Kəlbəcərə bir də gedə bilsəydim...
Ölçü:


Kəramət BÖYÜKÇÖL

Babam deyərdi ki, Kəlbəcərə bir də gedə bilsəydim, adımı yazdığım daşları bir də oxusaydım, güzgü sularında saçımı darasaydım, inanın ki, heç vaxt ölməzdim. Kəlbəcərdə elə bilirəm, küləklər adam olan yerə əsir, yağışlar adam olan yerə yağır, qar adam olan yerə lopa-lopa düşür və mənə elə gəlir ki, biz indi Kəlbəcərdə yoxuq deyə, ora nə yağış yağır, nə külək əsir, nə də qar düşür, hamısı yığışıb Arana gəlib.

Kəlbəcər dağlarında qoyun sürülərimizin arxacını ot basıb, qoyun qalağımız uçub, sacımızın yerləri pozulub, alaçıqlarımızın yerləri itib. Görəsən, indi Arpa çayı neyləyir? Görsəydim, onu bir ovuc yuxarı qaldırardım. Lilbər bulağını görsəydim, dolça kimi başıma çəkərdim.

Atam danışır ki, biz Arandan yaylağa köç edəndə Haramıdan keçib Qubadlını, Cəbrayılı adlayıb, Laçın dağlarına çıxardıq, oradan Çalbayıra, oradan da Kəlbəcərə gələrdik. Arana xəbər gələrdi ki, artıq binə Mıxtökəndədi. Sonra xəbər gələrdi ki, Qara keşişdədi, sonra xəbər gələrdi ki, Minkənddədi, sonra Kəlbəcər, Dəli dağ, Çalbayır, Çalburun və Sarımsağlıdadı.

Köç gedəndə qoyunlar istidən yol getməzdi, bir-birinin qabağını kəsib baş-başa toplaşardılar, elə ki Qubadlıya çatdı, sərin hava sürünün burnuna dəydi, burnunu qaldırıb soyuq havanı içə-içə üzü dağlara çox asanlıqla gedərdi. Dediyim yolla əvvəl yüngül binələrimiz qalxardı, elə ki binələrimiz yurdda toxtadı, çovğun səngidi, hər fermadan bir kişi Arana gələrdi ki, böyük maşınlarda arvad-uşaqları, bir sözlə, ağır evlərimizi, tərəkəmə ləhcəmizdə desəm, ağır-uğurluğumuzu yaylağa qaldırsın.

Yük maşınlarına altda fərməşləri, sonra qab-qacağı yığıb banın yanlarına alaçıqlar tikmək üçün çubuqlar qoyulub bərkidilərdi. Arvad-uşaq da çıxıb oturardı yükün üstündə. Elə ki maşınımız Ağdamı keçdi, elə ki burnumuza dağın sərin havası dəydi, başlayırdı anamız bizi qalın geyindirməyə.

Ağdərəni keçərdik, Qafqaz sıra dağlarının arası ilə maşınımız şütüyərdi. Sol tərəfimizdən Arana doğru bir çay tələsə-tələsə təngnəfəs yüyürərdi. Çay çox lilli gələndə bilərdik ki, dağlara bərk yağır, dağlar qan ağlayır. Asfaltın kənarlarına qoyulmuş qartal, ceyran heykəlləri bizi heyrətləndirərdi. Yol kənarında dəmir lövhələri ucadan oxuyardıq, Qozdu, Vəng adları görəndə sevinirdik ki, yolumuz qısalır.

Anamdan soruşurdum ki, bəs çay nə vaxt dayanacaq? Anam da yalan-gerçək deyərdi ki, çay hardasa dayanır, amma lap uzaqda. Mən elə bilirdim ki, hər şey bizə görə hərəkətdədi, məsələn, ağaclar bizə görə ayağa qalxırlar və bizi görürlər, sonra yoxa çıxırlar.

Ən nəhayət, İstisuya çatardıq, onun yanından Arpa çayını keçib, yeddi dolama ilə Taxtaya qalxardıq. Taxta ayrı aləmdi. Balaca uşaqlar əllərindəki vedrələri o yana, bu yana yelləyə-yelləyə "peraşki" deyə qışqırardılar. İlk dəfə "peraşki" sözünü orda eşitmişəm. Görməmiş kimi peraşkidən o qədər yeyərdik ki, axırda arvadlar bizə acıqlanardı. Başqa rayonlardan gəlmiş yük maşınları da yarım saat əylənərdi burada. Sürücülər əhvallaşardılar. Atam yad kişilərlə salamlaşanda sevinirdim ki, nə qədər adamı tanıyır.

Çadırlarda aşıqlar oxuyardılar. İlk dəfə aşığı - atam deyir - sazı orada görmüşəm. Kişilər düşüb kabab yeməyə gedərdilər. Çörəyin arasında arvad-uşaqlarına da kabab alıb gətirərdilər. Taxtanın başında qurulan çadırlar ən çox istirahətə gələn şəhər adamlarının idi. Şəhər qızları dağa gəzməyə çıxardılar.

Mən yaxşı olmayan əyin-başımdan utanardım. Taxta balaca şəhərcik idi. Açıq havada qoyulmuş stolda hind filmlərinə aid şəkillər satılırdı. Mən ilk dəfə Bobbinin şəklini ordan aldım. Qoyun otaranda şəklə o qədər tamaşa eləyirdim ki, axırda lap əzük-üzük olardı, gecələr döşəyimin altına qoyardım.

