İtaliya Azərbaycanda 230 milyard dollardan çox sərmayə qoyub
Ölçü:


İtaliyanın “exportiamo.it” internet portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi dərc edilib.

Koordinat.az
xəbər verir ki, “Azərbaycan: Avropa və Uzaq Şərq arasında strateji birləşdirici həlqə” sərlövhəli müsahibədə səfir Azərbaycan ilə İtaliya arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə ölkəmizin iqtisadi nailiyyətləri, sərmayə mühiti və iqtisadi imkanları barədə danışıb.

Azərbaycan bazarının əsas xüsusiyyətlərinin nədən ibarət olması ilə bağlı suala cavab olaraq diplomat təmsil etdiyi ölkənin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olduğunu, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyini, dünya iqtisadiyyatına inteqrasiyası, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrilməsi, Azərbaycana böyük xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü bildirib. Ölkəyə yatırılan sərmayələrin həcminin 230 milyard ABŞ dollarını ötdüyünü, bunun yarısının xarici sərmayələrin payına düşdüyünü və hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil etdiyini bildirib.

Son illərdə ölkəmizdə önəmli iqtisadi islahatların həyata keçirildiyini, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatının 2017-ci ildə rəqabətlilik qabiliyyətinə əsasən iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını və bu göstəriciyə görə MDB məkanında lider dövlət olduğunu, ölkədəki sabitlik və təhlükəsizliyin bu nəticələrin əldə olunması və uzun müddətli dayanıqlı inkişafın təmin edilməsi üçün əsas amillər olduğunu deyib.

Azərbaycan və İtaliya arasında siyasi və ticarət əlaqələrinin cari vəziyyəti barədə suala cavabında diplomat bildirib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr yüksək səviyyədədir və 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2017-ci ildə İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,7 milyard ABŞ dolları təşkil edib. Bu, 2016-cı ilə nisbətdə 232 faiz artım ilə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,91 faizinə bərabərdir.

Səfir Məmməd Əhmədzadə qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac istiqaməti və yeddinci təchizatçısıdır. 2017-ci ildə Azərbaycanın İtaliyanın ən böyük xammal təchizatçısı olduğunu, İtaliyanın ümumi xam neft təchizatının 18,6 faizinin Azərbaycanın payına düşdüyünü və TAP layihəsinin həyata keçirilməsi ilə İtaliyaya, həmçinin qaz ixrac edəcəyimizi deyib. Bildirib ki, Azərbaycanda yüksək keyfiyyətli xidmət və məhsullara tələbin artması “Made in Italy” brendi üçün geniş imkanlar açıb və Azərbaycanda italyan şirkətlərinin sayı artmaqdadır.

Azərbaycanın iqtisadi perspektivləri ilə bağlı suala cavab olaraq diplomat ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payının 70 faiz olduğunu və hazırda qeyri-neft məhsullarının ixracının artırılmasının prioritet olduğunu bildirib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında mərkəzi rol oynadığını, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başladığını, Şimal-Cənub nəqliyyat dəhlizi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə işlərin davam etdiyini, bütün bunların Uzaq Şərq və Avropa arasında birbaşa, qısa, davamlı və etibarlı nəqliyyatı təmin edəcəyini və Azərbaycanın yeni “Böyük İpək Yolu” layihəsinin fundamental həlqəsini təşkil etdiyini vurğulayıb.

Azərbaycanda enerji sektorunun uzun müddət üçün önəmli rol oynayacağını deyən səfir, bu xüsusda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqlarının 2050-ci ilə qədər işlənilməsi üzrə yeni kontrakt bağlandığını, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində qaz ixracatçısı kimi də Azərbaycanın rolunun güclənəcəyini, neft-kimya sektorunun inkişaf etdiyini, bu sahəyə italyan şirkətlərinin də cəlb olunduğu önəmli layihələrin həyata keçirildiyini, yaxın illərdə ölkəmizin neft və qaz məhsullarının ixracı potensialının artacağını bildirib. Əlavə edib ki, bütün bu amillər ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə fəal rol oynamasına gətirib çıxaracaq və Azərbaycanın davamlı inkişafını təmin edəcək.

Ölkəmizdə yerli istehlakçılar tərəfindən daha çox bəyənilən italyan məhsulları və “Made in Italy” brendinin necə başa düşüldüyü ilə bağlı sualı cavablandıran M.Əhmədzadə qeyd edib ki, İtaliyanın adı yüksək keyfiyyət, gözəl dizayn və zövqlə birlikdə çəkilir və italyan məhsulları ölkəmizdə daha çox bəyənilən məhsullar sırasındadır. Azərbaycan istehlakçısının geyim, ev əşyaları, ərzaq, avtomobil və sair kimi italyan məhsullarını bəyəndiyini deyən diplomat, paytaxtımızın küçələrini gəzərkən, demək olar ki bütün məşhur italyan brendlərinə rast gəlindiyini bildirib.

Azərbaycanda sərmayə imkanlarına dair sualla bağlı diplomat deyib ki, ölkəmiz xarici sərmayələr üçün əlverişli iqlim şəraitinə malikdir və biz müştərək müəssisələr çərçivəsində sənaye layihələrinin həyata keçirilməsi üçün sərmayələrin qoyulmasında maraqlıyıq, habelə ölkəmizdə yaradılan sənaye parklarında da maraqlı sərmayə imkanları mövcuddur. Nəqliyyat, enerji, yüksək texnologiyalar, tikinti, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf yaşadığını və xarici tərəfdaşlar ilə əməkdaşlıq üçün böyük perspektivlərə malik olduğunu bildirib. Ölkəmizin coğrafi və logistik üstünlüklərindən danışan diplomat bildirib ki, regionda ən böyük hava limanı, dəniz limanı və inkişaf etmiş dəmir yolu şəbəkəsi ilə logistik mərkəz olan Azərbaycandan 270 milyon istehlakçısı olan MDB bazarlarına rahat çıxış əldə etmək, həmçinin cəmi 4 saatlıq uçuşla dünya istehlakçılarının təxminən 50 faizinin yaşadığı 50 ölkəyə getmək mümkündür. Qeyd olunan səbəblərdən də, italyan şirkətləri Azərbaycana sərmayə yatırmaqla bütün bu bazarlara asan və əlverişli çıxış əldə edə bilərlər.

Sonda diplomat Azərbaycanın çoxmədəniyyətli ölkə və dünyəvi dövlət olduğunu, Azərbaycan ilə İtaliya arasında çoxsaylı bənzərliklərə görə italyanların ölkəmizə asanlıqla uyğunlaşdığını, respublikamızda əhalinin təxminən yarısının iqtisadi cəhətdən fəal olduğunu və savadlılıq dərəcəsinin son dərəcədə yüksək olduğunu (99,8 faiz), çoxsaylı tədqiqat və inkişaf mərkəzlərinin, ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini və bunların iqtisadi inkişafın elmi komponentini və insan resurslarını təmin etdiyini bildirib. Azərbaycanda sahibkarlıq sahəsinin çox dinamik, bazarın çox rəqabətli olduğunu deyən diplomat uğur əldə etmək üçün yaradıcı və yenilikçi yanaşmanın tələb olunduğunu vurğulayıb.
14.03.2018 13:39:00
Oxuma sayı: 1003