Qarabağ TV Başlıbel faciəsinə dair süjet hazırlayıb - VİDEO
Ölçü:


Kəlbəcər rayonunun ən böyük yaşayış məntəqələrindən olan Başlıbel kəndi məhz 25 il bundan qabaq aprel ayında erməni təcavüzkarları tərəfindən işğal olundu. İşğal zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi faciə xarakterinə və mahiyyətinə görə Xocalı və Ağdabandakı kütləvi qətliamlarla müqayisə olunur. 

Koordinat.az xatırladır ki, ermənilərin Başlıbel kəndində törətdiyi bu qanlı hadisə rayonun işğalından 18-gün sonra baş vermişdi. Belə ki, işğalçı ordunun bölmələri aprelin 18-dən 19-na keçən gecə Başlıbel kəndində mühasirədə qalmış 62 nəfərin sığındığı kahaların yerini müəyyənləşdirərək əliyalın sakinlərin üzərinə hücum etmişdi. Bu qanlı cinayət zamanı Başlıbel kəndində 18 nəfər qətlə yetirilmiş, 14 nəfər girov götürülmüşdür. Hadisə yerindən qaçaraq canını qurtaran 30 nəfər isə pərakəndə şəkildə dağlara çəkilərək iyulun ortalarınadək mühasirə həyatını davatını davam etdirib. Bu müddətdə Başlıbel kəndnin 30 sakini dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Onlar 113 gündən sonra gizli dağ yollarını 4 sutka ərzində aşaraq mühasirədən çıxa bilmişdilər. Yalnız bir nəfər - 75 yaşlı Ələsgər Kazımov doğma yurddan ayrılmamı, Başlıbel kəndində kahalarda ac-susuz qalmağı məcburi köçkün həyatı yaşamaqdan üstün tutmuşdu. I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər baba hələ də itkin sayılır.

İki mindən artıq əhalisi olan 350 təsərrüfatdan ibarət Başlıbel kəndi tamamilə yandırılıb. Erməni işğalçıları Başlıbel kəndində fərdi və ictimai təsərrüfatları yerlə yeksan etmiş, o cümlədən 480 yerlik məktəbi, 500 nömrə tutumu olan ATS-i, 15 çarpayılıq həkim ambulatoriyasını, 1 çörəkbişirmə və qənnadı sexini, 6 mağazanı, 1 hamamı, 2 klubu, 1 mədəniyyət evi, 2 kitabxanasını, 1 televizor stansiyasını, 1 süni mayalanma məntəqəsini tamamilə dağıdıb. Ermənilərin bu vandalizm əməllərini 113 gün mühasirə vəziyyətində kahalara sığınmış dinc sakinlər öz gözləri ilə görüblər.
Mühasirədə qalanların böyük əksəriyyəti çətin iqlimə, əlverişsiz dağ yollarına tab gətirməyərək həyatını itirdi. Bir qismi isə aprelin 18-də  "Portda" adlanan kahalara hücum zamanı  erməni vandalları tərəfindən qətlə yetirildi…

Karabakh.TV o dövrlərdə olmazın əzablara sinə gərən Başlıbel sakinlərinin 4 aya qədər davam edən mühasirə həyatından ürəkağrıdan hekayətlərdən qısa süjet hazırlayıb. Həmin videomaterialı oxuculara təqdim edirik:

20.04.2018 11:26:00
Oxuma sayı: 2101