Siyavuş Novruzov: "Avropada hakimiyyəti tənqid edənlər Azərbaycana gətirilməlidir"
Ölçü:


“Əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir”.

Koordinat.az xəbər verir ki, bunu İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabat çıxışına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqyisədə qat-qat üstədir: “Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub”.

S. Novruzov qeyd edib ki, Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır: “Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər”.

S.Novruzov Avropada Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən mühacirlər məsələsinə də toxunub: “Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”.
04.05.2018 13:09:00
Oxuma sayı: 1193