Mənim tanıdığım Poladov
Ölçü:


Əsl sənət adamının vətəndaş mövqeyi də olmalıdır. O, toplumun problemlərini görməzdən gələ, buna reaksiyasız qala bilməz.

Bəlkə də yanlış fikirdəyəm, bəlkə də ən ideal durum budur ki, sənətçi yalnız öz sənəti ilə məşğul olmalı və bütün diqqətini sadəcə, yaradıcılığa yönəltməlidir. Ola bilər.

Amma mənim düşüncəmə görə, toplumun sayğısını qazanmış əsl sənət adamının gündəlik daxili siyasi rəqabətin fövqündə dayanmaqla yanaşı, bir müxalif mövqeyi də olmalıdır. Söhbət ondan getmir ki, o, hansısa müxalif siyasi qüvvənin sıralarına qoşulmalı və orada mübarizə aparmalıdır. Yox. Toplumun ehtiyac duyduğu anda o özü təkbaşına bir müxalif güc kimi ortaya çıxmalı və doğru yolu göstərməyə çalışmalıdır.

Andrey Makareviç, yoxsa İosif Kobzon? Edip Akbayram, yoxsa Yavuz Bingöl? Fuad Poladov, yoxsa İlhamə Quliyeva? Cavablar məncə, aydındır.

Mən Fuad Poladovu yuxarıda təsvir etdiyim tərzdə sənət adamı kimi görmüşəm və tanımışam. O, lazım bildiyi anda müxalifətin mitinqlərinə də qatılıb, sözünü deyib. Ona görə yox ki, müxalifəti bəyənirdi və iqtidarı sevmirdi. O, bir aydın kimi sadəcə dövlətin və millətin gələcəyi naminə doğru bildiyi yolu göstərməyə, öz xəbərdarlıqlarını etməyə çalışırdı.

Butün canlılar fanidir, bir gün hər kəs öləcək. Amma insan üçün ən vacibi iz qoyub getmək, bu dünyadan ayrıldıqdan sonra da daim sevgi və sayğı ilə xatırlanmaqdır. Fuad bəy bunu bacaran kişilərdəndir. Nə mutlu ona..

Şahib CƏFƏRLİ

05.05.2018 14:23:17
Oxuma sayı: 1929