Həkimlərin müalicəsi niyə effekt vermir? - Azərbaycan səhiyyəsinin yol xəritəsi
Ölçü:


Azərbaycan Tibb Jurnalının baş redaktor müavini Fuad İslamzadə cəmiyyətə o qədər də tanış isim olmasa da, tibb sahəsində, xüsusi ilə tibb elmi ilə məşğul olan kəsim arasında çox məşhur adamdır.

Koordinat.az xəbər verir ki, ömrünü bu sahəyə həsr edən F.İslamzadə "BakuPost"a verdiyi müsahibədə Azərbaycanın səhiyyə sistemiylə bağlı olduqca liginc məqamlara toxunub. Bu müsahibə əslində, tibbin yol xəritəsidir: səhiyyə sahəsində olan problemlərin səbəbi dəqiq ifadə olunub və bunun  qarşısının necə alınması üçün ipucları verilib.  Həmin müsahibəni oxuculara təqdim edirik:

- Fuad müəllim, ömrünüzün yarısını Azərbaycan Tibb Universitetində və Tibb jurnalının səhifələrinə xərcləmisiz. Həm həkimlərlə, həm tələbələrlə, həm elmi araşdırmalar edən elmi işçilərlə ünsiyyətdə çox olursuz. Azərbaycanda bu gün tibb sahəsində alim və həkimlərimiz ciddi bir uğura imza atıbmı?
- Sovet İttifaqı dağılan ərəfədə və sonra bir müddət bizim ölkə elmi araşdırmalar baxımından geridə qaldı, ölkəyə tibbi yeniliklər gətirilmədi. Amma son zamanlar tək-tək də olsa, diqqət çəlb edən elmi əsərlər yaranır. Bəzən hətta   Azərbaycanda indiyə qədər işlənilməmiş və tibbi dərsliklərdə belə olmayan araşdırmalara rast gəlirik. Məsələn, elə bizim kafedrada və Elmi-Tədqiqat Pediatriya İnstitutunda antimikrob peptidlər öyrənilir, son 10 il əvvələ kimi bu haqda məlumat yox idi. Bizim əsas qüsurumuz elmi işlərimizin nəticələrini yetərincə təbliğ etməməyimizlə (və ya edə bilməməyimizlə) bağlıdır. Çox vaxt belə bir vəziyyətlə qarşılaşırıq ki, tədqiqatçı elmi işinə dair məqalə və ya dissertasiyalarda özündən əvvəl eyni problem üzrə  ölkədə aparılmış  tədqiqat işləri haqqında heç bir  məlumat vermir. Bəzən hətta elə olur ki, bizə təqdim edilən  məqalələrin elmi tədqiqatın  əsaslandırılmasına  həsr edilən hissəsində müəllifin öz elmi rəhbərinin  1-2 il əvvəl rəhbərlik etdiyi eyni problemə həsr edilmiş işlərə istinad edilmir. Sanki bizim xalqda özününkini bəyənməmək kimi mənfi bir hal yaranıb. Psixologiyada  buna "milli natamamlıq kompleksi” deyilir. Bilmirəm, bəlkə də bu xalqımızın Qarabağ məsələsində məğlub durumda olduğundan irəli gələn ümumi psixoloji  sarsıntının nəticəsidir.

