Dədə Şəmşirdən qalan miras
Ölçü:


Kəlbəcərin saz-söz diyarı olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan və Dədə Şəmşirin sənət zirvəsindən başlanan yol bu gün də uğurla davam etdirilir, yeni nəfəslə, müxtəlif formalı şeir nümunələri ilə...

Kəlbəcər adı çəkiləndə öncə göz önünə əzəmətli dağlar və onların qoynunda yazıb-yaradanlardan biri olan Dədə Şəmşir gəlir. Çünki XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan Kəlbəcər ədəbi mühiti Dədə Şəmşirlə yaşıddır.

Qocayev Şəmşir Qurban oğlu 1893-cü il martın 15-də Kəlbəcər rayonunun Dəmirçidam kəndində Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açıb, sənətin ilk sirlərini də atasından öyrənib. Sonralar Aşıq Ələsgərdən və Təcnis Alıdan çox şey əxz edib. 1915-ci ildən özü sərbəst şəkildə elin toy-düyünlərində iştirak etməyə başlayıb.

Məclisdən-məclisə, toydan-toya yetkinləşib, sənətkar kimi tanındıqca el-obada sevilib. Lakin unutmayaq ki, Aşıq Şəmşirin bütövlükdə saz-söz aləmində daha da tanınması və məşhurlaşması, istedad və qabiliyyətinin üzə çıxması xalq şairi Səməd Vurğunun Kəlbəcəri ziyarəti ilə sıx bağlı idi. 1955-ci il kəlbəcərlilər və Aşıq Şəmşir üçün xüsusilə yaddaqalan olub. Belə ki, həmin ilin avqust ayında Səməd Vurğun Kəlbəcərə - “İstisu” sanatoriyasına müalicəyə gəlib. Ayın 5-də Boyaqlı Turşsuyunda şairlə aşığın görüşü təşkil edilib. El arasında sayılıb-seçilən aşığın şairlə görüşə dəvəti təsadüfi deyildi. Ömrünün son vaxtlarını yaşayan ölməz Səmədi həmin tarixi görüşdə bədahətən “Xoş gəldin” rədifli qoşması ilə salamlayan aşığın şirin avazından, sehrli səsindən sonra şair sanki ağrılarını, azar-bezarını unudub. “Kazbek” siqaretinin qutusu üzərinə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə...” misrası ilə başlayan “Məni” rədifli şeirini yazaraq o zaman rayonun prokuroru işləyən, el şairi Paşa Salahlıya verib deyir ki, bunu saxla, axşamkı görüşdə oxuyaram.

Həmin gün rayon mədəniyyət evində şairlə görüşün sonunda söz Aşıq Şəmşirə verilir. Bir neçə saat öncə bulaq başında şairin söylədiyi “Məni” qoşmasından ruhlanaraq “Səni” rədifli şeiri ilə səhnəyə çıxan aşıq Şəmşir “El havası” üstündə oxuyub:

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar,
Gəzirəm əlimdə şam-çıraq səni.

Aşığın bu ülfəti Səməd Vurğunu elə vəcdə gətirib ki, səhnəyə qalxaraq onu bağrına basıb və sədəfli sazını öpüb. Məhz həmin məclisdə Səməd Vurğun aşığa dədəlik tituluna layiq olduğunu bildirib. Bundan sonra o, Dədə Şəmşir kimi tanınıb.
Yaxın tariximizin quruculuq dövrü kimi xatırlanan ötən əsrin 70-ci illərindəki inkişafı görərək vəsf edən Dədə Şəmşirin yaradıcılıq nümunələrindən olan “Zərli tac kamallı başa yaraşır” kitabı da məhz ümummilli lider Heydər Əliyevin ozamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir:

Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.

Aşıq-şairin fəhmlə bu günü o zamanlar necə dərk etməsi bir sıra tərənnüm şeirlərində də öz əksini tapıb:

Azərbaycanımın igid oğluna
“Qızıl ulduz” qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.

“Torpağın dadı” adlı şeirində ustad qəhrəmanını ana Vətənlə qoşa vəsf edir:

Ömrün uzun olsun, igid Heydərim,
Şöhrətin tarixin varağındadır.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin vətənin çırağındadır.

