25 il əvvəl… - Kəlbəcərli məcburi köçkünün ağrılı xatirələri
Ölçü:


Yusif SALAHOV


Bu gün səhər saat  04:15-də yuxudan oyandım. Həyətə çıxıb həmişəki kimi, ətrafa göz gəzdirdikdən sonar yatağıma qayıdaraq, yatmaq istədim. Amma nəsə narahat idim. Bu narahatlığın səbəbi barədə xeli düşündüm. Yadıma düşdü… Axı, bu gün aprelin 1-dir!

25 il əvvəl bu gün doğma Başlıbeldə keçirdiyim hisslər, həyacanlar... Atam ,anam, 12 yaşlı qızım Afət və 9 yaşlı oğlum Altay hələ yuxudan oyanmamışdılar. Həyat yoldaşımla özüm yola hazırlaşırdıq. Bu cür yola hazırlaşmaq ilk  dəfə idi. İndiyə kimi çox səfərlərə hazırlaşmışdıq - Şuşaya, Bakıya gedəndə. Amma budəfəki yol tədarükü çox çətin idi. Bu dəfə evimizdən qeyri-müəyyən müddətə çıxmağa hazırlaşırdıq. Yola isə ancaq ərzaq götürmək lazım idi. Çünki dağ yolu ilə qarlı Ağcaqız aşırımından keçərək, azı 23 km Kəlbəcərə kimi, bəlkə də artıq yol getməli idik.
     
Niyə 25 il sonara bu hadisələri yazmaq qərarına gəldim?

Biz Başlıbeli tərk edəndə qağamın 63, nənəmin 59, mənim isə  38 yaşım vardı.
İndi mənim 63 yaşım var.  Anam Salahova Sənəm 2004-cü ildə 70 yaşında, atam Salahov Sadıq 2009-cu ildə 79 yaşında haqq dünyasına qovuşmuşlar. Bu 25 il ərzində Başlıbel kənd sakinlərindən 300 nəfərə yaxın şəxs dünyasını dəyişib. Onlar məşəqqətli və alçaldıcı məcburi köçkün həyatına tab gətirməyərək və torpaqlarımızın azad edilməsi uğrunda dövlət orqanlarında işləyən səlahiyyət sahiblərinin hərbi, maddi və mənəvi ehtiyatlardan kifayət qədər istifadə etmədiyi, bu vəziyyətdən öz mənafeləri üçün istifadə etdiklərinə dözməyərək, bir çoxu vaxtından əvvəl dünyasını dəyişdilər. Allah onların hamısına və şəhidlərimizə rəhmət eləsin!

Əziz oxucu, mən bu yazıda “məcburi köçkün” termini işlətməyəcəyəm. Məgər biz köçürülmüşük? Bizlərdən kim və hansı maşınla gəlib? Hansı dövlət orqanı bizi hansı nəqliyyatla köçürüb? Bu gün mənim evimdə Başlıbeldəki evimizdən gələn əmlak bir ədəd xörək qaşığından ibarətdir. Həmin xörək qaşığını həyat yoldaşım Başlıbeldəki evimizdən içərisinə çörək, pendir, nehrə yağı, soyutma yumurta, soyutma kartof  əlində Xanlara qədər gətirdiyi zənbilin içərisinə qoymuşdu ki, yolda lazım olar. Bu günə qədər mən ancaq həmin qaşıqla xörək yeyirəm. Övladlarım ona “atamın qaşığı” deyir. Bir də atamın Başlıbeldəki məhləmizdən əlinə götürüb gətirdiyi gərməşov əl ağacı. Atam mənə vəsiyyət edəndə dedi ki, bala, Başlıbelə qayıdanda bu əl ağacını aparıb məhləmizə qoyarsan. Görəsən, mən bu vəsiyyəti yerinə yetirə biləcəyəmmi?

