AŞPA Azərbaycanla bağlı araşdırmaların nəticələrini açıqladı
Ölçü:


Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Koordinat.az xəbər verir ki, "RİA-Novosti"nin yaydığı məlumata görə, 219 səhifəlik hesabat aprelin 22-də açıqlanıb. Hesabatda iddia olunur ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ölkədə keçirilmiş seçkilərə və yol verilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib: "Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb. Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb.

Hesabatda etik normaları pozmuş deputatların adları da çəklir. Bunların içində AŞPA-nın sabiq rəhbəri Pedro Aqramunt, Səməd Seyidov, Tadeuş İvinski, Auqustin Konde, Sezar Florun Preda, Stefan Şennıx, Alan Dekste və Robert Uolter var.

AŞPA-nın rəhbəri Mikele Nikoletti sənədi yüksək qiymətləndirib.

Dünən keçirilən mətbuat konfransında Nikoletti deyib ki, məruzə nümayəndə heyətlərinin rəhbərlərinə təqdim olunacaq. Adları çəkilən deputatlara qarşı hansı tədbirlərin görüləcəyi ilə prosedur üzrə komitə məşğul olacaq.

Xatırladaq ki, aprelin 23-də AŞPA-nın Fransanın Strasburq şəhərində yaz sessiyası başlanır və sözügedən hesabatı da müzakirəsi gözlənir.
23.04.2018 10:52:00
Oxuma sayı: 614