Buradan maşınlar ağır-ağır tərpənərdilər. Taxtadan iki yola - Çaxmaqqayaya və Lilpər yaylağına tərəf hündür yoxuşlara maşınlar diklənərdi. Qabaqda Gəlin qayasıdır. Çoxbilmiş arvadlar bu qaya haqqında çoxlu əfsanələr danışardılar. Bağırsaq dərəsinin, Ceyran bulağının yanından keçərdik. Anam bu yerdə Səməd Vurğunun məşhur şeirini oxuyardı:

Aşıq Şəmşir, Dəli dağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni.

Soltan Heydər yoxuşuna çatanda maşınlar Süleyman bulağının başında saxlardılar. Sudan doyunca içərdik. Sonra maşınlar zarıya-zarıya yoxuşu çıxardılar, maşınların nəfəsi təntiyəndə kişilər arxa təkərinin arxasına daş qoyardılar. Maşın həmin daşa dirənib toxtayardı, sonra güc verib dağı qalxardı. Biz maşından düşüb yoxuşu piyada çıxardıq. Çünki maşınların qəza eləmək ehtimalı böyükdü.

Fermaya çatanda itlər bizi qarşılardı, ayağımıza düşüb ayaqqabımızı yalayırdılar. Kişilər bir-birini təbrik edərdilər ki, bəs gözün aydın, arvad gəlib.

Dağda yağış yağanda şimşək çaxar, göy guruldar, ildırım düşərdi. Yalan-gerçək, anam da həmişə deyərdi ki, ildırım Dəli dağa düşür. Ona görə mənim fikrimdə bütün ildırımlar ancaq Dəli dağa düşə bilərdi. Dağ çox hündür idi, bir növ, ildırımötürəndi. Hava açılanda görərdik ki, Dəlidağın başı ağappaqdı, dolu düşüb. Oğrular həmişə qalın dumanla fermamıza yeriyərdi. Fermanı qədim dövrdən çınqılın, dərənin yanında salmazdıq ki, bu oğrular üçün çox əlverişli idi.

Taxtada nalbəndlər yaxşı at nallayırdılar. Atımızı Taxtaya tez-tez nallatmağa aparırdım. Əslində, bu, bahənə idi. Orda doyunca "peraşki", kabab yeyirdim. Bobbinin yeni şəkillərini alırdım. Taxtaya getməmişdən bir gün qabaq şalvarımı döşəyin altında qoyurdum ki, ütülənsin. Taxtadan "Vazlin alıb gətirirdim, üzümüzə vururduq ki, dağ havası yanaqlarımızı cadarlamasın. "Vazelinlər" bizim ilk ətrimizdi. Bobbinin də şəkilləri ilk sevgilimiz. Bobbinin şəkillərindən fermanın qızları yaman utanardılar. Alagöllər, Əyriqar, Pəriçınqılı, Lilpər bulağı ən istəkli sirdaşımız idi.

Bir dəfə Alagöllərə bir maşın saman boşaltdım. On gündən sonra həmin saman Lilpər bulağından gəlib çıxdı. Lilpərlə Alagöllərin arası on kilometr olardı.

Minkəndə qoyun satmağa gedərdik. Həmişə də aldanıb, qoyunu ucuz verərdik. Qaranlıq dərəyə baxmaqdan doymazdım. Dibi çox qaranlıq idi, içindən lent kimi nazik bir çay axırdı. Suyu da bumbuz. Ortasındakı bir yekə qayanın içindən nazik bir su şırnağı fontan kimi vururdu, amma suyu qaynar idi. Deyirdilər ki, bu, Kəlbəcər İstisuyunun nazik bir damarıdı. Qaranlıq dərədə dağkeçisi ovlayardıq. Amma keçi sıldırımdan elə düşərdi ki, bir tikəsi ələ gəlməzdi. Baldırxan, quzuqulağı, yemlik, göbələk yığmaq bizim üçün ilk məhəbbət idi.

Kəlbəcərdən - Taxtadan iki yol ayrılır, biri Soltan Heydər yoxuşunu qalxıb Lilbər bulağına, o biri Qaraxaş yoxuşunu çıxıb Çaxmaqqayaya, Murad təpəsinə, Cermığa, Quşçupiləyə gedir. Biz bir ildən-bir yurdumuzu dəyişirdik. Gah Murad təpəsinə gedirdik, gah da Çalbayıra. O baxırdı, haradan yer almağımıza. Murad təpəsinin düz başında bir daşa adımı yazmışam, görəsən, o ad indi dururmu?

Cermuxun işıqları gecələr evimizə düşərdi. Çıraq yandırmağa ehtiyac olmazdı. Erməni çobanları bizimlə yanaşı qoyun otarırdı. Onların belində həmişə tapança olurdu.

Atam deyir, Kəlbəcər heç vaxt yadımdan çıxmır. Kəlbəcəri yaddan çıxarmaq ölmək deməkdir. O, hələ də düşünür ki, görəsən, Dəlidağa yenə ildırım düşürmü? Biz Arana enəndə dağlar qaş-qabağını sallardı. Görəsən, yenə elədirmi? Çalburunun, Çalbayırın eyni açılırmı heç? Və bir də mən bir şeyi hələ də anlaya bilmirəm: görəsən, niyə Bobbinin şəkli dağlarda gözəl görünürdü, amma Aranda yox?"
04.04.2018 12:12:49
Oxuma sayı: 819