Çəkiliş meydançası, obyektivə tuşlanan kamera və  işıq aparatları - Rafiq Hüseyov haqqında xatirə
Ölçü:


“Salam, hörmətli tamaşaçılar!”

Hər gün bu sözlərlə ekrandan tamaşaçıların görüşünə gələn tanınmış diktor Rafiq Hüseynov uzun illər evlərimizin “sevimli qonağı” olub. Üstündən illər keçsə də, onun ürəyə yatan səsi, aydın və səlis nitqi qulaqlardan getməyib.

“Rejissor pultundan komanda səsi gəlir:
-    Diqqət, hazır olun! Operatorlar yerindədir?
-    Bəli.
-    İşıqçı necə, hazırdır?
Rafiq Hüseynovun zəif, titrək səsi eşidilir:
-    Bəli, hazıram, - deyə Rafiq iri, ağır işıq cihazını çəkiliş obyektinə
yönəldir və işığı yandırır”.

Bu sətirlər istedadlı publisist Rafiq Səməndərin “Salam, hörmətli tamaşaçılar!” kitabından götürülüb. Çox maraqlı və oxunaqlı bir dillə yazılmış kitab məşhur televiziya aparıcısı Rafiq Hüseynovun keçdiyi həyat yolu barədədir. Tanınmış diktorun televiziyada ilk addımları işıqçılıqdan başlayıb. Xalq Artisti Rafiq Hüseynovla həmsöhbət olarkən tanış səsin cazibədar ahəngi bizi istər-istəməz həmin illərə apardı:
-    Orta məktəbi rus dilində bitirmişdim, arzum şərqşünas olmaq idi və
imtahanlara çox ciddi hazırlaşırdım. Sənədlərimi universitetin şərqşünaslıq fakültəsinə vermək istəyəndə məlum oldu ki, həmin il rus şöbəsinə qəbul aparılmayacaq. Həmin fakültənin rus şöbəsinə qəbul ilaşırı keçirilirdi. Qərara gəldim ki, bir il gözləyim və sonrakı il qəbula gedim, - deyə Rafiq müəllim söhbət açır. – Ailə vəziyyətimiz ağır idi, mən hələ yeniyetmə ikən atam rəhmətə getmişdi. Bir axşam evdə oturub televizora baxanda anama işləmək arzumu söylədim. Soruşdu ki, harada işləyəcəksən, tanış yox, biliş yox. Əlimi ekrana doğru uzadıb dedim ki, lap elə gedib televizorda işə girəcəyəm.
Səhəri günü telestudiyada kadrlar şöbəsinə getdim. Kadrlar şöbəsinin müdiri Lətif müəllim ailə vəziyyətin barədə ətraflı sorğu-sual apardıqdan sonra məni fəhlə və ya işıqçı götürməyə razılıq verdi. Amma komitənin sədri Teymur Quliyev həmin vaxt işdə olmadığından bir ay gözləməli oldum. Sədr işə çıxandan sonra o da mənimlə söhbət apardı və nəhayət ki, işıqçı işinə qəbul edildim.

 İşıqçılar iki qrupa bölünürdülər: bir qrup studiyada işləyir, digər bir qrup isə çəkilişlərə gedirdi. Mən səyyar işıqçılar qrupunda işə başladım. Yadımdadır ki, o vaxtlar 5-10 kilovatlıq işıqlar, kömürlə işləyən “diq” deyilən ağır aparatlar var idi. Bir sıra çəkilişlərdə həmin  aparatları çiynimdə daşımışam. Rejissor Rauf Kazımovskinin “Yun şal” bədii televiziya filminin çəkilişi zamanı işıq aparatlarını daşıdığımı yaxşı xatırlayıram. Hətta kömürlə işləyən işıq aparatlarından qopan qığılcımlar mənim gözlərimə də təsir etmişdi.

 Sonralar studiyada işıqçı işlədim. Bir sıra tanınmış diktorlar və tamaşalar üçün işıq qururdum. Diktorlardan Roza Tağıyeva, Natəvan Hacıyeva, Şərqiyyə Hüseynova, mərhum Nizami Məmmədov mətn oxuyarkən  işıq tutmuşam... O vaxt işıqlar indiki kimi avtomatik olaraq idarə olunmurdu, nərdivana çıxıb oradan lampaları əllə bu və ya digər tərəfə yönəldirdik. Televiziya məni o qədər maraqlandırdı ki, həyatımı onunla bağlamaq qərarına gəldim. Ona görə də qiyabi yolla incəsənət institutuna qəbul olundum.

-    Hansı çətinliklər yadınızda qalıb?
- Gün ərzində televiziyada gedən bütün verilişlərdən – tamaşalardan tutmuş
informasiya proqramına qədər hamısında işıqçı iştirak edirdi. Çəkilişlərlə əlaqədar Neft Daşlarında, zavod və fabriklərdə, evlərdə olmuşam. O dövrdə verilişlərin, tamaşaların çoxu efirə canlı gedirdi. Tamaşalara işıq tutmaq xüsusilə böyük məsuliyyət tələb edirdi. Sözsüz ki, işığı operator qrupu qururdu, lakin işıqçının da üzərinə böyük yük düşürdü. Bəzən efir vaxtı partlayan lampanın təcili olaraq dəyişmək, yaxud aparatı yenisi ilə əvəz etmək lazım gəlirdi.