Yeri gəlmişkən, söylədiyim  fikirlər təkcə elmi-tədqiqat işlərinə yox, bədii ədəbiyyata da aiddir. Mən bu yaxınlarda  qırğız yazıçısı Çingiz Aytmatovun  "Seçilmiş əsərləri”ni oxudum.  Bəlkə də sözlərim başqalarına qəribə görünə bilər. Amma o əsərlərdə bizim yazıçılardan Anarın gənclik illərində yazdığı hekayələrlə, Bayram Bayramovun, İsa Hüceynovun, Əkrəm Əylislinin povestləri ilə müqayisədə üstün bir şey görmədim. Məsələn Ç.Aytmatovun ən geniş təbliğ edilən əsərləri "Gün var əsrə bərabər” povestində  eyni fikirlər  dəfələrlə   təkrar edilir ki, bu da bədii ədəbiyyat üçün böyük qüsur hesab edilə bilər. Şübhə yoxdur ki,  Ç.Aytmatovun əsərləri bütün dünyaya təkcə onun öz səyi sayəsində  yayılmayıb.  Onların tərcümə edilib müxtəlif ölkələrə yayılması və müəllifi  məşhurlaşdırması böyük bir komandanın  zəhmətinin nəticəsidir.  Biz isə təbliğ etmək bir yana dursun, hətta özümüzünkülərə  ilk dodaq büzənlər də özümüz oluruq. Bu gün gənc  yazıçılarımızın böyük bir qrupu  gündəmə gəlməyin yeganə  yolunu özündən əvvəlkiləri  tənqid etməkdə yox,  söymək və təhqir etməkdə görür. Təəssüf ki,  elmimizin təbliğində də  buna bənzəyən hal müşahidə edirik.
Etiraf edək ki, bizdə elmi tədqiqat işlərinin  planlaşdırılması və koordinasiyası zəifdir. Bəzi elmi rəhbərlər rəhbərlik vəzifəsini yalnız  əməkdaşlarının  elmi əsərlərinə həmmüəllif olmaqla  bitmiş hesab edirlər. Buna görə çox vaxt yüksək səviyyədə yerinə yetirilmiş işin nəticələrinin təsvir və təqdim edilməsində  çətinlik yaranır.

Çox təəssüf ki, elmi işlər ad almaqdan ötrü görülür. Bu, sovetin son illərindən başlayan ənənədir, indiyə kimi də davam edir: özünü göstərmələr, şan-şöhrət həvəsi, özündən danışmalar... Çox vaxt da tədqiqatçılarımızın dissertasiya müdafiəsindən sonra elmi fəaliyyətlərini dayadırdıqlarının şahidi oluruq. Xarici ölkələrdə yüksək səviyyəli mütəxəssis professordan daha yüksək qiymətlən¬dirilir. Bizdə ada, titula önəm verirlər. Mən  öz yaxın adamlarıma həkim lazım gəldikdə heç vaxt məsləhət görəcəyim adamı elmi titullarına görə seçmirəm. Adətən praktik fəaliyyətə görə tanıdığım mütəxəssislərə üstünlük verirəm.
 
