Kəlbəcərin işğalından 23 il ötür: anım tədbiri - FOTOLAR 
Ölçü:


Bu gün  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümünə həsr edilən anım tədbiri kecirilib.

Koordinat.az xəbər verir ki, Bakıda məskunlaşmış kəlbəcərlilərin bir qrupu əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət üçün Şəhidlər Xiyabana toplaşıb. Mərasimdə Qarabağ Azadlıq Təşkilatının nümayəndələri də iştirak edib. Daha sonra Kəlbəcər rayonundan olan ziyalıların iştirakı ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində geniş toplantı keçirilib.

Tədbiri İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu açaraq bildirib ki, Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi işğalçılıq siaysəti idi. 1993-cü ilin mart ayının sonu aprel ayının əvvəllərində 3054 kv. km ərazisi, 73 mindən çox əhalisi olan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycanlılara qarşı Xocalı soyqırımını törədən ermənilər Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, soyqırımı törədiblər.

Erməni qəsbkarları hələ 1992-ci il aprelin 8-də 800 nəfərə yaxın əhalisi olan Ağdaban və Çayqovuşan kəndlərinə hücum edib, 130-dan çox evi yandırıb, 33 nəfəri, o cümlədən, 2 azyaşlı uşağı 8 nəfər 90-100 yaşlı qocanı işgəncə ilə öldürüb, 7 nəfər qadını girov götürüb, 12 nəfərə ağır bədən xəsarətləri yetiriblər. Ermənilərin kəlbəcərlilərə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 511 nəfər qətlə yetirilib, 665 nəfər itkin düşüb, 165 nəfər girov götürülüb, onlardan 122 nəfəri sonralar geri qaytarılıb, digər 43 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.

Kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində 3 mindən artıq ailə hər cür şəraiti olan yaşayış evləri ilə təmin ediliblər.

Hazırda bu istiqamətdə işlər davam edir. Sosial problemlərinin həlli istiqamətində də lazımı addımlar atılıb.

Bu gün Kəlbəcərlilər öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Hər bir Kəlbəcərli ölkə Prezidentinin ətrafında sıx birləşib və inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad ediləcək və biz öz ata-baba yurdlarımıza qayıdaçağıq.










02.04.2016 20:38:00
Oxuma sayı: 1646