Başlıbel əhalisindən heç kim bir dəst də yorğan-döşək gətirə bilməmişdir. Ona görə ki, bizim səhər saat 7-də yola saldığımız yük maşınları, biz dağ yolu gedəndən sonara, Tunelin ermənilər tərəfindən tutulduğunu Zülfüqarlı kəndinə çatdıqda bizim “Belorus” traktorunu sürən qaynım Mirzəyev Bəhlul hərbçilərdən öyrənmiş, geri qayıdaraq, Zülfüqarlıdakı İstisuyun yanında ona qarşı gələn digər Başlıbel sürücülərinə bildirmişdir. Onlar Başlıbelə qayıdaraq, saat 10 radələrində yük avtomaşınlarını Ağcaqız yaylağına yaxın Çayqovuşan binəsinə qədər aparmış, orada maşınların üstündə olan qoca, əlil, xəstə, qadın və uşaqlar köməksiz bir vəziyyətdə dağ yolu ilə piyada Kəlbəcər istiqamətində yol getmişlər. Getmək imkanı olmayanlar isə geri, Başlıbelə evlərinə qayıtmışlar.

Mən bu hadisələri yazmalıyam. Biz bu hadisələri daha geniş yazmalıyıq. Çünki fərdi olaraq, hərə bir cür məşəqqətlə qaçqın olmuşdur. Bunu məşəqqətli qaçqın vəziyyətinə, dədə-baba yurd yerlərinin işğal edilməsinə,ata-babalarının tikib qoyub getdiyi dam-daşın, özlərinin qazandıqları mal-qara və s.əmlakın yağmalanmasına, onların özlərinin və əmlaklarının təhlükəsizliyini qorumalı olan dövlətin vəzifəlilərinin xəyanətinə dözə bilməyib haqq dünyasına qovuşan Başlıbel sakinlərinin ruhu tələb edir. Bunu mənim atamın və anamın ruhu tələb edir. Bunu mənim də atam kimi doğma Başlıbeli bir daha görmədən ölmək qorxusu tələb edir. Mən ölümdən qorxmuram, Sovet Ordusunun motoatıcı zabiti kimi ölümdən qorxmamağı Xabarovsk və Amur vilayətlərində hərbi xidmət zamanı öyrənmişəm, Bu, Suvorov hərbi təlimidir. Amma mən bir daha Başlıbeli görmədən ölməkdən qorxuram. Bunu bizim qaçqın olmağımızdan öz mənafeləri üçün istifadə edən cinayətkar vəzifəlilərə cavab vermək zərurəti tələb edir. Bunu torpaqlarımıza qayıtmaq üçün mübarizə əzmi tələb edir.

Lənət olsun 1993-cü il 01 apreldə bizi aldadaraq, öz isti ocağımızdan, evimizdən  baş götürüb çıxmağa təhrik edən, dövlətimizin ona etibar edərək verdiyi vəzifə borcunu  yerinə yetirməyərək,xalqa xəyanət edənlərə.

Lənət olsun özünü “müxalifət” adlandıraraq, dövlət orqanlarına öz dövlət vəzifəsini yerinə yetirməyə mane olanlara, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə şərait yaradanlara.  

Min lənət!!!

25 il bir igidin ömrüdür. Bu il Kəlbəcərdə doğulan erməni dığasının 25 yaşı tamam olur. Azərbaycan Respublikası  düşməni işğala son qoymağa məcbur etməlidir. Sülh yolu üçün ayrılan vaxt bitib.BMT qətnamələri yerinə yetirilməlidir.
                                               
                                Biz necə qaçqın olduq?

1993-cü il martın 31-də axşam saat 19-dək Başlıbeldə hələ biz kəndi tərk etmək barədə düşünmürdük. Kənddən ancaq müvəqqəti getmək barədə evdə məsləhətləşirdik. Keçən il Laçın rayonunun əhalisi köçən zaman Başlıbeldən də bəzi ailələr 10-15 gün müddətinə aşağı rayonlara qohumlarının yanına gedib, sonra qayıtmışdılar. Onda biz heç yerə getmədik. Bu il də belə ola biləcəyini istisna etmirdik. Amma Başlıbeli birdəfəlik tərk edəcəyimizi, Kəlbəcər rayonunun işğal edilə biləcəyini düşünmür, bunu istisna edirdik. Ona görə ki, mərkəzi və yerli dövlət orqanları camaatı həmişə sakit olmağa, provakasiyaya uymamağa çağırırdılar. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Muxtarov Nuşirəvan Qoca oğlu və rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd icra nümayəndəsi onun böyük qardaşı Muxtarov Rafiq Qoca oğlu daim camaatı sakitliyə çağırır və dövlətin ciddi hərbi tədbirlər görəcəyinə əmin edirdilər. Hətta mən bəzi kənd fəalları ilə birlikdə ermənilərin son hücumları zamanı Kəlbəcər rayonu üçün təhlükə yarandığı, düşmənə qarşı daha ciddi hərbi tədbirlər görmək lazım olduğu barədə Başlıbel Kənd Rabitə Şöbəsinin müdiri Səfər əmi vasitəsilə Prezident Əbülfəz Elçibəyə teleqram vuranda, məni panika yaymaqda günahlandıranlar oldu. Amma rəhmətlik Səfər əminin köməyi ilə mən bu teleqramı vurdum.
 
