Elmar Məmmədyarov: "Lavrova dedim ki, münaqişənin həllinə imkan verən..."
Ölçü:


"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq ".

Koordinat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya  üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacaq.

Lavrov bildirib ki, diplomatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olunub. Elmar Məmmədyarov danışıqların son nəticələri barədə Lavrovu məlumatlandırıb.

Elmar Məmmədyarov bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb. "Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status-kvo qəbuledilməzdir və qeyri-sabitdir".

Sergey Lavrov deyib ki, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: "Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir. Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib. Ona görə də  münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır".

20.11.2017 13:45:06
Oxuma sayı: 1398