Aşıq Ələsgərlə Ağdabanlı Qurbanın möhkəm dostluq əlaqələri olub, onların bir sıra deyişmələri bu günümüzə qədər gəlib çıxıb. Belə bir mühitdə doğulub böyüyən Aşıq Şəmşir, təbii ki, ona verilmiş ilahi istedadın və ustadlardan aldığı dərslərin sayəsində söz, sənət dünyasının korifeylərindən olmağa layiq idi. Dərs aldığı ustadların varisi və ləyaqətli davamçısı olub. Onun qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtəlif bağlamaları öz məzmununa, bədii keyfiyyətinə görə son dərəcə müasir və təravətlidir. Ustad klassik aşıq poeziyası ilə müasir şeirimizi qovuşduraraq yeni formalı nümunələr yaradıb:

Bir kəsə qalmadı dünyanın varı,
Hanı xan, xaqanlar, getdimi, getdi.
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar, getdimi, getdi.

Aşıq Şəmşirin şeirlərində Azərbaycan ucalığı, poeziya zirvəsi var. Bu zirvədən yurdumuzun mənzərəsi çox gözəl və cazibəli görünür. Aşığın sinəsində vətəndaş ürəyi döyünürdü. Bütün varlığı ilə xalqına, dəlicəsinə sevdiyi Kəlbəcərinə bağlı idi. Ən böyük arzusu Yer üzündə sülhün, dincliyin, halallığın bərqərar olması idi. El aşığı bu fikirdə idi ki, harada doğulmasından asılı olmayaraq, Yer kürəsi bütün insanların anasıdır və onu hamı sevməlidir. Nifrət bəslədiyi xüsusiyyət isə yarımçıqlıq, nadanlıq və xəyanət idi. Dədə Şəmşir belələrinə üz tutaraq yazırdı: “Dad əlindən bədəməlin, qayğısını çəkməz elin”.

Ağır ellərin bu mötəbər Dədəsi dəfələrlə zirvələrin ağ qarını öpüb, buz bulaqlı yaylaqlarında saz tutub, söz deyib. Dədə Şəmşirli meydanlar o qədər bol olub ki, maraqlı söhbəti, dadlı xatirələri bugünədək yaşamaqdadır.

O, 80 yaşında da səhnədə tufan qoparırdı. Sazın simlərindən qasırğa yağırdı. Allah, o nə səs idi?! O nə zəngulələr, nə yerişlər idi? Hələ də xəyalımızdan çəkilməyib. Bir bülbül avazı var idi onun nəfəsində. Adama elə gəlirdi ki, o səsin ahəngində Kür Arazla qovuşurdu. Tutqun buludların tən ortasından Ayın gül camalı görünürdü. Düz ilqarlı aşıq sanki qocalığın əlindən təngə gələrək onun acığına meydanda arzularını dilə gətirirdi:

Çağırsan cavanlıq yetişməz hova,
Yanar cismin, inan, sönməz alova.
Çıxmaq üçün Dəlidağa, Murova,
Söylə görüm, varmı səndə hal, aşıq?

1980-ci ildə çap edilmiş şeirlər kitabına baxanda görürsən ki, o, dağlara saysız şəkildə təcnis, təxmis, qoşma, gəraylı həsr edib. Dağlardan yazdıqlarını özü “zərli şeirlər” adlandırardı. Ustad Kəlbəcər dağlarının saz və söz şimşəyi idi. Onun səsi dağlarda sehrli uğultuya dönürdü.

Ömrü boyu Kəlbəcərdən kənarda yaşaya bilməyən, o yerlərsiz nəfəs almayan Dədə Şəmşir təsadüfən qismətinə çıxan ayrılıqdan xiffətlənərək öz hisslərini belə ifadə edirdi:

Söylə görüm, çoxmu buzluq,
Dağlar həmən yerindəmi?
Sarı nərgiz, tər bənövşə,
Çiçək, çəmən yerindəmi?