- Bir dəfə efirdə özlərini nomrə 1 həkim kimi təqdim edənlər barədə maraqlı status paylaşdınız. Siz də reklam olunan həkimlərə inanmırsız?
- Əslində, mən  tibb verilişlərinə baxmıram. Hərdən çay içəndə gözümə dəyir. Düşünürəm ki, normal cəmiyyətdə tibb işçisi reklam olunmamalıdır. Çox gözəl bilirik ki, o reklamlar dövriyyəyə pul müqabilində buraxılır. Özünə nömrə 1 deyən həkimlər üçün mən deyirəm ki, fırıldaq gəlmək üzrə nömrə 1 ola bilərlər.
Normal cəmiyyətdə nə tibb işçisi, nə də dərman reklam edilməlidir. Pulunu alırlar, özlərinə nömrə gəlirlər, özlərini də nömrə 1 adlandırırlar. Təəssüf ki, insanlar da belə hallara aldanır.
Yeni  yetişən cərrahlar elan edir ki, filan əməliyyatı Azərbaycanda ilk dəfə mən etdim. Ola bilər o bilmir, amma bilənlər var axı. Hardan götürürlər bu məlu¬mat¬ları? Məsələn, Azərbaycanda böyrək köçürülməsi ilk dəfə 70-ci illərdə Mirməmməd Cavadzadə tərəfindən həyata keçirilib. Bu günkü cərrahi texnika ilə və şəraitlə böyrək köçürülməsi əməliyyatı elə də çətin deyil. Kimsə böyrək köçürür, çıxır efirə, aparıcıya özünü təqdim edir. O da bilmir, deyir ki, Azərbaycanda ilk böyrək köçürməsi əməliyyatını edən filan həkim. Axı bu işi xeyli əvvəllər  o qədər də əlverişli şəraitin olmadığı vaxtlarda görən rəhmətliklər olub. Onların haqqına girmək olmaz.  Yeri gəlmişkən, bizdə bəzən qocaman tibb işçiləri və hətta həyatdan köçmüş görkəmli həkim-alimlərimiz haqqında da  belə yanlışlıqlara yol verilir.  Elə bunu deyim ki,  keçən il adını çəkdiyim mərhum akademik M.Cavadzadənin 90-illik yubileyi keçirildi; həm yubiley iclasında, həm də mətbuatda təkrar-təkrar qeyd edildi ki, guya M.Cavadzadə Azərbaycanda elmi urologiyanın əsasını qoyub. Halbuki, Azərbaycanda urologiya üzrə  ilk doktorluq  dissertasiyası M.Cavadzadənin anadan olduğu 1927-ci ildə müdafiə edilib və həmin dissertasiyanın müəllifi Mirəsədulla Mirqasımov sonradan M.Cavadzadənin namizədlik dissertasiyasına rəhbərlik edib. Şübhə etmirəm ki, M.Cavadzadə sağ olsaydı, belə yanlışlıqlara etirazını bildirərdi. İndiki bəzi həkimlərimiz isə bu kimi hallara  nəinki etirazını bildirir,  hətta  özləri haqqında  belə məlumatlar yayırlar.
Bir dəfə telekanalların birinə zəng etdim, iradımı bildirdim, dedilər ki, biz müstəqil Azərbaycanı nəzərdə tutmuşuq. Anlamıram, Azərbaycan həmişə Azərbaycan idi. Bu nə yanaşmadır? Çox gülüncdür. Onlar da Azərbaycan həkimləri idi. Keçən əsrin 70-ci illərində Əli Bağırov, Cavanşir Zakircayev kimi həkimlərimiz – ağır ürək-damar əməliyyatları ediblər. Bun¬ları necə danmaq olar? Bu yeni yetişmiş həkimlər çox şey deyə bilər. Ola bilər o klinikanın, o həkimin təcrübəsində ilk əməliyyatdır. Azərbaycanın adından danışmasınlar. Bəzən 50-100 il əvvəldən məlum olan faktları yenilik adı ilə yazıb təqdim edənlər də olur.  Ən  acınacaqlısı isə budur ki, belələri özlərindən dəfələrlə qabiliyyətli  olan həkimlərin əleyhinə danışır,  həkim fəaliyyətinə kölgə calırlar. Amma gənc  tibb tədqiqatçılarımızın arasında dəyərli elmi araşdırmalar aparanların da olduğunu  inkar etmək ədalətsizlik olardı.

- Sizin fikrinizcə, belə halların qarşısını necə almaq olar? Necə edək ki, pasiyent  layiqli həkimi tanısın, bilsin?
- Sığorta təbabətinə keçid tezləşdirilməlidir. Sığorta şirkətləri yaxşı həkimləri araşdırıb müqaviləsini bağlayıb, xəstələrini də o həkimə etibar edəcək. Bundan sonra həkimlərin reklamına ehtiyac olmayacaq. Bilirsiz, qabiliyyətli, istedadlı, yaxşı insanlar təvazökar olur, başını aşağı salıb, öz işi ilə məşğul olur. Meydan qalır boşboğazlara. Olan isə xəstələrə olur. Biri çıxır ki, Almaniyada uzmanlıq keçmişəm, amma türk ləhcəsi ilə danışır. Necə olur ki, sən Azərbaycanda doğulasan, məktəbi, universiteti burda bitirəsən, 1-2 ay hardasa kurs keçməklə, dərhal dilini dəyişəsən? Öz milli dilini, ləhcəni nəyə görə dəyişirsən, özünü sübut etməyə? Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bir qrup qabiliyyətli gənc Türkiyədə təcrübə keçib, uzman kimi qayıtdı. Çox da uğurlu, bacarıqlı oldular. Sonrakı illərdə də xaricdə təkmilləşmə keçib, öyrəndikləri yenilikləri ölkəmizdə tətbiq etməyə çalışan fədakar gənclərimiz az deyil. Lakin arada  arxalı uşaqlar da var ki, bu qrupun nüfuzundan istifadə edib, onların kölgəsində gedənlərdir.
Gedib-gəlməkləri bir yana, Azərbaycan dilinə yeni sözlər də gətirirlər, tibbi terminalogiyada çox böyük təhriflər edirlər. Məsələn, elə zənn edirlər ki, "xəstəliyin ağırlaşması” əvəzinə "hastalığın komplikasionu” dedikdə ətrafdakılar onları savadlı hesab edəcək. Axı bizdə belə sözlərin analoqu çoxdan var. Bəzən Tibb jurnalına gələn məqalələr elə formada, elə səviyyədə yazılır ki, bunu ortaya çıxarmaq belə ayıbdır. Həm qarşındakına, həm özünə hörmətsizlikdir. Tibb o demək deyil ki, həkimin ədəbiyyat, dil, yazı biliyi olmamalıdır. Bunun da bir səbəbi test üsuludur. Düzdür, çox yaxşı sistemdir, amma onun tətbiqindən sonra gənclərin yazı üslubu lap xarab olub. Mənim vəzifəm pis yazını redaktə etmək deyil. Amma özümü saxlaya bilməyib, yazının mübtəda-xəbərini düzəldirəm. Yazıların vəziyyətini görsəz, sadəcə dəhşətdir.
Yarı türkcə, yarı ingiliscə terminlər baş alıb gedir. İçəri girən də başlayır ki, Azərbaycanda elm yox imiş, mən bunu Türkiyədə gördüm, öyrəndim. Özlərini öz aləmlərində böyük kəşf edən alim kimi aparırlar. Mənim də işim-gücüm bu bərbad yazıları abıra salmaqdır. İrad bildirəndə də razılaşmırlar, səhvlərini qəbul etmirlər.
 
