"Avropa Şurası sənə lazım deyilsə istefa ver" - Politoloqdan Səməd Seyidova cavab
Ölçü:


"Sənə Avropa Şurası lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə istefa ver qoy başqası ölkəmizi təmsil etsin".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Səməd Seyidovun
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun açıqlamasına cavab olaraq bildirib. Politoloq qeyd edib ki, Avropa Şurasını tənqid etmək hamının haqqıdır və tənqid olunmalıdır. Çünki AŞPA-nın ziddiyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir: "Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir. Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq. Bumu bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da “Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!".

Xatırladaq ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir. Səməd Seyidov isə buna cavab olaraq belə deyib: "Mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu, ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu, bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”.
26.04.2018 22:59:08
Oxuma sayı: 518