Şahlar Əsgərov: “Rusiyanın, İranın xoşladığı tarix Azərbaycan gənclərinin xoşuna gələ bilməz"
Ölçü:


"Dövlətimiz cəmiyyətdə vətənpərvərlik ruhunu yüksəltmək niyyəti ilə çoxsaylı tədbirlər keçrir. QHT-lər da bu işdə fəal iştirak edirlər. Amma nəticə arzu olunan səviyyədə deyil".

Koordinat.az xəbər verir ki, əməkdar elm xadimi, professor Şahlar Əsgərov "Moderator"a müsahibəsində belə deyib. O qeyd edib ki, bugünki vətənpərvərliyin beş il əvvəkindən yüksək olduğunu söyləmək çətindir: "Əvvəlcə belə bir suala cavab axtaraq: öz tarixini bilməyən gənc vətənpərvər ola bilərmi? İnanıram kı, bu sualın cavabı mənfi olacaq. Vətənin tarixini bilməyən insan vətənpərvər olmaz.  Və ya tərsinə, vətənin tarixini bilən gənc İŞİD-ə qoşulmaz".

Professor deyib ki, vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilməlidir. Xoşu gəlməyən tarixi gənclər öyrənmirlər. Onun fikrincə, əvvəlcə millətin qürurverici tarixi  yazılmalıdır: "Yazılmalıdır ki, bu millət bu günə gəlib çatmaq üçün necə od-alov içərisindən keçib.  Bu şərəfli yolda ideya verənlər, qəhrəmanlıq göstərənlər, şəhid olanlar həmin tarix kitabının səhifələrini bəzəməlidir. Orta məktəbin tarix kitabları xalqın şərəfli səhifələrini əks etdirməlidir. Qorxmaq lazım deyil. Rusiyanın, İranın xoşuna gələn tarix Azərbaycan gənclərinin xoşuna gələ bilməz. Belə tarix kitabını dövlət başçısının və ya vitse-prezidentin rəhbərliyi altında müəlliflər kollektivi yazmalıdır ki, şəxsi ambisiyalar, subyektiv fikirlər kitabda yer almasın. Müəllifərdən əlavə filosofları, yaşlı alimləri redaksiya heyətinə cəlb etmək lazımdır. Mənim düşüncəmə görə tarix kitabımız, bizim ikinci müqəddəs kitabımız olmalıdır".

Şahlar Əsgərov hesab edir ki, orta məktəb və ali məktəb üçün tarix kitabları xeyli fərqli olmalıdır. Orta məktəb tarixində milli ruh, ali məktəb tarixində elmi ruh güclü olmalıdır. Onun fikrincə, ali məktəb üçün tarix kitabında dəqiq elmi faktlar əks olunmalıdır ki, gənc tələbələr tarixi səhvləri araşdıra bilsin: "Orta  məktəbin tarix kitabında ruh yüksəldən məqamlar, şərəfli  səhifələr çox olmalıdır. Helsinki universitetində ezamiyyətdə olarkən bir finn müəllimindən eşitdiyim fikir yadıma düşür: “bir finn 9 rusun öhdəsindən gələr, ancaq 10-cu rus gələrsə finn neyləsin” ? Bu fikirdə  çox şey var, həm də güclü milli ruh var. Hər millətin tarixində belə dəyərli fikirlər çoxdur və onlardan istifadə etmək lazımdır. Misal üçün, Şah İsmayıl Xətainin vəsiyyəti bu sözlərlə qutarır: “Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, Türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin – Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa, onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur”!  Bu sözlər gəncləri vətənpərvər edər. Belə ruh verici sözlər tarix kitabını bəzəməlidir".
13.04.2018 18:43:00
Oxuma sayı: 3909