Ramsfeldlə Sarkisyanın gizli sövdələşməsi- məxfi dosye
Ölçü:


Erməni politoloq, Tafts universiteti yanında Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin elmi əməkdaşı, keçmiş baş nazir Tiqran Sərkisyanın keçmiş müşaviri Suren Sarkisyan Pentaqon arxivinin ABŞ-Ermənistan münasibətlərinə dair bir qismini araşdırıb.

Sarkisyan araşdırmanın nəticələrini özünün facebook səhifəsində dərc edib. Məxfisizləşdirilmiş arxivlərdən 2001-ci ildə iki ölkənin o zamankı nazirləri Donald Ramsfeld və Serj Sarkisyan arasındakı danışıqların bəzi ayrıntılarını öyrənirik. Ramsfeld 2001-ci ildə Ermənistana səfər edərək, dövlət katibindən sonra İrəvana gələn ikinci yüksəkçinli Amerika məmuru olub.

Sarkisyanla danışıqlarda bir sıra ciddi anlaşmalar əldə edilib.

Pentaqon başçısı erməni həmkarını xüsusən də “Azadlığa dəstək aktı” qanununa 907-ci düzəlişdən yan keçməkdə Vaşinqtonun fəaliyyətinə dəstək xahiş edib.

ABŞ Konqresi 1992-ci ilin oktyabrında keçmiş sovet respublikalarına dövlət yardım göstərilməsini tənzimləyən “Azadlığa dəstək aktı” adlı qanun qəbul edib. Bu qanuna 907-ci düzəlişə əsasən, Dağlıq Qarabağdakı münaqişə üzündən ABŞ hökumətinə Azərbaycanın rəsmi strukturlarına yardım etmək yasaqlanıb. ABŞ-ın erməni icması qanunun qəbuluna böyük təsir göstərib. 907-ci düzəlişin təsiri Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlər əsasında 2002-ci ildən başlayaraq illik əsasda ABŞ prezidenti tərəfindən dayandırılır.

ABŞ 2001-ci ildə Azərbaycanla beynəlxalq terrorizmə qarşı yönəlik hərbi əməkdaşlıqda maraqlı idi, 907-ci düzəliş isə Bakı ilə təmasları fəallaşdırmaq yolunda maneə idi.

Amerika-Azərbaycan hərbi əməkdaşlığının güclənməsi Ermənistan və Dağlıq Qarabağı zəiflədəcəyi xüsusunda təşvişə baxmayaraq, Ermənistan tərəfi nəticədə amerikalıların fəaliyyətini dəstəkləməyə razılaşıb. Lakin o zamankı XİN başçısı Vardan Oskanyanın bildirdiyi kimi, Ermənistan ABŞ-ın təklifləri ilə razılaşaraq arzuolunmaz ssenarilərdən özünü “tam sığortalayıb”. Onun sözlərinə görə, Azərbaycanın aldığı yardımın heç biri Qarabağa qarşı istifadə edilə bilməz.

ABŞ İrəvanın iltifatının əvəzində Ermənistana hərbi və maliyyə yardımı vəd edib. Ermənistan hökuməti də terrorizmlə mübarizədə ABŞ-a yardım etməyi söz verib. Amerikalılar Əfqanıstan və İraqa müdaxilə ərəfəsində başqa dövlətlərin diplomatik dəstəyinə nail olmağa çalışırdı. Erməni ekspert həmçinin xəbər verir ki, amerikalılarla görüşün təşkilati məsələlərini Serj Sarkisyanın o zamankı köməkçisi, indi isə müdafiə idarəsinin başçısı Vigen Sarkisyan həll edib. O, məxfi görüşlərin hamısına qatılıb, bütün materiallara əli işləyib.

Politoloqun sözlərinə görə, Ermənistanla ABŞ-ın hərbi əməkdaşlığına dair arxivlərin böyük hissəsinin məxfisizləşdirilməsi hələ qarşıdadır. Suren Sarkisyan yazır: “Pentaqonun dosyesi son dərəcə böyükdür”.

Ekspert əvvəllər qeyd edib ki, ABŞ Qarabağ münaqişəsinin  nizamlanması üzrə vasitəçilərdən biri olsa da, Azərbaycana silah tədarük etməkdən rəsmən imtina edib, bunu İsrailin yardımı ilə edir. Yəhudi dövləti Azərbaycanın aparıcı hərbi-texniki tərəfdaşlarından biridir. Və Sərkisyanın hesab etdiyinə görə, Təl-Əvivin tədarük etdiyi silah növlərinin çoxu Amerika texnologiyaları ilə hazırlanıb. Ekspert qeyd edir: "faktiki olaraq bu texnologiyaları İsrailə ABŞ verir, o isə sonradan bunları Azərbaycana ötürür". 

eadaily.com, 15.11.2017
Tərcümə Strateq.az-ındır.  

16.11.2017 18:06:00
Oxuma sayı: 1541