Tanınmış jurnalistlər Media Klubu yaradır – yeni platforma bəyan edildi - FOTO
Ölçü:


Azərbaycan jurnalist birliyinin nümayəndələri Media Klubunun – media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıb.

Koordinat.az
xəbər verir ki, Media klubun yaradılması ideyası bu gün "Turan" agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb. Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, xural.com saytının baş redaktoru Əvəz Zeynallı, aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak edib.

"İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir, peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir" - deyə, Arif Əliyev bildirib.

Bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır, digər tərəfdən, diskreditasiya, böhtan, təhqir və zorakılığın təbliği üçün informasiyadan istifadə olunması daha böyük miqyas alır.

Zahir Əzəmətin fikrincə, bu hal ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.

"Bu gün media məkanında müşahidə edilən aqressiya sivil formada ifadə azadlığının sıxışdırılması cəhdlərinə cavabdır" - deyə, Qulu Məhərrəmli bildirib.

Media klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.(Amerikanın Səsi)
30.03.2018 18:46:05
Oxuma sayı: 551