- Bəlkə də səbəb Türkiyədən olan həkimlərə xəstələrin daha çox etibar etməsidir. Gənc həkimlər "nə qədər türksayağı olsaq, bir o qədər çox xəstəmiz olar” taktikasını seçib.
- Türkiyədə zəif, adı-sanı olmayan sıradan bir həkimi gətirib burda reklam edən də özəl klinikalar və onların rəhbərləridir. 60-cı illərdə rəhmətlik İbrahim Topçubaşov Türkiyəyə gedəndə bütün qəzetlər manşetə çıxarmışdı ki, Azərbaycanın məşhur cərrahı İstanbulda nümunəvi əməliyyatlar keçirəcək. Bunu özlərinə fəxr bilmişdilər. Bizdə həmişə dünya səviyyəsində cərrahlar olub.
Bir türk cərrahı var, Bakıda qadınlarda süd vəzisi  şişlərini müalicə edirdi. Bir müddət Azərbaycanda işlədi, sonra müqaviləsi bitdi, getdi. Gedib ordan Azərbaycan əleyhinə olmayan şeyləri deyir. Özünü guya Türkiyənin məşhur, nüfuzlu mütəxəssisi kimi reklam edir. Sizcə Türkiyənin 1 nömrəli həkimi gəlib 2 il Azərbaycanda işləyib, sonra burda işləmək üçün mübarizə apararmı? Burdan ora pasiyent qoparmaq üçün özünü reklam edərmi? Türkiyə klinikalarından birində çalışan azərbaycanlı xanım bir dəfə mənim bu məzmunlu sualıma cavab olaraq yazmışdı ki, orda klinikada bir orta təhsilli anestezist var, bir gün dedi ki, sizdə Azərbaycanda pul xəzəl kimidir. Həmin orta tibb işçisini burada məşhur klinikaya dəvət ediblər, tanınmış anestezioloq kimi reklam ediblər, əməliyyatlara salıblar. Burda bir ayda qazandığını Türkiyədə maaşı ilə bir ilə qazanmayan adamdır. Türkiyənin, ya digər ölkələrin adlı-sanlı cərrahı, həkimi işini-gücünü buraxıb, başqa ölkədə pasiyent yığmaz . Gələnlər də qastrola gəlirlər.
Mən özüm də, ailəm də müalicə üçün öz həkimlərimizi seçirik. Demirəm bütün həkimlərimiz yaxşıdır. Hər sahədə təsadüfi adamlar olur. Ola bilməz ki, Tibb Universitetində oxuyan minlərlə tələbənin hamısı yaxşı həkim olsun. Amma hər halda Azərbaycanda yaxşı, seçilən həkimlər var, onları tanımaq lazımdır.