Martın 31-də axşama qədər ATS-ə gedib-gəlir, orada rayon mərkəzi ilə əlaqə saxlanılan yeganə telefonla rayona hərbi kömək gəlib-gəlmədiyi barədə öyrənməyə çalışırdım. Bu məqsədlə Kəlbəcərdə yaşayan və rayon qəzetində - “Yenilik”də hərbi müxbir vəzifəsində işləyən qardaşım Oqtayla hər saat telefon əlaqəsi saxlayırdım. Saat 19-da ATS-də olarkən Rafiqin Nuşirəvanla telefon danışığının şahidi olduq. Nuşirəvan qardaşına  dedi ki, uşaqlarını da götür, təcili kənddən çıx, ermənilər artıq Kəlbəcəri tutur. Kənd camaatı Nuşirəvanın bu sözünü dövlət səviyyəsində kəndi tərk etmək qərarı kimi qəbul etdi. Sonra telefonu mən götürdüm və Kəlbəcərdə yaşayan qardaşım Oqtayla danışdım. Oqtay ”Kəlbəcərdən camaatın çoxu çıxıb, deyilənə görə sabah ermənilər Kəlbəcərə girəcəklər, çətin ki, Başlıbel camaatı çıxa bilə. Biz səhər tezdən Kəlbəcərdən çıxacağıq.Siz də Başlıbeldən çıxın, evdə heç kim qalmasın” - deyərək ağladı.

ATS-dən evə gəldim, dedim ki, qağa, heç birimiz evdə qalmayacağıq. Vəziyyət ciddiləşib, rayondan xəbər gəldi ki, ermənilər Kəlbəcəri tutacaqlar. Qağam dedi: “Sən ali təhsilli, dünyagörmüş adam kimi buna necə inanırsan? Dərəbəylik deyil, Azərbaycan dövləti var, beynəlxalq qanunlar var, Ermənistan Azərbaycanın  dövlət sərhədini poza bilməz. Siz gedin, mən qalım evdə, dama-daşa baxım, mal-qoyunu yiyəsiz qoyub necə gedək?!…Mən israr etdim: “Heç birimiz qalmayacağıq, vəziyyət dəyişib, gündüz dediyim fikri geri götürürəm, mən də qalmıram, hamımız gedəcəyik”.
Beş-altı saat əvvəl qağam deyəndə ki, siz gedin, mən qalım mal-qaranın yanında, söyləmişdim ki, özüm qalacağam evdə, sən nənəmgili götür apar  Bərdəyə bacım Natiqəgilə…

Evdə yola hazırlaşmaq göstərişini verib bacım Rəxşəndəgilə gəldim.Onlara da Rafiqlə Nuşirəvanın telefon danışığı barədə məlumat verdim,Oqtayla danışdığımı,səhər tezdən çıxmaq üçün hazırlaşmaq lazım olduğunu dedim. Hamı məndən vəziyyəti soruşurdu. Camaat hət şeydən məlumatsız idi. ATS-də olan tək telefonu biri qoyub o biri götürürdü. Hər kəs Kəlbəcərdəki qohum-qardaş evinə zəng vuraraq, yeni məlumat almağa çalışırdı. Hətta xalam oğlu Kərim 031 kodu ilə Bakıya - rəhmətlik Kərəmgilin evinə zəng vurdu, Bakıda dedilər ki, biz Kəlbəcərdəki vəziyyət barədə bilmirik, televizorda heç bir məlumat verilmir. Kənddə 24 yanvar 1992-ci il tarixdən elektrik kəsilmişdi.O vaxtdan televizorlar işləmirdi. Yalnız batereya ilə işləyən radiolar vasitəsi ilə məlumat ala bilirdik. Radioda ermənilərin Kəlbəcəri işğal edə bilməsi ehtimalı olmadığı hər gün deyilirdi.

