müalicəyə getmək üçün müraciət edib
Ölçü:


Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi üzrə Komissiyasına yanvar ayından indiyə kimi 195 nəfər ərizə ilə müraciət edib.

Koordinat.az xəbər verir ki, bunu Lent.az-a komissiyanın sədri Nəsib Quliyev deyib: “Onlardan böyük əksəriyyəti verdikləri sənədlər üzrə ölkə daxilində müalicə ilə təmin olunublar. Yalnız 2011-ci il təvəllüdlü bir uşaq sidik kisəsinin ekstradisiyası diaqnozu ilə Türkiyənin Ankara şəhərinə göndərilib”.

N.Quliyev qeyd edir ki, müraciət edən xəstələrin maliyyə xərcləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əlillərin Sosial Xidməti tərəfindən ödənir: “Müraciət edənlərin əksəriyyəti imtiyazlı qrupa daxil olanlardır və əlillik dərəcəsi olan xəstələrdir. Xəstələr xəstəliyini təsdiq edən tibbi sənədləri təqdim edir, bunların əsasında ərizə ilə müraciət edirlər. Eyni zamanda bu komissiyaya tək Səhiyyə Nazirliyindən yox, ƏƏSM-dən də sənədlər göndərilə bilir”.

“Son 13 il ərzində Azərbaycanda 650 tibb müəssisəsi yaradılıb. Üstəgəl özəllər də yaranıb. Hazırda Azərbaycanda olan xəstələri ölkədən kənara göndərməyə ehtiyac qalmayıb. Kimlərsə öz istəyi ilə, tibbi turizm xətti ilə xaricə gedir ki, bunun bizə aidiyyəti yoxdur. Artıq bizdə elə bir tibb sahəsi yoxdur ki, o olmasın. Ona görə də bizə müraciət edənlərin problemi ölkə daxilində həll olunur. 2000-ci illərin əvvəllərində müraciətlər çox olurdu. Məsələn, o zaman ölkədə radiocərrahiyyə yox idi. Hazırda xəstəxanaların hamısı ən yüksək səviyyəli avadanlıqlarla təchiz olunub”.
 
07.05.2018 13:57:00
Oxuma sayı: 560