Ağ Nihatın qara taleyi - müəllimi sevimli tələbəsinin faciəsindən yazır
Ölçü:


Ədalət ƏSƏDOV,
Azərbaycan Kooperasiya Universitetinin dosenti

Kooperasiya Universitetinin "Kommersiya"  fakültəsində 666 və 667 saylı qrupa dərs deyirdim. Bu qruplar mühazirə dərslərində bir auditoriyada birləşirdi. 666-cı qrupda Nihat adlı iki tələbəm vardı. Biri xarici görünüş etibarilə adaşından fərqlənirdi, ağbəniz olduğu üçün ona "Ağ Nihat" deyə müraciət edirdim.  Orta səviyyədə oxuyan tələbə olsa da, tərbiyəsinə söz ola bilməzdi. Həddindən artıq sakit və təmkinli, gülərüz oğlan idi. Dərs dediyim müddətdə heç vaxt ona hətta xırda bir irad da bildirməmişdim. Qüsursuz davranışına görə diqqəti cəlb edirdi. Hər auditoriyada belə tələbə olmur...

Həmişə qrup nümayəndəsi olan Gültəkinlə  oturardı. Gültəkin də əsil Azərbaycan xanımlarına xas xüsusiyyətə malik qız idi. Daim qrupun müdafiəçisi və təəssübkeşi rolunda çıxış edirdi. Təsadüfən dərsə gecikən tələbələri müdafiə edərək "müəllim, filankəs uzaqdan gəlir", yaxud "marşrutdadır, ən geci 5 dəqiqəyə gələr" deyərək qayıb yazmamağı, gözləməyi xahiş edirdi. Şirin Şəki ləhcəsi ilə elə müraciət edirdi ki, onun xahişini nəzərə almaya bilmirdim. İnsaf naminə, müdafiə etdiyi tələbə çox çəkmədən tövşəyə-tövşəyə auditoriyaya daxil olur, gözlədiyimə görə mənə də minnətdarlıq edirdi. Bu cür qarşılıqlı anlayışı qrupdakı tələbələrin hamısı dəyərləndirirdi, dərsə gecikmə hallarına yol verməməyə çalışmaqla.

Qrup kimi nümunəvi qruplar idi. Hər iki qrup mənim tədris illərimdə ən çox sevdiyim qruplar oldular. Artıq universiteti bitiriblər. Lakin indi də həmin tələbələrimin əksəriyyəti ilə əlaqə saxlayıb söhbətləşirik. Ehtiyac yarandıqda məsləhətləşmək üçün məni arayırlar.

Dünən gecə saatlarında   "Votsap" yazışmasında həmin qrupun qızlarından olan Səbinə xanım mənə yazdı: "Müəllim..."

Ardı yox idi. "Buyur qızım!" cavabıma "Müəllim, artıq Nihat aramızda yoxdur, onu itirdik..."

Səbinənin yazdıqlarının ardını oxuya bilmədim...

Aprelin 29-da, cəmi 3 gün əvvəl Gültəkinlə Nihatın toyları olmuşdu. Utandıqlarından məni dəvət etməmişdilər.

Səbinənin bu gözlənilməz xəbərindən sonra Bahadurla əlaqə saxladım. Yayılan qara xəbər düz idi. Bahadur yana-yana "Müəllim, bilirsiniz, toyda Nihatın atası sevincindən ağlayırdı, danışa bilmirdi. Anası da... Ümumiyyətlə, hamı sevincindən ağlayırdı".

Çox heyif! Valideynlərinin toyda gözlərindən axan sevinc yaşları qurumamış  Nihatın yas məclisi başladı.  Ağ Nihatın qara bəxti bura qədər imiş...

Sonuncu kursda oxuyanda  yol qəzasına düşmüşdü. Uzun müddət Bakıda xəstəxanada müalicə olundu. Qrup yoldaşları ilə birlikdə mən də xəstəxanaya getdim. Orada atası ilə tanış oldum. Gəldiyim üçün  mənə çox  minnətdarlıq etdi.

Toyuna dəvət etməmişdi. Universiteti bitirsə də, müəllim-tələbə münasibətindəki qırmızı xəttə toxunmağı özünə sığışdırmamışdı...

Mən də yasına getmədim. Ürəyim gəlmədi...

Nihatın atasına nə deyim, axı?! Cəmi 3 günün gəlini olmuş, əllərindən toy xınası silinməmiş Gültəkinə necə təsəlli verim?

Bura sözün bitdiyi yerdi!

Ağ Nihatın qara bəxti burda sona yetdi.

Allahdan Nihata rəhmət diləməkdən başqa çarəm yoxdur!

Gültəkin, qızım, bağışla ki, gələ bilmədim. Sadəcə gəlib nə deyəcəyimi bilmədim. Sənə səbir diləməkdən başqa nə edə bilərik?!

03.05.2018 22:45:42
Oxuma sayı: 2534