Rus ekspert: “Paşinyan Saakaşvilinin yolunu gedir" –MÜSAHİBƏ
Ölçü:


Rusiya Sosial Araşdırmalar Ekspert İnstitutunun ekspert şurasının rəhbəri Qleq Kuznetsov Ermənistanda son günlər baş verənlər haqqında vzqlyad.ru saytına müsahibə verir. Koordinat.az həmin müsahibəni oxuculara təqdim edir:

-“Xalq baş naziri” seçkiləri hakimiyyətə aşkar tələbnamədir. Paşinyan doğrudan rejimi qırmaq niyyətindədir?

-İki fikir var. Birincisi – Paşinyan sadəcə sövdələşir. İkincisi – o, tamamilə ciddi şəkildə Mixail Saakaşvilinin, ya da Ukrayna Maydanı liderlərinin yoluyla getmək istəyir. Baxışımca, ikinci fikir həqiqətə daha yaxındır.

-Niyə?
-Bu adamın tərcümeyi-halını oxuyun. O, fanatikdir. Düzgün və ən yaxşı gələcək uğrunda mübarizə saydığından savayı ömründə heç nəylə məşğul olmayan bir adamdır. Həm də düzünü desək, bunun ideoloji baxımdan nə olduğu o qədər də anlaşılan deyil. O, sadəcə, “bilir” ki, hakimiyyətdə o – Nikol Paşinyan olsa, Ermənistan üçün daha yaxşı olacaq. Buna görə də çoxlarının etdiyi kimi ona yumorla yanaşmağa meylli deyiləm. Və onun potensialını lazımınca dəyərləndirməməyə meylim yoxdur. Əksinə, onu ciddi təhlükə kimi qəbul etmək lazım gəlir. Məşhur ibarə uşaqlıqdan hamımızın yadındadır: “İnqilabın başlanğıcı var, inqilabın sonu yoxdur”.
Durum qızışdırılıb, adamlar əsəbidirlər, hakimiyyət öz zəifliyini göstərib. Dövlət institutları zəif çıxıb və bunu hamı gördü. Hadisələr istənilən, o cümlədən Ermənistan üçün son dərəcə mənfi ssenari üzrə gedə bilər.

-Bu ssenari necə ola bilər?
-İndiki halda Rusiya-Ermənistan münasibətləri üçün mənfini və yaxud Ermənistan və Qərb münasibətlərini dəyərləndirmirəm. Söhbət sırf Ermənistandaxili məsələlərdən gedir. Lakin Ermənistan daimi xarici basqı altında olan dövlətdir. Ermənistan daxilində dövlətçilik süqut etsə, o, failed state – baş tutmamış dövlətə çevriləcək. Ermənistanda hakimiyyət maydanda “bağırsa”, bu bildirəcək: İrəvanda beynəlxalq baxımdan tanınan hökumət yoxdur. Və Ermənistanı çevrələyən dövlətlərin (hər şeydən qabaq, Türkiyə və Azərbaycanın) Ermənistana münasibətdə öhdəlikləri yerinə yetirməyə heç bir ehtiyacı olmayacaq. Hamımızın yadındadır ki, Bakıda İlham Əliyevin səsləndirdiyi fikir var ki, İrəvan, ümumiyyətlə “qədim Azərbaycan şəhəridir”. Yəni söhbət təkcə Qarabağdan getmir.

-Durumun qarışmasını qənimət bilən Azərbaycan Qarabağ münaqişəsinin donunu açar?
-“Bir paytaxtda iki suveren”in – bir hakimiyyətin meydanda, digərinin parlamentdə olduğu hər bir vəziyyət bu münaqişənin dərhal donunu açar. Çoxlu qan axar, bunun da Ermənistan üçün nə ilə bitəcəyi qətiyyən aydın deyil. Münaqişənin tarixinə üz tutulsa, yada salmaq olar: Bakıda hakimiyyət son dərəcə zəif olarkən Azərbaycan Qarabağda müdhiş hərbi məğlubiyyətlərə uğrayıb. O zaman hakimiyyət o cür dəli fanatik, “Xalq Cəbhəsi”nin lideri, dövləti nəzarətdə saxlaya bilməyən Əbülfəz Elçibəyə məxsus idi. İndi əks durum meydana çıxa bilər.

