ReAL qurultayı “Facebook”da keçirdi - hərəkat partiyaya çevrildi
Ölçü:


Qurultayını keçirmək üçün hökumətdən yer ala bilməyən ReAL hərəkatı bu tədbirini qeyri adi formada reallaşdırmalı olub. Belə ki, təşkilat qurultayını virtual qaydada - “Facebook”da keçirib.

Koordinat.az xəbər verir ki, ReAL-çılar bu qeyr-adi addımla həm də təşkilatın siyasi partiyaya çevrildiyini elan ediblər. Respublikaçı Alternativ Partiyasının (ReAl) təsis qurultayında hazırda həbsdə olan İlqar Məmmədov partiyanın sədri seçilib. ReAl-ın icraçı katibi Natiq Cəfərli deyib ki, “Facebook” sosial şəbəkəsində “Qurultay nümayəndələri” qrupu yaradılıb, təsis konfransı virtual olaraq burada keçirilib: “Biz qurultayın keçirilməsinə yer ayrılması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Bakıda fəaliyyət göstərən otellərə müraciət etsək də, müsbət cavab almamışdıq. Ona görə də alternativ variantdan istifadə etdik. Qurultayda 254 qurultay nümayəndəsi iştirak edib. Səsvermə ilə partiyanın təsis olunması və Nizamnaməsi, proqram sənədləri, atributları qəbul olundu. Daha sonra ReAl-ın qərargahında seçki məntəqəsi təşkil olundu, 184 qurultay nümayəndəsi səsvermədə iştirak etdi. Real səsvermə ilə, yəni seçki bülletenlərinin qutuya atılması yolu ilə hazırda həbsdə olan Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov 183 səslə partiyanın sədri seçildi. İlqar Məmmədovdan başqa namizəd yox idi”.

O bildirib ki, qurultayda partiyanın Məclisi də formalaşıb: “Məclisdə 40 yer üçün 61 namizəd vardı. Bütün proses onlayn rejimdə qurultay nümayəndələrinə göstərilirdi. Partiya Məclisinə yerli Məclislərin də sədrləri daxil edilib, bunların sayı 18-dir. Proseslər film kimi çəkilib, bunun da təqdimatı olacaq”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
09.04.2018 10:36:00
Oxuma sayı: 872