25 il əvvəl… - Kəlbəcərli məcburi köçkünün ağrılı xatirələri - II hissə
Ölçü:


Yusif SALAHOV

I hissə burada: http://koordinat.az/meqale.php?id=4438


 Səhər saat 7-də qağam, nənəm, Tavat bibim, Bağdad xala və başqa yaşlı, əlil, xəstə, uşaqlar Firidunun Qaz-53 maşınına yığılmış yorğan-döşəyin üstündə oturdular. Biz də evdən onlara soyuqdan qorunmaq üçün odeal, palto kimi örtük və geyim şeyləri gətirib verdik, belə bir vəziyyətdə onları əsas maşın yolu ilə Bərdəyə yola saldıq. Mən onda hələ bilmirdim ki, Tunel ermənilər tərəfindən tutulub, yola saldığım valideynlərimi mən kənddən piyada dağ yolu ilə gedəndən sonra kəndə qaytaracaqlar.

Qağamgili kəndin aşağı hissəsindən ATS-in qabağından yola salıb evə qayıdırdım. Hacı əminin evi ilə İbrahim əminin evinin arasında dərəmizdə  tanımadığım, yerdə oturmuş, əlində çəlik olan 75-80 yaşında əlil kişi bərk ağlayırdı. "Əmi, niyə burada durmusan? Niyə  ağlayırsan?" - deyə, soruşdum. Təklif etdim ki, dur gedək evə, çörək yeyək. Çünki evdə məni gözləyirdilər ki, qağamgili yola salıb qayıdım, çörək yeyib Ağcaqıza doğru yola düşək.
Yaşlı kişi cavab verdi:
-Ay oğul, neynirsən, dərdim özümə bəsdir.

Nə qədər dedim kişi evə getmədi və dedi ki, mən elə burada qalacağam, daha gedə bilmirəm. Tanıyanlar dedilər ki, bu kişi Taxtabaşı kəndindən gəlib ki, Ağcaqızdan Kəlbəcərə getsin. Sırağa gün (martın 30-da) nəvəsi Mehmanı ermənilər vurublar. Başa düşdüm ki, bu kişi Camal əminin qaynatası Hüseyn kişidir.  Nə qədər elədim, evə getmədi, elə orada ağlaya-ağlaya qaldı. Sonralar onu ermənilər aprelin 18-də Başlıbelin Mədəniyyət Evinin foyesində yandırmışlar (Başlıbeldə qalmış şahidlərin dediyindən).

Evə gəldim, axırıncı dəfə evimizdə süfrəyə oturduq. Əlbəttə, mən bunun axırıncı olduğunu bilmirdim. Müvəqqəti getdiyimizi düşünürdüm. Amma fikirləşirdim ki, geri qayıtmağımız 10-15 gün çəkər, onda mal-qoyun damda ac qala bilməz. Əvvəl malların boyun iplərini və zəncirlərini açdım ki, sərbəst hərəkət edə bilsinlər, buzovları açıb inəklərin yanına buraxdım, sonra damın qapısını açıb açıq qoydum ki, mallar və qoyunlar istədiyi vaxt çölə-çıxıb, dama qayıda bilsinlər. Evimizin həyətində ot tayası var idi. Mayın ortalarına qədər mal quru ot yediyi üçün tayada hələ xeyli ot var idi. Düşünürdüm ki, mən qayıdıb gələnə qədər mal-qoyun sərbəst olaraq, damdan çıxıb, tayada ot yeyib qayıdıb tövlədə yatacaqlar. Atları isə qağam səhər tezdən açıb güneyə buraxmışdı. 4 atımız var idi. Atları minib getmək variantını heç düşünmədik. Ona görə ki, atlar arıq idi, “Ağcaqızın yalı”nda tardan keçə bilməzdi, həm də  Kəlbəcərdən, uzağı Qılınclıdan maşınla gedəcəyəmizi düşünürdük. Bəs, orada atları neyləyəcəkdik?  Murovu piyada aşa bilmək barədə söhbət gedə bilməzdi. Kimə desən, deyərdi ki, axmaq olma, Murovu mayın ortasına qədər keçmək olmaz. Dəfələrlə evdən tövləyə, tövlədən evə getdim, elə bil ki,  mallarımızdan ayrılmaq istəmirdim, onlara yazığım gəlirdi. Mən hər gün tövləyə gedəndə, ot verəndə inəkləri sığallayırdım. Ona görə də mal-qara mənə öyrəşmişdi, yaxına gedən kimi başını mənə tərəf uzadırdı ki, sığallayım. Qoyunların arakəsməsinin qapısını da açıq qoydum ki, çölə çıxa bilsinlər.

