Cəmiyyəti söyüş meydanına sürükləyənlər
Ölçü:


Şahin CƏFƏRLİ,
Politoloq

Söyüş, aşağılama, qarğış bizim kültürümüzdə var, amma sərhədləri dəqiq bilmək və əndazəni aşmaq olmaz.

Təəssüf ki, yaxın keçmişdə iqtidar-müxalifət rəqabətində birincilər yəqin ki, qarşı tərəfi karikaturalaşdırıb lağ obyektinə çevirmək və beləliklə, onları ictimai rəydə gözdən salmaq məqsədi güdərək aşağılamalara, şəxsi təhqirlərə şərait yaratdılar. Bu cür mübarizə üsulundan istifadə olunmağa başlananda hələ sosial şəbəkələr yox idi və TV-ləri nəzarətdə saxlayan tərəf bir qapıya oyun oynayaraq mütləq üstünlüyü əlində tuturdu.

İT sahəsinin ildırım sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın vazkeçilməz elementinə çevrilməsi nəticəsində vəziyyət dəyişdi və tədricən əyan olmağa başladı ki, ənənəvi nəzarət mexanizmləri əvvəlkitək işə yaramır. Yəni bir tərəf böyük xərc müqabilində texnika alır, TV açır, kollektiv yığır, yaradıcılıq siyasəti müəyyənləşdirir və davamlı maliyyələşdirmə həyata keçirir, qarşı tərəf isə çox minimal xərclə (internet pulu ödəməklə) “YouTube”u, “Facebook”u öz şəxsi TV-sinə çevirib oradan cavab verir. Çox təəssüf ki, bu cavablar arasında normal müxalifətçilik anlayışı ilə əlaqəsi olmayan qeyri-etik, səviyyəsiz reaksiyalara da rast gəlinir – buna əkiləni biçmək və ya bumeranq effekti də deyə bilərik.

Təbii ki, internet üzərində də nəzarət tətbiq etmək, sosial şəbəkələri bloklamaq mümkündür, amma Şimali Koreyanın belə yola gəlmək istədiyi müasir dünyada bunun hansı reaksiyalara səbəb olacağını təsəvvür etmək çətin deyil. Sərf eləməz.

Yerli TV-ləri sərt nəzarət altında saxlamağın, orada yaradıcılıq azadlığını, plüralizmi məhdudlaşdırmağın başqa bir neqativ tərəfi barədə isə dəfələrlə yazmışıq. Bu, ondan ibarətdir ki, aparılan siyasət nəticəsində əhalimiz siyasi məzmunlu xəbər və şərhləri başqa dövlətlərin mediasından - Rusiya və Türkiyə telekanallarından izləməyə məcbur qalıb. Bunun özü milli maraqlara, çox danışılan "informasiya təhlükəsizliyi"nə zidd olmaqla, iqtidardakı qüvvənin siyasi maraqları baxımından da potensial təhdidlər ehtiva edən haldır. Sabah Rusiya TV-lərinin sizin əleyhinizə təbliğat aparmayacağına təminat varmı? Bu durumda bizim hökumətin məsələn, Moldova qədər arxayınçılığı varmı ki, həmin telekanalların ən azı siyasi proqramlarını bloklasın? Bu, Rusiya ilə dövlətlərarası münasibətlərdə arzuolunmaz və riskli gərginliyin yaranması demək olardı.

Başqa problemlər də var, amma jurnalistlərin qurultayında bunların heç birinə toxunulmadı. Çox bəsit çıxış yolunu deyim: ənənəvi mediaya da, topluma da qram-qram da olsa, azadlıq vermək.
13.03.2018 16:40:09
Oxuma sayı: 430