Elmar Məmmədyarov ATƏT PA-nın sədri ilə görüşdü
Ölçü:


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edildi və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişafı etdirilməsinin vacibliyi vurğulanıb. Georgi Tsereteli martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin əməkdaşlığın möhkəmlənməsi əsaslı töhfə verəcəyinə əminliyini bildirildi. Azərbaycan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasının işində fəal iştirakı və əməkdaşlığı inkişaf etdirmək üçün təşəbbüslərlə çıxış etməsi təqdir edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu dedi.

Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunuldu. Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyini və Azərbaycan xalqının iradəsini əks etdirəcəyini vurğuladı. O, seçkilərin keçirilməsi üçün hazırlıq işlərinin peşəkar şəkildə Mərkəzi Seçki Komissiyası tərəfindən aparıldığını diqqətə çatdırdı.

Georgi Tsereteli ATƏT-in Parlament Assambleyasının qərəzsiz və neytral mövqedən çıxış edərək seçkiləri müşahidə edəcəyini qeyd etdi.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
12.03.2018 18:57:00
Oxuma sayı: 277