Saakyanın dünya turnesi: ABŞ və Livandan sonra növbəti səfər Moskvaya? - Qarabağa "müstəqil dövlət" statusu almaq istəyirlər
Ölçü:


Azərbaycan xalqının başı Novruz Bayramına qarışdığından düşmənlərimiz və onların havadarları çirkin niyyətlərini davam etdirməkdədirlər. Dağlıq Qarabağ separatçılarının lideri kimi qələmə verilən Bako Saakyan yaman ruhlanıb. İrəvandakı ağaları və Moskvadakı məsləhətçiləri ona daha uzağa gedən bir sıraməqsədyönlü göstərişlər veriblər".

Koordinat.az xəbər verir ki, bunu tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib. O qeyd edib ki, Bako Saakyanın bu gedişlə yaxın aylarda Moskvada peyda olacağı və ən yüksək səviyyədə görüşlər keçirəcəyi, Dövlət Dumasının Konstantin Zatulin kimi ermənipərəst deputatı tərəfindən qəbul ediləcəyi gerçəkləşə bilər: "Azərbaycanın Xarici İşlər Nazirliyi narazılığını bildirəndə deyəcəklər ki, bu separatçıbaşı bir müddət əvvəl Amerikada olub, nədən Moskvada - separatçıların və separatizmin ən çox dəstəkləndiyi bir yuvada olmasın? Hələlik isə Bako Saakyan və başının dəstəsi Livana səfər ediblər. Dünyadakı ermənilərin hamısını öz çirkin niyyətlərinə cəlb edir, "müstəqil dövlət" statusu almaq üçün dəridən-qabıqdan çıxırlar".

Ekspert deyib ki, Qarabağ separatçılarının başçısı üçün Moskvada maraqlı və eyni zamanda çox qəribə görünə biləcək proqram hazırlayıblar. Onun sözlərinə görə, "oyuncaq dövlət" imicini yaratmaq üçün Moskvadakı və İrəvandakı polittexnoloqlar təklif kimi irəli sürüblər ki, Qarabağ separatçılarının başçısı keçirdiyi görüşlərdə tez-tez terrorla mübarizə işində onların da köməyindən istifadənin mümkünlüyünü dilə gətirsinlər: "Hətta Xankəndidəki aeroportdan istifadə etmək üçün Rusiya Hərbi Kosmik Qoşunlarına öz əsgər və zabitlərini ora yerləşdirilməsi kimi ilk növbədə absurd, amma reallaşması üçün istənilən an qərarın verilməsi kimi çox da problem olmayan sərsəm ideyanı reallaşdırmağa çalışırlar. Bu, bizə qəribə görünsə də, əslində separatçılar, onların havadarları həmin istiqamətdə bəzi işlər görürlər".

Üzeyir Cəfərov bu məsələdə Azərbaycanın müvafiq dövlət strukturlarının rəhbərlərini, o cümlədən Baş Prokurorluğu, Hərbi Prokurorluğu məsuliyyətli və prinsipial mövqe tutmağa çağırırıb: "Biz Bako Saakyan kimiləri ilə bağlı cinayət işlərini tam, hərtərəfli sənədləşdirib İnterpola axtarışa versəydik, bu gün nə Bako Saakyan, nə Serj Sarkisyan və digər canilər rahat şəkildə Vaşinqtona, Livana, Moskvaya səfər edə bilməzdilər. Bu məqamı da unutmamağımız lazımdır. Biz separatçıların adını deyir, əməllərini sadalayırıq, ancaq işləri hüquqi müstəvidə yekunlaşdırıb sona çatdırmağa ərinirik. Belə iş metodu isə bizim tam ziyanımıza işləyir".
22.03.2018 12:06:38
Oxuma sayı: 506