AD
Ölçü:


Süleyman QARADAĞLI
Ad vermək, ad qoymaq tarixən ən mühüm və ciddi məsələ olub.  Xalqımızın ən qədim yazılı abidəsi olan “Dədə Qorqud” dastanında  ulu ozan  boy boylayib, soy soylayar və hər kəsin əməlinə uyğun adlar verərdi.

Ad mərama, məqsədə uyğun veriləndə xüsusilə yerinə düşür və gözəl səslənir. Yenidənqurmanın ilk illərində yeni yaranan şirkət və kooperativlərə verilən bir sıra gözəl adlar indi də unudulmur: “Qasid” mətbuat yayımı, “Sünbül” çörək kooperativi, “Bərəkət” çörək mağazası, “Pürrəngi” çay evi və s.

İndi paytaxtda və payonlarda  heç də az olmayan şadlıq saraylarına verilən adlarla onun məramı arasında çox vaxt uyğunluq tapmaq çətin  olur. Məsələn, deyək ki, şadlıq sarayının “Sofiya”, “Praqa”, “San-Remo” və s. adlandırılması ilə məzmunu arasında hansı uyğunluq var? Doğrudanmı həmin saraylarda süfrəyə bolqar və çex mətbəxinin  nümunələri təqdim olunur, yaxud həmin ölkə mədəniyyəti hansısa  formada nümayiş etdirilir? Söhbət menyudan gedirsə, eyni və oxşar yeməklər digər saray və toy məkanlarında olduğu kimidir. Son vaxtlaradək paytaxtda fəaliyyət göstərən şadlıq saraylarından yalnız “Kleopatra” və “Planet”də həmin uyğunluğu tapmaq mümkün idi. “Kleopatra”nın divarlarına bütünlüklə Misir mədəniyyəti nümunələri həkk edilib, “Planet”ə qədəm qoyanda isə bir neçə saatlığa da olsa sanki özünü  başqa planetdə hiss edirdin.

Təəssüf ki, belə səslənməyən adlardan biri də Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisidir. Umumiyyətlə, bu ad necə və haradan doğub? Necə yəni ahıl? Jurnalist yazı masasından çəkilməyibsə,  qələmi əlindən düşməyibsə  o elə sıradadır, onun nə ahılı, nə cavanı? Yaşı 60-ı adlayan qələm sahiblərini ətrafına toplayan təşkilatda ahıllığı qabartmaq nəyə xidmət edir? Həm də axı niyə 60, tez deyilmi? Söhbət doğrudan da qocalıqdan gedirsə heç olmasa ölkəmizdə qəbul olunan pensiya yaşını nəzərə almaq lazım idi. Hər yerdə insan ömrünün uzadılmağından söhbət getdiyi halda bu senz necə və nəyə əsasən müəyyənləşdirilib? Təşkılat üzvlərinin peşəkarlığı, veteranlığı nəzərdə tutulursa, heç olmasa məhz bu məqamı qabartmaq, vurğulamaq olar, yoxsa ahıl nədir? İnsanın, indiki halda jurnalistin qocalığını üzə vurmaq, başına qaxmaq nə dərəcədə etikdir? Hər halda həyatının böyük bir hissəsini bu sahəyə sərf edən peşə sahiblərinin ictimai təşkilatına daha münasib ad seçilməli idi.

Deyilənə görə, sovet vaxtı Mədəniyyət Nazirliyindən  uşaq mahnıları bəstəkarı Rəşid Şəfəqə zəng edərək əməkdar mədəniyyət işçisi adı almaq üçün sənədlərini hazırlamağı tapşırırlar. Rəşid müəllim təəccüblənərək soruşur:
-Axı hələ Oqtay Zülfüqarova bu ad verilməyib...

Nazirlikdən təkid edirlər:
-Sənin başqası ilə nə işin? Biz səni məsləhət bilirik...

Lakin  bəstəkar təklifi qəbul etməyərək gözəl bir nümunə qoyur...

Görəsən indi müxtəılif adlar alanların içərisində bircə nəfər də olsun beləsi olubmu?
Televiziya verilişlərinin birində bəstəkar, əməkdar incənət xadimi  Cavanşir Quliyevə belə bir sual verdilər:” Nəyə görə sizə “Şöhrət” ordeni verilmir?” Bəstəkar  həmin suala çox maraqlı bir cavab verdi: “Əgər “Şöhrət” ordeni həqiqətən də şöhrətli adama verilirsə, onda o orden artıq məndə var...”

Əslində ad mərama, əmələ, fəaliyyət sahəsinə, görülən işə və xidmətə görə verilməlidir. İstər müəsisə və təşkilat adı olsun, istərsə də insan...


12.03.2018 12:18:00
Oxuma sayı: 710