Rövşən Rzayev Dünya Bankının nümayəndə heyətini qəbul edib - FOTO
Ölçü:


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.

Komitədən Koordinat.az-a verilən məlumata görə, Navid Hasan Naqvi Rövşən Rzayevi yeni təyinatı münasibəti ilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb. Rövşən Rzayev təbrikə görə təşəkkür edib və Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırki vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonar da  uğurla icra olunacağına əminliyini ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
26.04.2018 18:36:00
Oxuma sayı: 1111