ACF İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov: “Ənənəvi “Raquf Orucov kuboku”nun məqsədi..."
Ölçü:


“Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edlməsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, onların hünər və qəhrəmanlığı yeniyetmər və gənclər üçün örnəkdir”.

Koordinat.az xəbər verir ki, bunu 2016-cı ilin Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə həsr edilən cüdo üzrə beynəlxalq “Raquf Orucov kuboku” turnirinin təşkilatçısı – "Judo Club 2012” idman klubunun prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo  üzrə veteran ustalar arasında beynəlxalq yarışların qalibi Azər Əsgərov aprelin 19-da Bakı İdman Sarayındakeçiriləcək yarışlar haqqında məlumat verərkən deyib. O, Aprel döyüşlərinin Azərbaycanın müasir hərb tarixində şanlı səhifə olduğunu, bu döyüşdə qazanılan zəfərin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.

Azər Əsgərov deyib: “Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh danışıqları nəticə verməsə, biz hərbi yolla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Aprel döyüşləri bu istəyin gerçək olduğunu bir daha bütün dünyaya göstərdi. Qəhrəman əsgər və zabitlərimizin həmin döyüşlərdəki şücaətləri gənclərimizin vətənpərvərlik ruhunu daha da çoşdurdu. Şəhidlərimizin xatirəsinə ehtiram həm mənəvi borcumuzdur, həm də böyüməkdə olan nəsilin düzgün tərbiyəsi üçün mühüm əhəmiyyət daşıyır. Biz də məhz bu amili əsas götürərək Aprel döyüşlərində şəhid olan ən təcrübəli zabitimiz, öz şərəfli xidməti ilə hələ sağlığında adı əfsanələşmiş kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəxsində bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir təşkil etməyi qərara aldıq. Məqsədimiz yeniyetmələrin hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə və həmçinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatırılmasına töhfə verməkdir...”

Azər Əsgərov bildirib ki, yarışların yüksək səviyyədə keçirilməsi üçün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyiilə hər cür şərait yaradılıb. Qonşu ölkələrdən gələcək idmançılar turnirdə iştirak etməklə yanaşı, paytaxtımızın tarixi məkanları, görməli yerləri ilə də tanış ola biləcəklər.

Xatırladaq ki, “Raquf Orucov kuboku” turniri bu il ikinci dəfədir keçirilir. Beynəlxalq kateqoriyalı turnirdə yaşı 21-dək (U-21) olan 1998-2003-cü il təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları yarışacaqlar. Bu ilki yarışlarda Azərbaycanın 16 klub komandası ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandan gəlmiş komandalar da iştirak edəcəklər.

17.04.2018 15:58:00
Oxuma sayı: 1272