- Sizinlə bir yerdə işıqçı işləyənlərdən kimləri xatırlayırsınız?
-    Mənim işıqçı yetişməyimdə Eldar Məmmədovun böyük əməyi olub. İndi o,
ölkəmizdə ən məşhur operatorlardan biri kimi tanınır. Yerigəlmişkən onu da deyim ki, işıqçı kimi yeni işə başlayanlar sonrakı fəaliyyətlərində operatorluğa keçirdilər. O vaxt kı işıqçılar müxtəlif televiziya kanallarında yüksək dərəcəli operatorlardır.

- Sonrakı televiziya fəaliyyətiniz zamanı, deyək ki, diktor işləyərkən
işıqçılarla münasibətiniz necə olub?
-Məsələn, sonralar diktor işlədiyim dövrlərdə mənə işıq qurularkən işıqçının
peşəkar olub-olmadığını o dəqiqə hiss edirdim. Moskvada diktorların seminarı zamanı mərkəzi televiziyanın baş operatoru seminarda iştirak edən 33 nəfərin hər biri üçün ayrıca işıq qurdu. O hər bir diktorun zahiri keyfiyyətlərinə əsasən bunu edirdi. Məsələn, mənim qaşlarım qalın olduğuna görə gözlərimə qarışmaması üçün o, efir zamanı mənə aşağıdan işıq verilməsini məsləhət görmüşdü. Həmin tövsiyələrə əsasən, işıq verilərkən hər birimiz ekranda onun yaradıcılıq istedadının, portret yaratmaq məharətinin şahidi olurduq. Seminardan qayıdandan sonra efirdə mənə işıq qurulanda təbii ki, mən də öz fikirlərimi deyirdim.

Ümumiyyətlə, televiziya kollektiv yaradıcılıq məhsulu olduğuna görə, burada rejissordan, müəllifdən tutmuş işçiyədək hamının birgə fəaliyyət göstərməsi lazımdır. Təəssüf ki, biz işləyən vaxtlarda işıqçının rəyi ilə hesablaşmırdılar. Amma mən Moskva televiziyasında veriliş apararkən görürdüm ki, məşqdən sonra müəllif və rejissor hamının, bütün yaradıcı heyətin, o cümlədən işıqçının da fikrini öyrənirdi. Yəni işıqçıya da yaradıcı heyətin bir üzvü kimi baxılırdı...

- Efirdə olduğumuz müddətdə işıqçılarla əlaqədar hansısa problem olubmu?

- Əlbəttə, mən veriliş apardığım vaxt çox olub ki, işıqlar sönüb, lampa
partlayıb. Məsələn, mən tanınmış jurnalist Azad Şərifovla canlı efirdəykən qəflətən işıqlar söndü, ekranda təsvir itdi. Televiziyada işlədiyim neçə illər ərzində heç vaxt belə hadisə olmamışdı. Bir növ özümüzü itirən kimi olduq. Sonradan texniki səbəblərə görə tamaşaçılardan üzr istədik və təzədən verilişin əvvəlinə qayıtmaq məcburiyyətində qaldıq. Ən qəribəsi o idi ki, bəzən belə hallar olan zamanı gülməli hadisələr baş verirdi. Biz diktorlar lampa partlamasında artıq adət etmişdik. Özü də lampalar çox böyük səs-küy, gurultu ilə partlayırdı. Efirdəki tərəf-müqabilimiz buna öyrəşmədiyi üçün diksinirdi.
- Rafiq müəllim, indi evdə oturub televiziya verilişinə baxanda yəqin ki,
işıqçıların işinə də fikir verirsiniz...

- Sözsüz ki, işıqçının peşəkarlıq səviyyəsini elə ilk baxışdan hiss edirəm.
Ekranda gözəl bir kadr, gözəl bir təsvir görəndə nəinki işıqçının,həmçinin operatorun bizə tanış olan məktəbi keçdiyini özlüyümdə təsəvvür edirəm. Əlbəttə, operatorun və ya işıqçının keyfiyyətli işi üçün texniki imkanlar da olmalıdır. Çünki bəzən işıq qıtlığı olur, yaxud avadanlıqlar çatışmır. Belə halda təbii ki, işin yüksək keyfiyyətindən danışmaq yerinə düşmür. Ən əsası mən işıqçı işlədiyim il yarım ərzində operator işini də öyrəndim. Lakin tale elə gətirdi ki, operator yox, təcrübəçi diktor işinə qəbul edildim.
Əmək fəaliyyətimə işıqçı kimi başladığıma görə öz taleyimdən razıyam. Bu, çox böyük bir məktəb idi, mənim həm televiziya işinin incəliklərini öyrənməyimdə, həm gələcək peşə fəaliyyətimdə, həm də insan kimi formalaşmağımda müstəsna rol oynadı. Ona görə də xəyalən o illərə dönəndə ən xoş hisslər keçirirəm...


Süleyman QARADAĞLI
19.11.2017 14:32:00
Oxuma sayı: 179