Bank bataqlığının ikinci dalğası başlayır
Ölçü:

Azərbaycanda problemli kreditlər məsələsi bank sistemi, əhali və biznes üçün ən böyük problemlərdən biri olmaqla, getdikcə dərinləşməkdədir. Belə ki, ölkədə qaytarılmayan kreditlərlə yanaşı, onları qaytara bilməyənlərin məhkəməyə verilməsi halları da artıb.

Bu barədə “Yeni Müsavat”a məlumat verən hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, bankların məhkəmələrə daha çox üz tutmaları qanunvericiliyin tələbindən irəli gəlir. Mütəxəssis deyir ki, qanunvericiliyə əsasən kredit müqaviləsinin müddəti bitdikdən bir qədər sonra bankların məhkəmədə iddia qaldırması mümkünsüz olur: “İddia müddətini itirməmək üçün banklar məcburdurlar ki, müqavilə dövrü bitən kreditlərlə bağlı məhkəməyə müraciət etsinlər. Buna görə də son aylarda belə iddiaların sayı artıb.”

Ə.Həsənovun sözlərinə görə, iddia müddəti bitməyən, xüsusilə məbləği 3 min manatdan aşağı olan problemli kreditlərlə bağlı banklar məhkəməyə getməkdə maraqlı deyillər: “Bu, banklara iki baxımdan sərf etmir: işçi heyətin sayı imkan vermir, əlavə işçi götürmək isə əlavə xərclər deməkdir. Bundan başqa, banklarla məhkəmələr arasındakı münasibətlərin forması da bu prosesdə bankların xərclərini artırır. İkinci səbəb isə budur ki, banklar məhkəməyə verdikləri şəxslərin hüquqşünaslara üz tutaraq, özünü müdafiə edəcəyi, bu üzdən də məhkəmə prosesinin azı ilyarım-iki il yubanacağını bilirlər. Son vaxtlar bu sahədə çox yaxşı ixtisaslaşmış hüquqşünaslar təbəqəsi yetişib və onlar peşəkarcasına davranırlar. Bir çox hallarda isə bank prosesi udsa belə, məlum olur ki, kreditorun borcu qaytarmaq imkanı yoxdur. Bu zaman borclunun həbsi də gözlənilən effekti vermir. Buna görə də banklar çalışırlar ki, borclularla dil tapsınlar, müəyyən güzəştlər edirlər. Məsələn, hazırda banklar var ki, dollarla olan kreditləri 1.30-1.40 AZN məzənnəsi ilə manata çevirirlər. Xüsusilə borc məbləği böyük olanda banklar bilirlər ki, camaatın qaytarmaq imkanı olmayacaq onsuz da.”
04.11.2017 13:58:29
Oxuma sayı: 96