Prezident hökuməti nə vaxt istefaya göndərəcək? –Detallar
Ölçü:


Dünən Azərbaycanda prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən İlham Əliyev etibarlı bülletenlərin 92,2 faizinin nəticələrinə görə, 86.09 % səslə liderdir və onun qələbəsi artıq şübhəsizdir.

Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində – ən geci 25 aprelə qədər – Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Konstitusiya Məhkəməsinin bu qərarından sonrakı 3 gün ərzində isə prezident andiçmə mərasimi keçirəcək. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, İlham Əliyev səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefaya göndəriləcək.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Təxmini hesabla aprel ayının son gününə yuxarıda sadaladığımız vəzifə sahibləri istefaya göndəriləcək.

Hazırda Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə heyətinin üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir.

Məlumat üçün bildirək ki, 2013-cü il 9 oktyabr sonuncu prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi 44 nəfərdən ibarət idi. 4 il ərzində aparılan müxtəlif islahatlar, imzalanan sərəncamlar səbəbindən NK-nin tərkibi azalaraq 42 nəfərə enib.

Bu 4 il ərzində Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzinə Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Həmçinin MTN başçısı Eldar Mahmudov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Nəqliyyat naziri Ziya Məmmədov, Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib/Axar.az.
12.04.2018 11:30:36
Oxuma sayı: 525