Kəlbəcərin işğalı: "Nəcməddin Sadıkov birinci günahkardır ki, mövqeləri o verdi ermənilərə"  - mərhum generalla Elçibəyin ANS-də tarixi dialoqu - VİDEO
Ölçü:


İndiyədək Kəlbəcərin işğalının səbəbləri barədə çox danışılıb, əsas günahkarların adları zaman-zaman ictimaiyyətə elan edilib. Günahkarlar arasında hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıkovun adı daha çox çəkilir. 2000-ci ildə ANS TV-də yayımlanan “Ən yeni tarix” tolk-şousunda işğaldan əvvəl Kəlbəcərdən Laçına göndərilən general Zaur Rzayev (o, 2010-cu ildə  72 yaşında dünyasını dəyişib) Kəlbəcərin düşmənə təslim edilməsində Nəcməddin Sadıkovun birbaşa günahkar olduğunu söyləmişdi. Mərhum general həmin açıqlamasında Nəcməddin Sadıkovla yanaşı Etibar Məmmədov və Rəhim Qaziyevi də satqınçılıqda günahlandırmışdı.

Koordinat.az
xatırladır ki, həmin verilişdə mərhum eks-prezident Əbülfəz Elçibəy də iştirak edirdi. Elçibəy mərhum generalın Kəlbəcərin müdafiəsiz vəziyyətdə qoyulmasına görə Əbülfəz Elçibəyi də günahlandırdı.

Mərhum generalın həmin açıqlamasının mətnini və videosunu oxuculara təqdim edirik:
-1992-ci il aprelin 19-da sərəncam aldım ki, Kəlbəcərə gedəcəyəm. Onda Baş Qərargah rəisi Çahin Musayev idi. Mən dedim ki, mənim briqadam Laçın-Şuşa istiqamətində getməlidir. O isə dedi ki, yox, biz məsləhət görmüşük ki, sizi Kəlbəcərə göndərək. Mən də getdim. Baxmayaraq ki, Kəbəcəri tanımırdım. Nəhayət, gəldim Kəlbəcərə. Onda orada iki batalyon var idi. Biri özünümüdafiə batalyonu, digəri isə İlham Həsənovun (O dövrdə Kəlbəcər rayonun icra başçısı - red.) başçılıq etdiyi Xalq Cəbhəsinin batalyonu. Hər iki batalyon Müdafiə Nazirliti tərəfindən ləğv edildi və onun əvəzində mükəmməl bir batalyon düzəltdim. Həmin batalyonu Kəlbəcərin Ermanistanla sərhəd zonasında yerləşdirdim. Buradan apardığım batalyonlar isə Dağlıq Qarabağ istiqamətində döyüşürdülər. Əgər Kəlbəcərin müdafiəsi həm də Dağlıq Qarabağ istiqamətindən təşkil olunmasaydı, Kəlbəcər Laçınla birlikdə getməliydi.

Mərhum general müsahibə zamanı zalda oturanlar arasında mərhum eks-prezident Əbülfəz Elçibəyin də olduğunu nəzərə alaraq mühüm bir məqamı qeyd edib: "Əbülfəz Elçibəy hələ Xalq Cəbhəsinin sədri olanda onun yanına getdim. Ondan xahiş etdim ki, Rəhim Qazıyevə və Etibar Məmmədova deyin mənə maneçilik törətməsinlər, biz xalqımızı xarici düşmənlərdən qorumaq üçün ordu düzəldirik”.

Bu məqamda aparıcı Mirşahin Ağayev generalın sözünü kəsərək soruşur:
-    Etibar Məmmədov niyə?
-    Onda onlar Müdafiə Komitəsinin üzvləri idilər. Gəlirdilər Şıxova, qoymurdular, deyirdilər bu batalyon bizimdir, nə bilim Xalq Cəbhəsi kimindir… Başlayırdılar belə şeylər eləməyə. Yəni bizə ordu yaratmağa imkan vermirdilər. Ona görə də mən getdim Elçibəyin yanına.

