NATO Türkiyədən üzr istədi
Ölçü:


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Norveçdə NATO təlimləri zamanı yerləşdirilən qalmaqallı stendlə bağlı açıqlamasından sonra Alyans tərəfindən rəsmi Ankaraya üzrxahlıq məktubu ünvanlanıb.

Koordinat.az
xəbər verir ki, məktub Norveçdəki Birgə Mərkəzi Hərbi Komandanlıqdan göndərilib. Məktubda bildirilir ki, Norveç ordusunun məsələ ilə bağlı məsul heyəti vəzifədən azad edilib. Bundan başqa, NATO-nun baş katini Yens Stoltenberq Türkiyədən üzr istəyib.

Y.Stoltenberq deyib ki, hərbi təlimlər zamanı Türkiyənin indiki dövlət başçısının və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf qismində istifadə olunması NATO-nun mövqeyini əks etdirmir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin dövlət başçısı bəyan edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".
 
17.11.2017 17:18:00
Oxuma sayı: 966