Putin Ermənistanda açıq oyuna başladı
Ölçü:


Şahin CƏFƏRLİ,
Politoloq

Putin Ermənistanda hadisələrin inkişafından narahat olub.

Moskva öz adamı Karen Karapetyanın vəziyyəti nəzarət altına ala bilmədiyini gördükdən sonra Ermənistandakı proseslərə müdaxilə etməyə başlayıb.

Putin dünən prezident Armen Sarkisyanla danışmışdı. Sonra xarici işlər naziri Nalbandyan Moskvaya çağırıldı. Bu gün isə Putin və Karapetyan arasında telefon danışığı olub. Bu barədə Kreml tərəfindən yayılan məlumatda aşağıdakı cümlə diqqətimi çəkdi: "Ermənistandakı böhran 2017-ci için aprelindəki legitim parlament seçkilərinin nəticələri əsasında həllini tapmalıdır."

Bu cümləni tərcümə etməyə çalışaq.

Son parlament seçkilərində Serj Sarkisyanın Respublika Partiyası 49% səslə qalib gəlib və 105 yerlik parlamentdə 58 mandat qazanıb. Daşnakların 7 deputatı ilə birlikdə hakim çoxluq formalaşdırılıb. Nikol Paşinyanın daxil olduğu "Yelk" (Çıxış) bloku isə 7,8% səslə 9 yer əldə edib.

İndi Paşinyan deyir ki, baş nazir özüm olmalıyam və ölkəni erkən seçkilərə mən aparmalıyam. Putin isə yuxarıdakı cümlə ilə anlatmağa çalışır ki, son seçkilərin nəticələri əsasında formalaşmış konfiqurasiya pozulmamalıdır, yəni baş nazir Paşinyan yox, məhz çoxluğa malik Respublikaçılar Partiyasının təmsilçisi, yəni Karen Karapetyan olmalıdır.

Əgər baş nazir Karapetyan olsa, o, hazırda dağılmış, demotivə olmuş, orientirini itirmiş hakimiyyət komandasını seçkilərə qədər toparlamağa, özünü güc strukturları başda olmaqla, bürokratik aparata qəbul etdirməyə və beləliklə, seçkilərə güclü şəkildə girib, adminresursu işə salmaqla yenidən Respublikaçılar Partiyasının qələbəsini təmin etməyə çalışacaq. Paşinyan bunu çox yaxşı anladığı üçün Respublikaçılar Partiyasının dərhal iqtidardan çəkilərək hakimiyyəti xalqın nümayəndəsinə təhvil verməyi tələb edir.

Rusiya artıq mövqeyini ortaya qoydu. Moskva Paşinyanı istəmir. Maraqlı olacaq.
26.04.2018 22:52:32
Oxuma sayı: 1182