-    Sizi nə vaxt kənarlaşdırdılar Kəlbəcərdən?
-    Məni 1992-ci il noyabrın 6-da Kəlbəcərdən kənarlaşdırdılar. Mən onda (Kəlbəcərin işğalı zamanı –red.) Laçında idim. Kəlbəcərin düşmənə verilməsinin əsas səbəbi məni ora göndərmək idi. Gərək briqadanı Laçına göndərməyəydilər. Çünki biz Qozlu körpünü tutandan sonra yuxarı hissə ilə, dağlarla gedib Şuşaya çıxırdıq. Heç Xankəndinə girmədən. Odur ki, 6 sentyabr 1992-ci ildə, bəlkə də Elçibəyin bundan xəbəri yoxdur, ancaq Rəhim Qazıyevin xəbəri var idi, Surət Hüseynov bizi çağırdı Yevlaxa və mənə yazılı surətdə sərəncam verdi ki, sizin briqada Laçına getmədidir. Dedim bəs, Kəlbəcərin müdafiəsində kim qalmalıdır? Dedi ki, o mövqeləri akt əsasında Nəcməddin Sadıkova – 703 saylı briqdaya təhvil verəcəksiniz. Mən də elə elədim. Laçına iki kilometr qalmış məni gətirdilər Bakıya. Ancaq Kəlbəcəri heç kim müdafiə etmədi. Nəcməddin Sadıkov birinci günahkardır ki, mənim ona verdiyim mövqeləri o verdi ermənilərə.

Mirşahin Ağayev zala müraciət edərək:
-Sualı olan yoxdur?
   
 Eks-prezident Əbülfəz Elçibəy mikrofonu alır:
-    Biz sizə təklif etdik ki, siz orada artıq şəraitlə, mühitlə yaxşı tanışsınız, arxa cəbhəni gücləndirərək çıxın Laçına. Və çıxdınız. Nə qədər kəndi azad etdiniz orada?
-    Qırx kəndi.

-    Getdiniz çıxdınız düz Laçının özünə.
-    Bəli.

-    İndi bu taktiki cəhətdən səhv idi, yoxsa düz?
-    Düzdür.

-    Biz sizi sadəcə olaraq Kəlbəcərdən uzaqlaşdırmadıq, əksinə, siz Kəlbəcərdəki işinizi görmüşdünüz. Biz dedik ki, Laçını da azad eləyin, ermənilər tamam çıxıb getsin. Və gedib çıxdınız Laçının üstündən məlumat verdiniz ki, Laçının iki kilometrliyindəsiniz. Və iki gün qalırdı ki, siz Laçını götürəsiniz. Amma sonradan oradan rus tankları girdi, o başqa məsələ. Yəni sizin Kəlbəcərdən Laçına keçirilməyiniz də sizin uğurunuzu nəzərə alaraq orada onu təşkil etmək üçün idi. Siz də gedib təşkil etdiniz. Sonra arxadan nə oldu, artıq o hərbi hissədir (məsələ - red), hərbçilər nə etdisə o başqa məsələdir. Düzdürmü?

-    Tamamilə. Üzr istəyirəm, siz onu düz deyirsiniz. Biz Laçına getdik, 40 kəndi azad elədik. Ancaq Kəlbəcəri yaddan çıxartdıq, mövqelərimizi aktla 703-ə verdik. Sonra o mövqeləri verdilər ermənilərə, oradan yol açdılar Kəlbəcərə.

-    O artıq hərbçilərin işidir. Yəqin bunun da cavabı veriləcək.
-    Bəli, verilməlidir”.

Amma verilmədi bu cavab. Əvəzində Nəcməddin Sadıkov Kəlbəcərin işğalından sonra general rütbəsi ilə mükafatlandırıldı. 1993-cü il noyabrın 2-dən müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.


02.04.2018 10:09:00
Oxuma sayı: 763