- Fuad müəllim, bir həkim kimi, müasir dərmanlar haqda nə deyə bilərsiz? Bu qədər dərmana aludəçilik, bu qədər aptek millətimizə lazımdırmı?
- Mən şəxsən aptekdəki dərmanlara inanmıram: ən bahalısından tutmuş sadəsinə kimi. Baxmayaraq ki, məcbur olanda özüm də alıram. Bilirsiz, dərmanların ekspertizası idarəsi var, mən orda olmuşam. Çox yaxşı da aparatları var, ciddi yoxlayırlar. Intəhası vəziyyət belədir ki, dərman biznesi ilə məşğul olan iş adamları çox qazanmaq üçün başqa planlar düzüb-qoşurlar. Tutaq ki, 50 qutu normal dərmanı idarəyə təqdim edir, yoxlanır, sertifikatını, icazəsini alır, vəssalam. Bundan sonra qalan partiyanın dozasını, tərkibini dəyişir. Dərmanı istehsal edən zavodla danışır, pulunu verir, həm o qazanır, həm bu. Bu idarə milyonlarla qutu dərmanı yoxlaya bilmir axı. Hər şey o biznesmenin vicdanına bağlıdır. Əvvəllər dərmanların üzərində səhiyyə nazirliyinin holoqramı vurulurdu. Sonra bu da aradan qalxdı.
Bir fakt yadıma düşdü. 1995-ci ildə Sumqayıtda bir aptek müdiri var idi: Tofiq Şeydayev. Ondan Bisillin preparatı barədə soruşdum. Bisillin həll edildikdə suspenziya şəklində, qatı olmalıdır. Onu iynəyə doldurmaq, vurmaq çox çətin olur. Həmin ərəfədə aldığım preparatı şprisə çəkəndə gördüm ki, əvvəlki kimi deyil, su kimidir. Bunun səbəbini Tofiqdən soruşanda dedi ki, bizim gücümüz çatmır, biznesmenlər zavodla danışıb, təsiredici preparatın dozasını azaldırlar. Hələ yaxşı hal odur ki, dozasını azaltsınlar. Vay o gündən ki, flakonda  dərman əvəzinə başqa nəsə olsun. Son vaxtlar cərrahi əməliyyatlar zamanı xəstələrin narkozdan ölməsini mən anestezioloji preparatların düzgün tərkibdə, dozada olmamasında görürəm. Xəstələri şoka salan infuzion məhlullardır. Çox yaxşı həkim anestezioloqramız var, həkim nə bilsin ki, istifadə etdiyi preparata "barmaq olunmayıb”? Belə olan halda həkimin əlindən heç nə gəlmir. Dərmanların keyfiyyətsiz olması həkimin müalicəsini effektsiz edir, nəticədə həkim düzgün müalicə yazmış olsa da xəstənin qarşısında nüfuzu itir. Bu məsələdə həkimlərimiz həmrəy olub, nəsə etməlidirlər.
Apteklərin sayı məsələsinə gəldikdə, 70-ci illərdə Bakıda 4-5 yerdə aptek var idi. İndi bir binanın altında 2 aptek (bəzən hətta 4) var. Hamısının da müştərisi bol. İnsanlar elə ay yoxdur ki, dərman almasın. Bu gün satışda olan elementar ərzaqlar – un, çörək, yağ, duzun tərkibi məlum deyil. Mən şəxsən bilmirəm nə alım. Nehrə yağı adı altında satılan yağlar da palma yağı tərkiblidir. Səhhətimiz biznesmenlərin əlindədir: klinikalar, apteklər, dərmanlar... Hər şey biznesin üzərində qurulub. Bu sahələrin özəl sektora verilməsi düzgün deyil.  Ölkəyə gətirilən dərman və ərzaq məhsulları ciddi nəzarətə alınmalıdır.
Vətəndaşlara deməklə ki, ehtiyatlı olun, diqqətli olun, problem həll olunmaz. Vətəndaşın dili laboratoriya deyil. Onun vəzifəsi deyil ki, dərmanı, ərzağı, suyu yoxlasın.
 
15.03.2018 14:23:44
Oxuma sayı: 389