Bir sözlə, Başlıbelin Azərbaycan Respublikasının dövləti səviyyəsində köçürülməsi məsələsindən danışmaq olmaz. Biz dövlətimiz tərəfindən taleyin ixtiyarına buraxılmışdıq. Ona görə də 500 nömrəlik ATS-də yalnız  bir telefonu ATS-in mühəndisi Hüseyn  akkumulyatorla  işlədirdi. Məlumat mənbəyimiz yalnız ATS-dəki həmin telefon idi. Hər kəs rayondan öyrəndiyi məlumatı camaata çatdırırdı. Biz dövlətdən kömək və ümid məlumatları gözləyirdik. Amma təəssüf ki, rayondan dəhşətli xəbərlər gəldi. Kənddən çıxmalı idik.

Rəxşəndəgildən Mirzə  dayıgilə gəldim. Mirzə dayı ilə necə hazırlaşmağı, hara və necə getməyi məsləhətləşdik. Mirzə dayı məsləhət gördü ki, Bəhlul bizim “Belorus” trakroruna kolxozun lafetini qoşub, evlərimizdən bizim və qohum-qardaşın  yatacaq ləvazimarı və paltarlarını  Murov yolu ilə Bərdəyə aparsın. Çünki Mardakert yolu 1992-ci ilin dekabrından bağlanmışdı. Calal isə öz işlətdiyi QAZ-53 maşınına  camaatın yorğan-döşəyini yığıb, üstünə ailə üzvlərimizi oturdub Bərdəyə aparsın. Bəhlul dedi ki, ”Belorus” un sürəti aşağı olduğu üçün səhər saat 5-də çıxacağam ki, Murovu gündüz aşa bilim. Razılaşdıq. Calal və Firudin isə səhər saat 7-də çıxacaqdı. Firudin  zavoddan təzəcə gətirmiş olduğu QAZ-53 markalı avtomaşında özünün, qardaş-bacılarının, mamalarının evlərindən yorğan-döşək yığıb, onları və başqa ehtiyacı olanları öz maşınında Bərdəyə aparmalı idi.

Mirzə dayıgildən evimizə gələndə yolüstü ATS-ə döndüm. Camaat necə getməyi məsləhətləşirdi. Mən də bu məsləhətləşmədə iştirak etdim. Belə qərara aldıq ki, kənddə olan yük maşınlarına hər ailəyə bir dəst yorğan-döşək qoymaq şərtilə qoca, əlil, xəstə və yeriyə bilməyən uşaqlar yük maşınlarında yorğan-döşəyin üstündə otursunlar. Yeriyə bilən hər kəs öz ailəsi və uşağını götürüb, dağ yolu ilə Kəlbəcərə gedək.

Beləliklə, kənddə olan yük maşınlarının və kənd əhalisindən qoca, xəstə, əlil, uşaq - bir sözlə piyada yeriyərək, Ağcaqız yaylağından piyada keçmək imkanı olmayan şəxslərin siyahısını tutduq, hər ailəni ona münasib (qohum və s.) olan yük maşınına yazdıq. Hər yük maşınında yorğan-döşəyin üstündə oturmalı  olanların sayı 42-yə çatdı. Bu bölgünü sürücülərə payladıq. Əlbəttə, bu bölgüyə əməl edənlər də oldu, etməyənlər də. Qalan əhali isə Ağcaqız yaylağından (Dəlidağ silsiləsinin bir qoludur. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə aşırım.) piyada keçərək, Baş Qaraçanlı, Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Əhməd Oğlunun Şamı kəndlərindən keçərək, Kəlbəcərə və ya Aşağı Qılınclı kəndinə ordu qərargahına getməli idik. Kəlbəcərə çıxanlar vertolyotla, Aşağı Qılınclıya gedənlər isə avtobus və yük maşınlarının üstündə Murov yolu ilə Xanlara getməli idik.

Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Başlıbel kəndi üzrə nümayəndəsi Rafiq Muxtarov ATS-in qarşısında demişdi ki, Kəlbəcərdən vertolyotlar, Qılınclı kəndindəki hərbi hissədən isə avtobuslar camaatı daşıyır. Ora qədər isə piyada getmək lazımdır. Buna görə də biz Başlıbeldən dağ yolu ilə Kəlbəcərə qədər 23 km, Kəlbəcərdən Aşağı Qılınclıya qədər 8 km, cəmi 31 km piyada yol getməli idik.

Bu, çox çətin bir yol idi. “Ağcaqızın yalı” adlanan aşırıma qədər olan 14 km Başlıbel çayı yuxarı və Ağcaqız yaylağı ərazisində yoxuş, “Ağcaqızın yalı”nın Qaraçanlı yamacı 1-2 metr qalınlığında, eni isə 15-20 metr olan, xalq arasında “tar” adlandırılan bərkimiş qar zolağı var idi. Tar zolağını keçmək çox təhlükəli idi. Həmin zolaqdan keçən zaman Başlıbeldən bir neçə nəfərin atı və ya ulağı yüklü halda sürüşərək, uçuruma yuvarlanmışdır. Bunu mən sonradan öyrəndim. Mənim yanımda isə İsmayıl əminin atı sürüşdü, amma camaatla köməkləşib, çətinliklə keçirə bildik.Həmin tar zolağını keçdikdən sonar sıldırım enişlərlə Kəlbəcərə 9 km getmək lazım idi.

Səhər saat 5-dən camaat arasında hərəkətlilik artdı, elə bil, bütün kənd əhalisi ayaq üstündə idi. Hər yerdən səs-küy, çağırmaq, haray səsi gəlirdi. Bu vəziyyəti ətraflı təsvir etmək mümkün deyildir. Çünki həmin gün Başlıbeldən getməli olan adamların sayı 3000 nəfərə yaxın idi. Hər kəsin öz taleyi, bu hadisələrə isə öz baxışı var idi. Mən də bir Başlıbel sakini və fərd olaraq, bu hadisələrə öz münasibətimi bildirmək, öz baxışlarımı əks etdirmək istəyirəm.

Saat 5-dən sonara Sürəyya mamamgilə getdim. Həmişə hər işi məsləhətləşdiyim, mamaoğlu yox, özümə böyük qardaş kimi qəbul etdiyim,”qağa” deyə müraciət etdiyimiz, kəndimizin başbilənlərindən olan Məhiyəddin müəllimlə məsləhətləşmək, hara və necə getmək, nə götürmək məsələlərini müzakirə etmək üçün. Dedi ki, qağa, camaat necə, biz də elə, biz ailəlikcə yük maşınının üstünə oturub camaatla gedəcəyik. Ədalət, Seymur və Aqil isə piyada gedəcəklər. Mən dedim ki, qağa, biz hamımız, Calalın və ya Firudinin maşının üstündə oturub gedə bilərik, amma axşam ATS-də danışmışıq ki, yük maşınlarının üstünə ancaq xəstə, əlil, qoca və yeriyə bilməyən uşaqlar oturacaq. Yeriyə bilən adamlar isə dağ yolu ilə piyada gedəcəyik.
   
Mamamgildən qayıdıb gələndən sonar əmim oğlanları Yavər və Əmrahla necə getmək barədə danışdıq. Tavat bibim, gəlinləri Gülnaz və Nuridə uşaqlarla yük maşınının üstündə gedəcəkdilər. Xasay, Yavər və Əmrah isə piyada dağ yolu ilə camaatla getməli idilər. Bacım Sevdagil isə Ziyəddinin kolxoza məxsus olan, onun idarə etdiyi QAZ-52 avtomaşını ilə getməli idilər.

(Ardı var...)
 
01.04.2018 18:41:00
Oxuma sayı: 988