“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Mir Cəlalın irsinin təbliğ edir - FOTOLAR
Ölçü:


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Mir Cəlal irsinin təbliği” layihəsi üzrə növbəti tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq, iştirakçıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. Həbib Misirov bildirib ki, aprel ayının 26-da görkəmli yazıçı və ədib, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 ili tamam olur. Natiq qeyd edib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və yaradıcılarından biridir. O, çoxlu sayda hekayə, povest və romanlar müəllifidir. Mir Cəlal eyni zamanda ədəbiyyatşünas alim kimi dəyərli elmi-tədqiqat əsərləri, dərsliklər yazmışdır. O, həmçinin xalqımızın yaddaşında unudulmaz müəllim, pedaqoq kimi də yaşayır.

Həbib Misirov vurğulayıb ki, ilin əvvəlindən başlayaraq görkəmli ədibə həsr olunmuş silsilə tədbirlər keçirilir, ədibin əsərləri yenidən çap edilir, eyni zamanda haqqında yazılmış dəyərli elmi-tədqiqat əsərləri nəşr olunur. Natiq bildirdi ki, həmin əsərlərdən biri də bu günkü tədbirdə təqdimatı keçirilən, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” kitabıdır. Kitabda müəllif Təyyar Salamoğlu Mir Cəlal nəsrini geniş şəkildə və müasirlik kontekstindən şərh etmiş, görkəmli ədibin nəsr yaradıcılığına metodoloji yanaşmanın yeni aspektlərini ortaya qoymuşdur. Həbib Misirov xüsisi vurğuladı ki, Mir Cəlal Paşayev haqqında qiymətli məqalələr, elmi-tədqiqat əsərləri bundan sonra da yazılacaqdır. Natiq çıxışının sonunda qeyd etdi ki, görkəmli yazıçı və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, unudulmaz müəllim kimi yaddaşlarda yaşayan Mir Cəlal Paşayev bütün həyatını, ömrünü Azərbaycan xalqının maariflənməsinə, ədəbiyyatımızın və elmimizin inkişafına sərf etmişdir. Bu böyük şəxsiyyətin ədəbi-bədii və elmi-nəzəri irsi ilə yanaşı, uca şəxsiyyətində cəmləşdirdiyi xeyirxahlığı, insanlığı, ümumbəşəri əhəmiyyət kəsb edən humanizmi və mütərəqqi ideyaları da həmişə yüksək heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq və əlçatmazlıq heykəli qurur. Əminik ki, qədirbilən xalqımız Mir Cəlal adını, şəxsiyyətini və irsini özünün bəşəriyyətə bəxş etdiyi möhtəşəm fenomen olaraq daim qəlbində yaşadacaqdır.

 
25.04.2018 17:49:00
Oxuma sayı: 1592