– Ordu bunun ola bilməyəcəyinin zəmanəti kimi çıxış edir. Amma qeyd etdiniz ki, ordu faktiki olaraq müxalifətin qələbəsinə hökm verib…
–Ordu hakimiyyəti müxalifətə verməyib. Amma Serj Sərksiyan və qəbiləsinin qansız və sakit gedişini təmin edib. Axı hadisələrin məhz bu cür getməyinin səbəblərindən biri bu olub ki, Sərkisyan və qardaşları Ermənistan elitasındakı Qarabağ qrupu üzrə tərəfdaşlarını əldən salıblar. Sərkisyan və çevrəsi bu qrupdan ayrılıb və korrupsiyalaşmış mühit yaradıb. Sərkisyanın yaxın qohumlarını tərəfdaş götürmədən hər hansı iqtisadi fəaliyyət göstərmək mümkün deyildi.
“Xalq inqilabı” haqda da çox və gözəl danışmaq olar, amma, əslində, “inqilabın” baş tutmasının təminatı bundadır ki, Ermənistanın yüksək elitası Sərkisyanın yolunu ziyanlı və təhlükəli sayaraq rədd edib. Və sakit şəraitdə rejimin dizaynını aparmağın – önəmli deyil, zahiri və ya əsaslı – mümkünlüyünə ümid edərək Sərkisyandan və çevrəsindən asanlıqla yaxasını qurtarıb. Hesablama bunaydı ki, vətəndaşlar da razı qalacaqdı, elita da hansısa bir pakt bağlayacaqdı.

-Və bu məqamda Paşinyan peyda oldu.
-Bəli, plan yaxşıydı. Amma Paşinyan sıfır məbləğlə oynayır. Kiminləsə əməkdaşlıq qurmağa, koalisiyaya girməyə hazır deyil. O deyir ki, xalq var və bu xalqın özünün təmsilçisi kimi o var. Və Ermənistanda heç kəsin – nə katolikosun, nə generalın, nə Dağlıq Qarabağın prezidenti (mətndə bu cürdür-tərc.) Bako Saakyanın, nə Qarabağ müharibəsinin ayaqsız və Şuşanın alınmasına görə beş ordenli şərti veteranının – Paşinyandan savayı heç kimin xalqın adından danışmaq haqqı yoxdur.

-Öz bloqunuzdakı qeydlərdə İrəvan hadisələriylə 1974-cü ildə ordunun baş naziri – diktator Salazarın varisini kənarlaşdırdığı Portuqaliya inqilabı arasında paralellər aparıbsınız. Hansısa “vətənsevər əhvallı zabitlər”in Portuqaliya nümunəsi üzrə hakimiyyəti götürəcəyi variant mümkündürmü?
-Portuqaliyada inqilabdan iki il sonra dəhşətli bir əndazəsizlik törədildi. “Vətənsevər əhvallı zabitlər” qrupu bir-birini əvəz etdi, hələ arabir bir-birilərini atəşə də tutdular. Portuqaliya bu müddətdə öz ərazisinin bir hissəsindən (müstəmləkələrdən) məhrum oldu, milyonlarla qaçqın ölkəyə axışdı…

-Fərz edək ki, Paşinyanın təsəvvüründəki “xalq” onu hakimiyyətə gətirir. Mitinqdə çoxlu tələbə var idi. Danışırlar ki, onlar öz atalarından fərqli olaraq Qarabağ uğrunda döyüşməyə hazır deyillər. “Yeni hakimiyyət” Bakının vədlərinə razılaşa bilərmi: blokadanın götürülməsi əvəzində Qarabağ ətrafındakı beş rayondan ibarət təhlükəsizlik zolağını Azərbaycana vermək?

-Biz Ermənistan tələbələri haqda Moskva Ali İqtisadiyyat Məktəbinin tələbələri üzrə fikir yürüdürük. Erməni tələbələri öz vətənlərini qorumağa hazırdırlar. Axı məsələ Qarabağda deyil. Ondadır ki, “türklər” (onlar İstanbuldan Bakıyadək bütün türkləri belə çağırırlar) birbaşa təhlükə kimi qəbul edilir. Tələbəsən, ya tələbə deyilsən, amma öz vətənini qorumağa hazır olmasan, səni və yaxınlarını öldürəcəklər. Yəni, bax, daha sakit ölkələrdə müşahidə olunan bu sitayiş cəfəngiyyatı Ermənistanda işləmir. Amma Sərkisyanın idarəçiliyi indiki anda ölkəni tərk edilməsi gərəkən tamamilə hiddətləndirici duruma gətirib. Və bu, gəncliyi qıcıqlandırmaya bilməz. Xeyr, “nəsə olacağı halda Ermənistan Azərbaycana göstərər” ideyası heç hara yox olmayacaq. Məsələ artıq haqqında danışdığımızdadır: dövlət yoxdursa, “göstərəcək kimsə olmayacaq”…

Tərcümə Strateq.az-ındır. 
26.04.2018 18:57:00
Oxuma sayı: 566