Azərbaycanda yoxsulluq 28.2 faizə çatır - Dünya Bankının hesabatından
Ölçü:


Dünya Bankı Cənubi Qafqazın 3 ölkəsində iqtisadi və sosial duruma aid qısa hesabat açıqlayıb. Sənəddə bir neçə maraqlı fakt var. Belə ki, bank ekspertləri regionda yoxsulluğun ən aşağı səviyyəsinin Azərbaycanda olduğunu qeyd edirlər. Bu tamamilə normaldı - böyük neft gəlirləri Azərbaycanda daha yaxşı sosial-iqtisadi şərtləri təmin edib.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, əsas diqqətçəkən məqam odur ki, Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 9 faiz ətrafında olduğunu qeyd edir. Bu, Azərbaycan hökumətinin rəsmi göstəricisindən (5.2%) kifayət qədər yüksəkdir. Lakin Dünya Bankının 9 faizlik göstəricisi beynəlxalq yoxsulluq şkalası ilə gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir. Beynəlxalq yoxsulluq şkalası 5 dollar götürüldükdə Azərbaycanda yoxsulluq səviyyəsi 28.2 faizə çatır. Ermənistanda bu göstərici 71.7 faiz, Gürcüstanda 69.3 faiz təşkil edir.

"Hesabatda maraqlı olan hesablamalardan biri əyalətlərdə yoxsulluq səviyyəsinin daha yüksək olmasıdır. Məsələn, Gəncə regionunda yoxsulluq həddi 17 faizdir. Halbuki hökumət bölgələr üzrə yoxsulluq səviyyəsini açıqlamır" - deyə, Rövşən Ağayev bildirib.

Bank ekspertləri vurğulayır ki, devalvasiya və onun doğurduği qiymət artımı 2015-2016-cı illərdə milyonlarla insanı yoxsulluğa sürükləyib. Amma Azərbaycan hökumətinin rəsmi statikasında manatın kəskin devalvasiyasının doğurduğu nəticələr yoxsulluqla bağlı rəqəmlərdə öz əksini tapmayıb.

Dünya Bankı Cənubi Qafqaz ölkələrinin hər birində 1500 ev təsərrüfatı arasında keçirdiyi sorğuların nəticələrini də hesabata daxil edib. "Dörd il əvvəlki ilə müqayisədə ailəniz indi daha yaxşı yaşayır, ya əksinə" sulaına cavablar fərqli olub. Ermənilərin 66 faizi, gürcülərin 57 faizi, azərbaycanlıların 27 faizi yaşayışlarının pisləşdiyini vurğulayıblar. Lakin 3 ölkə arasında bu suala "bilmirəm" cavabına görə ən yüksək faizi də Azərbaycan toplamışıq - 16 faiz.
12.03.2018 20:05:54
Oxuma sayı: 442