25 il əvvəl… - Kəlbəcərli məcburi köçkünün ağrılı xatirələri - V hissə 
Ölçü:


Yusif SALAHOV


Kəlbəcərin işğalı zamanı dinc sakinlərin doğma yurdunu necə tərk etmələrinə dair müəllifin əvvəlki qeydlərini buradan oxuya bilərsiniz:
I hissə: http://koordinat.az/meqale.php?id=4438
II hissə: http://koordinat.az/meqale.php?id=4456
III hissə:
http://koordinat.az/meqale.php?id=4530

IV hissə:  http://koordinat.az/meqale.php?id=4550

Murov yolu ilə dayanmış maşınların yanından üzü yoxuşa çıxan,arxası şələli Kəlbəcər əhalisinin vəziyyəti dünən Tərtər çayının sahili boyu yollardakı vəziyyətindən fərqlənirdi. Hamı yorğun, ümidsiz,ruhdan düşmüş bir vəziyyətdə görünürdü. Hələ yol buz olduğundan hərəkət edə bilməyən yük maşınlarının üstündən qadınların  və uşaqların həyəcanlı səsləri gəlirdi. Mən də dayanan maşınların yanından keçib Murov yolu ilə üzü yuxarı çıxmağa başladım. Bəzi adamlar yüklü at və ulaqları çəkə-çəkə yuxarı aparırdılar. Atlar çox çətinliklə hərəkət edə bilirdi, nallı ayaqları buzun üstündə sürüşürdü. Hərəkət edən heyvanların da əldən düşdüyü görünürdü. Görünür,aclıq da öz təsirini göstərirdi. Məni ən çox üzən isə yolların kənarında yorulub qalmış körpə quzular və buzovlar idi. Onlara tez-tez rast gəlirdim. Yorulmuş mal-qara da yolboyu çox idi.

Saat 9-dan sonra buz əridiyindən maşınlar yavaş-yavaş hərəkətə başladı. Amma maşınların hərəkəti çox çətin idi. Ona görə ki, mal-qara və qoyunlar yolları tamamilə tutmuşdular. Malların və qoyunların arasından keçib bir xeyli getdikdən sonra dayım oğlu Məhəmmədə çatdım. Məhəmməd üstündə xurcun olan atı yedəyində çəkirdi, at isə gedə bilmirdi, yorulmuşdu. Artıq aşağıdan maşınlar siqnal verərək, dayanan maşınların yanından keçərək, yuxarı çıxırdılar. Görünür, bəzi maşınlarda nasazlıq olduğuna görə dayandığı yerdən tərpənə bilməmişdilər. Məhəmmədlə köməkli atı çox çətinliklə döngələrdən birinə qədər çəkdik. Bu zaman aşağıdan bir KAMAZ sürətlə və siqnal verərək gəlirdi, at isə yolu kəsmişdi. Yolun üst tərəfi sıldırım, alt tərəfinə isə bir metr hündürlükdə yoldan kürünmüş qar komalanmışdır, yol vermək mümkün deyildi. KAMAZ dayandı. Məhəmməd mənə dedi ki, kömək elə, atı yolun alt tərəfindəki qarın üstünə çıxaraq, yol açılsın. Dedim ki, yox, qarın altı uçurumdur, at uçar, ölər. Dedi ki, qoy uçsun, amma yol açılsın, görmürsən, camaatın yolunu kəsmişik. Maşınlar da elə hey siqnal verib, yolu açmağı tələb edirdilər. Məhəmməd atın yüyənindən tutub uçuruma tərəf çəkdi, at qarın üstünə çıxan kimi qabaq ayaqları qarla birlikdə yolun alt tərəfində boşluğa düşdü, qar aşağı diyirləndi, at qaldı. At bərk kişnədi, Məhəmməd ağladı. Dedim Məhəmməd xurcunu götür, atı qoyaq gedək. Dedi ki, mən xurcunu apara bilmərəm, xəstəyəm, xurcunu da qoyub gedə bilmərəm. Sənədlərimiz, hər şeyimiz oradadır. Bu zaman aşağıdan bir budka kuzası olan QAZ-53 maşını gəlib bayaq gələn KAMAZ-ın arxasında saxladı. Gördüm ki, həmin maşından sinif yoldaşım Qədimov Akif düşdü, yolun niyə bağlı olduğunu öyrənmək üçün bizə tərəf gəldi. Dedim ki, Akif, at gedə bilmədi, Məhəmməd onu burada qoymağa məcburdu, xurcunu isə apara bilmir. Sən onun xurcununu getdiyin maşına qoy, Məhəmməd səni tapıb xurcunu alar.  Akif dedi ki, arxayın ol, mən Göyçaya qaynım Ramizgilə gedəcəyəm, Məhəmməd məndən xurcunu orada ala bilər. Biz Məhəmmədin atını orada qoyduq,xurcunu Akifə verdik və Murovun zirvəsinə,daha doğrusu, Ömər Aşırımına doğru hərəkət etdik. Günorta üstü Yol Evinə çatdıq. Məhəmməd dedi ki, gəl burada bir az dincələk, yaman yorulmuşam, həm də acmışam, çörək yeyək. Mənim əlimdəki torbada ancaq Müseyib əmi  və Bağdagül verdikləri  çörəyin bir hissəsi var idi. Məhəmmədin çörəyindən yedik və Məhəmməd mənə dedi ki, sən ləngimə, mən yavaş gedirəm, sən vaxtında get, bəlkə Altayı tapasan.

