ABŞ öz ordusunu Suriyadan çıxarır - Trampdan açıqlama
Ölçü:


Yaxın vaxtda ABŞ ordusu Suriyadan çıxarılacaq.

Koordinat.az
xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib: "Orada olmağımızın yeganə səbəbi İŞİD idi. Başqa bir səbəb yoxdur. Məqsədimizə böyük ölçüdə çatdıq".

Tramp deyib ki, ABŞ hərbçilərinin Suriyada varlığı İŞİD-lə mübarizə ilə bağlı idi və hədəfə çatılıb.

Politoloq Elxan Şahinoğlu Trampın bu açıqlamasını şərh edərkən bildirib: "Deyəsən ABŞ prezidenti Donald Tramp haqq yoluna qayıdır, elə bu saatlarda açıqlama verib ki, Amerika hərbi qüvvələri yaxın zamanda Suriyadan çıxacaq. Tramp biznesmendir və xərclənən pullara baxır. Amerika Yaxın Şərqə 7 trilyon dolar xərcləyib, nəticə isə göz qabağındadır, hər yer toz-dumandır. Ona görə də pulun qədrini bilən Tramp Suriyada daha çox qalmağın mənasını görmür".

Politoloq hesab edir ki, Tramp qərarını təsdiq edərsə, bu, Türkiyənin xeyrinə olacaq: "Türkiyənin Suriyadakı PKK terrorçularına qarşı uğurlu əməliyyatlarının davam etdirməsinin qarşısını oradakı amerikalı hərbçilərin varlığı alırdı, türklər bu bölgədə təsadüfən amerikan hərbçilərini öldürmək istəmirlər. Demək, əgər Tramp qərarını həyata keçirərsə, Türkiyə ordusunun Menbiçə və digər yaşayış məntəqələrinə yolu açılacaq və PKK tör-töküntüləri daha ağır zərbələr alacaqlar. Sadəcə, Tampın qərarı azdır, Pentaqondakı generalların Ağ Ev sahibinin qərarını yerinə yetirməsi lazımdır. Çünki dəfələrlə olub ki, Tramp türkiyəli həmkarı Ərdoğana bir söz deyib, amerikalı generallar fərqli addım atıblar, Türkiyənin düşmənlərinə dəstək veriblər".
29.03.2018 23:39:00
Oxuma sayı: 658