Konstitusiya Məhkəməsi seçkinin nəticəsini təsdiqlədi
Ölçü:


Konstitusiya Məhkəməsinin Plenumu bir qədər öncə arelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclasını yekunlaşdırıb.

Koordinat.az
xəbər verir ki, iclasa Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrlik edib. Hakimlərin müşavirəsindən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, nəticələri açıqlayıb.  Bildirib ki, Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərarda deyilir ki, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

İ
17.04.2018 16:41:00
Oxuma sayı: 396