Yola davam eləməyə başladım. Yol evindən yuxarıkı ikinci döngədə Nuşirəvana çatdım. Çox yorğun görünürdü və çox yavaş gedirdi, tək idi. Bir az onunla yanaşı getdik, sonra mən sürətlə gedib dəniz səviyyəsindən 3200 metr yüksəklikdə yerləşən Ömər Aşırımına çatdım. Aşırım qurtaran kimi kiçik meydançada biz neçə dəqiqə dayanıb daşın üstündə oturraraq Dəlidağa baxmağa başladım. Buradan Dəlidağ bütün qaməti ilə Murovla üzbəüz görünürdü.Hələ də mən tam inana bilmirdim ki, Kəlbəcər düşmən tərəfindən işğal edilə bilər. ona görə də "Əlvida, Kəlbəcər!", "Əlvida, Dəlidağ!" ifadələrini fikrimə gətirə bilmirdim. Bu düşüncələrlə, Kəlbəcərə qayıdacağıma özümdə möhkəm inam yaradaraq, bərkdən “Hələlik, Kəlbəcər! Hələlik, əzəmətli Dəlidağ!” deyərək son dəfə "Nərdivanın yalı"ndan Mıxtökənə, Dəlidağa, İstisuya, Keytidağa baxaraq Murovun Xanlar tərəfki yamacına  enməyə başladım.

Saat 13-də Murovdan Xanlar istiqamətinə enən birinci döngədə qaynım Bəhmənlə rastlaşdıq, hər ikimiz ağladıq.Bəhmən Rostovdan bizim hayımıza gəlmişdi. Dedi ki, Moskvada yerli televiziyanın “Vremya” proqramında Murovda yola düzülmüş maşınları göstərdilər və dedilər ki,artıq Azərbaycan əhalisi Kəlbəcəri tərk edir. O dəqiqə durub aeroporta qaçdım, bilet alıb Bakıya uçdum. Bəhmən Mirzə dayıgili soruşdu. Dedim ki, arxadan gəlirlər. Bəhmən onların qabağına getdi.

Saat 15-də mən Toğanaya çatanda Bəhmən də Mirzə dayıgillə ora çatdılar.

Ardı var...

17.04.2018 12:55:18
Oxuma sayı: 646