Saat 8 radələrində yoldaşım, Afət və Altayla evdən çıxdıq. Kəndi yuxarı hissəsinə doğru camaat dəstə-dəstə gedirdi. Çovdar, Şahkərəm, Xallanlı, Alırzalar və digər aşağı kəndlərin camaatı atlı vəziyyətdə dünəndən, hətta bir çoxu sırağagün gəlib Ağcaqız istiqamətinə getmişdilər. Məscidin yanına çatanda yadıma düşdü ki, itimiz bağlı qalıb. Geri qayıtdım, iti açıb buraxdım. Gördüm ki, əmim oğlu Əmrah öz həyətlərindədir. Dedim, Əmrah hamı getdi, nə gözləyirsən, gəl gedək. Dedi ki, siz gedin, mən getməyəcəyəm. Dedim,niyə? Dedi ki, mən bu qədər mal-qoyunu necə tərgidib gedim? Dedim, bəs bu qədər xalq niyə tərgidib gedir, sən qoçaqsan,  ya ağıllısan? Əgər sən burada qalsan, sabah sənin başına iş gəlsə, onda sənin ana-bacın və qardaşların o malı neyləyirlər, düş qabağıma gedək, səni burada qoymaram. Qalsaq hamımız qalardıq, getsək hamımız getməliyik. Əmrah dedi ki, yaxşı, sən get, mən bir də qapı-bacaya baxım, dalınca gəlirəm. Dedim Əmrah, gəl cığallıq eləmə, mən sənsiz getməyəcəyəm. Dedi yox, arxayın ol, gələcəyəm. Amma piyada gedə bilmərəm, atları isə açıb güneyə buraxmışam. Gedim atları gətirim, minib arxanızca gəlirəm. Siz Ağcaqıza çatmamış mən arxadan sizə çatacağam. Razılaşdım.

Nə biləydim ki, Allah Əmrahı ona görə burada saxlayır ki, qağam, nənəm, bibim, mamam  kəndə qayıdandan sonra Əmrah onları ata mindirib, Xanlara qədər gətirər. Ona görə bu gün Əmrahın başı bütün nəslimizin qarşısında ucadır.

Kəndin yuxarısında Altaygilə çatdım. Camaat əsas maşın yolu ilə yox, kəsə - “Başlıbel binəsi” yolu ilə çıxıb yoxuşla Ağcaqız istiqamətinə gedirdi. Çünki quzey yol qalın qar idi. Biz də güney yolu ilə cığırla gedirdik. “Başlıbel binəsi”ni keçib “Çayqovuşan”dakı binələrin bərabərinə çatanda aşağıda Qədim dayının qoyun otardığını gördüm. Çox çağırdım, axırda cavab verdi. Dedim Qədim dayı, gəl gedək, camaat hamı gedir. Dedi ki, bəs mən kolxozun bu qədər qoyununu kimin ümidinə qoyub gedim?! Mən gedə bilmərəm,  Mayaxanım nənə evdə xəstədir, onu da qoyub gedə bilmərəm, siz gedin, siz gələnə qədər mən sizin də mallara baxaram.

“Ağcaqızın yalı”na çatanda gördüm camaat toplaşıb, yaxınlaşanda dedilər ki, zirvədən keçidin Qaraçanlı tərəfində qalın və bərkimiş qar yığını (tar) var, keçmək çox çətindir, 20-25 metr enində yalbeli qar zolağıdır, adamlar bir-bir keçir. Kimin əlində ağac var idisə o, ağacın köməkliyi ilə keçir,keçəndən sonra ağacı geridəkinə tullayırdı, belə tardan keçirdilər. Sonrakı qrup gələndə əlində ağac olan adam axtarırdılar. Kənddə heç də hamı əl ağacı götürməmişdi. Nisbətən yaşlı və təcrübəli adamlar evdən çıxanda əllərinə ağac götürürlər. Mən tardan keçməyə bəzi ehtiyacı olanlara kömək elədim.Bu zaman atının üstünə 2 rulon gəbə yükləyib, üstünə minmiş İsmayıl əmi gəlib bizə çatdı, atdan düşdü, nə qədər cilovdan çəkdi, at tarın üstünə çıxmadı. Mən köməyə gəldim, atın cilovunu aldım, İsmayıl əmi arxadan atı qamçıladı, mən çəkdim, at qarın üstünə çıxdı və sürətlə qarın o tayına tərəf sıçradı. Otadan keçəndə arxa ayaqları sürüşdü, amma mən cilovu bərk çəkdim, at növbəti dəfə arxa ayağını irəli atanda ayağı qara batdı, at bundan istifadə edib, bir də irəli sıçradı və qar arxada qaldı.

