Politoloq: "Ermənistanın demokratik ölkə imici Azərbaycanın xeyrinə deyil"
Ölçü:


Ermənistan müxalifətinin ciddi dəstək almasından və hərbçilərin də etirazçılara qoşulmasından sonra Yerevanda siyasi gərginlik xeyli artıb. Hazırkı vəziyyətdə Serj Sarkisyanın Ermənistandakı siyasi böhrandan qurtulmasl üçün iki yolu qalır: ya fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək, ya da istefa verib, erkən seçki qərarı almaq.

Koordinat.az
xəbər verir ki, bunu politoloq Şahin Cəfərli söyləyib. O qeyd edib ki, birinci variantı tətbiq etməyə Sarkisyanın resursunun olması şübhəlidir: "Bu, yalnız Rusiyanın ciddi dəstəyi sayəsində mümkün ola bilər. Amma Rusiya o halda bu addıma gedə bilərdi ki, əlində Serjiki əvəz edə biləcək alternativ variant olmasın. Rusiyanın isə alternativi var: hazırda baş nazirin 1-ci müavini olan "Qazprom"un kadrı Karen Karapetyan. Parlament sədrinin təcridxanaya gedib Paşinyan və saxlanılan digər deputatlarla görüşməsi, bu gün aprel döyüşçülərinin və din xadimlərinin etirazçıların sırasına qoşulması, tələbə hərəkatının başlaması Sarkisyanın dayaqlarının sarsıldığını göstərir".

Politoloq hesab edir ki, ikinci variant, yəni Sarkisyanın istefa verərək erkən seçkilərə getməsi hazırkı vəziyyətdə daha ağlabatan görünür: "Serj həm baş nazirlikdən, həm də Respublika Partiyası liderliyindən istefaya gedir, yerinə Karen Karapetyan keçir, seçkidə yenə Respublika Partiyası qalib gəlir və beləliklə, hakimiyyət dinc, demokratik yolla Rusiyanın xas adamı Karapetyana ötürülür. Xalq da razı qalır, Rusiya da. Qərbin də hadisələrin bu cür inkişafına etirazı ola bilməz".

Bununla belə, Şahin Cəfərlinin fikrincə, Serj Sarkisyan mövcud pat vəziyyətindən çıxmaq üçün üçüncü yol da tapa bilər: "Hər halda, ötən müddətdə zəngin siyasi təcrübə toplayıb".

Politoloqun fikrincə, istənilən halda, dünyada Ermənistanın demokratik ölkə imicinin yaranması Azərbaycanın xeyrinə deyil.

23.04.2018 14:27:05
Oxuma sayı: 1221