Aşıq Şəmşirlə böyük şair Səməd Vurğunun deyişmələri də dillərdə bir əfsanəyə, dastana döndü. Vaxtilə Səməd Vurğun üzünü Dədə Şəmşirə tutub: “Kəklikli daşlardan xəbər al məni” demişdi. Şairin çağırışındakı mətləbi həssaslıqla duyan aşıq ömrünün sonuna kimi dağlardan ayrılmadı. Ona elə gəlirdi ki, Səməd Vurğunun vəsiyyətini yerinə yetirməsə, ellər də, dağlar da ondan incik düşər. Bəlkə elə buna görə ömrü boyu qibləgahı doğulduğu torpaq idi.

Mənə sənsən ata, ay ana torpaq,
Üzüm dönməz, səndən, ay yana, torpaq.
Bir gün qucağına basarsan məni,
Qoyma cismim səndə a yana, torpaq.

Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında zəngin nümunələr yaradıb. Kəlbəcər ədəbi mühitini gözəl bilən, şifahi və yazılı ədəbiyyatımızın nadir bilicisi kimi öz fərdi yaradıcılıq məktəbini yaradan ustad ozanlarımızdan olub. Bu gün xalq tərəfindən ustad kimi tanınan aşıq Xalıqverdi Həmidoğlu, mərhum Allahverdi Qəmkeş, Əliş Quliyev və Qardaşxan Mehtiyev kimi 40-dan çox saz-söz sənətkarının yetişməsində, kamilləşməsində, püxtələşməsində çəkdiyi əmək danılmazdır.

Dədə Şəmşir yalnız aşıq deyil, eyni zamanda atası Ağdabanlı Qurban kimi, poetik və lirik duyğulu şair, ağız ədəbiyyatının bilicisi, savadlı, təhsilli, həm də dastanlar müəllifi idi. “Şəmşir və Sənubər”, “Cəlal və Minayə”, “Misir və Sənəm” kimi dastanları, “Polad” adlı nəzmlə yazılmış qəhrəmanlıq dram əsəri, “Əsli və Kərəm” dastanının səhnələşdirilmiş müəllifi də elə ustaddır!

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir. Ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb. Onu da deyək ki, elmi və ədəbi ictimaiyyətdə tanınmış professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M.Rahim, T.Bayram, M.Aslan, M.İsmayıl, N.Həsənzadə, Z.Yaqub, İ.Tapdıq, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu kimi qələm sahibləri ilə yanaşı, cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

Musiqişünas Əminə Eldarova ilk dəfə ustadın ifasında 75 aşıq havasını lentə köçürüb. Azərbaycan Radiosunun Qızıl Fondunda mühafizə olunan bəzi lent yazıları isə aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.

Dədə Şəmşir 1980-ci il fevralın 10-da 87 yaşında sevə-sevə vəsf etdiyi doğma Kəlbəcərinə, bütövlükdə isə bu dünyaya əlvida dedi. Maraqlıdır ki, o qədər pak qəlbə məxsus idi, onu öz vəsiyyətinə uyğun olaraq, Ağdabanla Çayqovuşan kəndlərinin arasında - meşə talasındakı uşaq qəbiristanlığında dəfn ediblər.

Ağdabanlı Qurbanın bədii yaradıcılıq nümunələrinin toplanaraq oxuculara çatdırılmasında folklor tədqiqatçısı, professor Sədnik Paşayevin xidmətləri böyük olub. Belə ki, Kəlbəcərdə zaman-zaman yaranan, lakin yazılı ədəbiyyata köçürülməyən folklor nümunələrinin toplanmasında əvəzsiz xidmətlər göstərmiş S.Paşayev 2000-ci ildə “Getmə” adlı şeirlər kitabı ilə bir daha təsdiqləyib ki, Ağdabanlı Qurbanın və Dədə Şəmşirin ədəbi irsi tədqiqata layiqdir.