Xatırladım ki, Mirzəyev İsmayıl Sarı oğlu Böyük Vətən Müharibəsində T-34 tank komandiri olub. Həmişə deyirdi ki, Azərbaycan Ordusu hücuma keçib erməniləri birdəfəlik  susdurmalıdır. Bu məsələnin uzanmasının axırı pis olacaq.    

“Ağcaqızın yalı”na çıxanda qarşımızda başqa mənzərə yarandı. Zar, Zəylik, Kəlbəcər istiqamətindən top atəşlərinin səsi ara vermirdi. Biz Başlıbel tərəfdə o üzdə bu səsləri eşitməmişdik. Atəş səsinin intensivliyindən, döyüş silahlarının səslərinin ayrıd edilməsindən başa düşdüm ki, vəziyyət indiyə kimi təsəvvür etdiyimdən daha ciddidir.  Orada başa düşdüm ki, biz Başlıbelə ancaq Azərbaycan Ordusunun düşmən üzərində qələbəsindən sonra qayıda biləcəyik. Onu da 25 ildir gözləyirik.

Dağın Qaraçanlı üzü yolun hər yeri qar idi, amma eniş olduğu üçün getmək nisbətən asan idi. Altay da daha özü yeriyə bilirdi. “Başlıbel binəsi” yolu yoxuş olduğu üçün Altay yorulmuşdu, ona görə də anası onu qucağına götürürdü, bəzən mən götürürdüm. Bir saat keçmədi ki, Orta Qaraçanlını keçib dərənin içində olan turş suya çatdıq. Su içirdik ki, bir boş ZİL-131 yanımızdan üzü yuxarı Baş Qaraçanlıya tərəf keçdi. Dedilər ki, geridə qalan adamları götürməyə  gedir. 15-20 dəqiqə sonra ZİL-131 üstü adamlarla dolu halda geri qayıtdı. Gördüm ki, mamam nəvəsi Ədalət maşının padnoşkasında durub. Dedi ki, Altayı ver. Mən Altayı  Ədalətə verdim, o da Altayı maşının kabinəsində oturmuş Əzimov Kamalın qucağında oturtdu. O, “Qılınclıda ordu qərərgahında sizi gözləyəcəyik. Amma Kəlbəcərə çıxmayın, şəhər intensiv atəşə tutulur. Camaatın qalanı qaçıb Kəlbəcərin altındakı kahada toplaşıb” – deyə, söylədi.

Mən bilmirəm ki, Ədalət bu məlumatları haradan bilirdi. Yəqin maşını sürən əsgər demişdi.  Altay gedəndən sonra baxıb gördüm ki, onun kurtkası anasının əlində qalıb. Biz Əhməd oğlunun Şamında İstisu yoluna çıxdıq və Tərtər çayı aşağı yol ilə getdikcə “Qrad” atəşlərinin səsi intensivləşirdi. Vertolyotlar bir-birinin ardınca Kəlbəcərin “Yuxarı düz” hissəsinə enib, tez də qalxırdı. Birdən  adamlar çığırdılar, ora bax, ora bax, vurdular. Baxıb gördüm ki, qalxan vertolyotun pərindən biri qırıldı, vertalyot  Boyaqlı kəndinə tərəf  Tərtər çayı istiqamətinə enib, gözdən itdi. Sonradan bizə məlum oldu ki, həmin vertolyotda Başlıbel kəndinin çox hörmətli ağsaqqalı, 1955-1965-ci illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri işləmiş, Başlıbelə maşın yolu çəkdirmiş, Tuneli vurdurmuş Bağırov Həsən ağır yaralanmış, qıçı sınmış, bir neçə gündən sonra Xanlarda vəfat etmişdir. Həmin vertolyotda Kəlbəcərdə yaşayan Başlıbel kənd sakini Güləbətin xala da şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Aprelin 1-də təxminən saat 16 radələrində  Başlıbeldən Qılınclı kəndinədək olan 31 km yolu başa vurub ordu qərargahına çatdıq...
 
( Ardı var)


02.04.2018 22:13:00
Oxuma sayı: 3667