General haqqında yazılanlara etiraz edir: “Sabah yazsalar ki..." - MÜSAHİBƏ
Ölçü:


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovun haqqında son günlər haqda ayrı-ayrı saytlarda yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, general Məmmədov Fransaya köçüb və həmin ölkədə 20 milyon avro miqyasında biznes qurub.

Koordinat.az
məşhur general bu və başqa iddialarla bağlı musavat.com-un suallarını cavablandırıb. Generalın kiçik müsahibəsini oxuculara təqdim edir:

-Neçə gündür ki, saytlar sizdən yazır, siz isə susqunluq göstərirsiniz.
- Nə yazırlar ki?! Maşallah, o qədər sayt var ki... Hamısını oxumağa vaxtmı var?...

-Yazırlar ki, Avropaya - Fransaya köçüb, orada 20 milyon avro civarında biznes qurmusunuz, doğrudurmu?
- Xeyir, mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm. Nəinki Fransada, ümumiyyətlə, dünyanın heç bir ölkəsində, hətta doğulduğum Gürcüstanda 1 manat da olsa, sərmayə yatırmaq ağlıma belə gəlməyib. Bir də ki, mən xaricə getmişəm ki, orada da biznes quram?! Bu lap gülməlidir ki!... Xaricə getmək qəbahət deyil. Amma sözlərimin səmimiyyətinə inanın. Bakımız gözəl şəhərdir. Bakı kimi doğma, yaşamalı şəhərmi var?..
Mən bütün varlığımla Azərbaycana bağlıyam. 1988-ci ildə Azərbaycanın ağır günlərində mən Rusiyada öz isti iş yerimi qoyub, bir zabit kimi vətənin harayına gəlmişəm. Və bundan da heç vaxt peşman olmamışam. Əksinə, hər zaman qürur duyuram. Bütün varlığımla Azərbaycanımıza layiqli xidmət edib fayda verməyə çalışmışam. Ölkəmizdə ictimai təhlükəsizliyin qorunmasında, stabilliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin gördüyü danılmaz xidmətlərdə təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim də müəyyən əməyim olub. Azərbaycan dövlətinin varlığı mənim üçün hər şeydir. Və bu dövlət, bu vətən, ulu öndərimiz Heydər Əliyev və bu günkü prezidentimiz İlham Əliyev, mənim xidmətlərimi yüksək qiymətləndirib. Mən Azərbaycan generalıyam. Bundan artıq fəxr olunmalı başqa nə var ki?!

- Cavanşir müəllim, başqa bir məlumat da yazıblar ki, Sabunçu rayonunda “Oba market” və digər obyektlər sizə məxsusdur.
- Bəs bayaq deyirdiniz ki, Parisə köçmüşəm. İndi də Sabunçu?

-İndi də o boyda Parisdən Sabunçudakı hansısa marketəmi qayıtdınız?
Sabah yazsalar ki, “Eyfel” qülləsini də mən almışam, heç təəccüblənmərəm. İnanın, bunların hamısı boş və mənasız uydurmalardır.

- Bəs bu söhbətlər nə ilə əlaqədardır?

-Vallah bilmirəm. Həmişə dedi - qodulardan, yalanlardan, çəkişmələrdən uzaq olmuşam. Və bu sayaq adamlarla əlaqəm olmayıb.
Hazırda təqaüddəyəm. Nəvələrimin təhsili ilə məşğulam. Məni tanıyanlar bilirlər ki, həm də yazı-pozu adamıyam. Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram.
10.04.2018 15:04:59
Oxuma sayı: 808