Dədə Şəmşir taleyi üzünə gülən sənətkar olsa da, özündən sonra onun ədəbi irsi yağılar tərəfindən yandırılaraq məhv edilib, həm də bir neçə dəfə. Yaşayıb, yazıb-yaratdığı Ağdaban kəndi erməni vandalları tərəfindən odlara qalanıb. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər qəfil hücum edərək Ağdabanı ikinci Xocalıya çevirdilər. O qanlı faciə zamanı 32 nəfər ağdabanlı dinc sakin - qoca, qarı, uşaq həlak olub, iki nəfər evdə diri-diri yandırılıb, 17 nəfər isə girov aparılıb. Kənd bütünlüklə yerlə-yeksan olunub. Sübh tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü də yolda gülləbarana tutulub.
 
8 aprel 1992-ci ildə Ağdaban ermənilər tərəfindən yandırılaraq darmadağın edilib. Sonradan bərpa edilsə də, 26 mart 1993-cü il bu yurdun işğal tarixi kimi yaddaşlara yazılıb. Kəlbəcərin ilk şəhidliyi də məhz bu kənddən başlayıb. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı Miskin Abdal ocağının nəsil davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək, Dədə Şəmşirin qızı Çimnaz xanımı, milis mayoru, Zərdab rayon milis rəisinin müavini Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, “İstisu” sanatoriyasında müalicəyə gedən yüzlərlə dinc sakini (əksəriyyəti xəstə və qocalardan ibarət) terror nəticəsində qətlə yetirmişdilər. Bütün bunlar Dədə Şəmşir ocağının Kəlbəcərdə son illər yaşadıqlarının bir qismidir.

1957-ci ildə Aşıq Şəmşir Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Həmin il ustad həm də “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Dədə Şəmşirin yaradıcı əməyinə yüksək qiymət ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ustad 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü il tarixində “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Ustadın yubileylərinin dövlət başçısının sərəncamları ilə keçirilməsi, əlbəttə, Azərbaycan aşıq ədəbiyyatına verilən ən yüksək qiymətdir. Son dövrün ədəbi tədqiqatları isə göstərir ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından sayılan Dədə Şəmşirin yaradıcılığı Kəlbəcərdə dünyaya göz açmış şairlərinkindən fərqli olaraq, daha geniş şəkildə diqqət çəkmiş və onun ilk şeirlər kitabı Osman Sarıvəllinin redaktorluğu ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr edilib. 1971-ci ildə ustad sənətkarın “Qoşmalar”ı, iki ildən sonra isə “Seçilmiş əsərləri” işıq üzü görüb. Özündən sonra zəngin ədəbi irs qoyub getmiş Dədə Şəmşirin yaradıcılığı öyrənilməkdə və bir-birindən maraqlı tədqiqat əsərləri yazılmaqdadır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli), “Saxla izimi, dünya” (Məmməd Aslan), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu), “Dədə ocağı” (Məhəmməd Nərimanoğlu), “Sən dağlardan ayrılmadın”, “Sazımız ağlayır dağlar başında”, “Arı çiçəyə gələr” (Cəmilə Çiçək) kitabları nəşr edilib.
 
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədrinin müavini Həbib Misirov deyir ki, 2010-cu ildən təsis olunan bu qeyri-hökumət təşkilatının Azərbaycan incəsənətinin təbliğindəki fəaliyyətinə görə UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və ictimai birliyə qurumda məsləhətçi status verilib: “Ustad Dədə Şəmşirin hər il bir qayda olaraq anım tədbirlərində birliyin fəaliyyətində yaxından iştirak edən, aşığın yaradıcılığına sənət töhfəsi verən aşıqlara, xüsusən gənc nəslin nümayəndələrinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı tərəfindən fəxri diplomlar təqdim olunur. Anım tədbirində Dədə Şəmşirin həyat və yaradıcılığına həsr olunan film də ictimaiyyətə nümayiş etdirilir. Onu da deyək ki, birlik fəaliyyətə başladığı vaxtdan indiyə kimi mədəniyyətimizin təbliği istiqamətində 700-dən çox layihə həyata keçirib. Aşığın qorunub saxlanan, əldə olan əlyazmaları və öz səsi ilə ifa etdiyi 75 saz havasından ibarət audio-video disk buraxılıb və ictimaiyyətə təqdim olunub”.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

15.03.2018 11:41:39
Oxuma sayı: 515