Erməni ordusu böyük təlimə başlayıb – danışıqlar prosesinin aktivləşdiyi ərəfədə
Ölçü:


Erməni silahlı bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimləri davam edir.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, təlimlər zamanı artilleriya qurğularından və ağır döyüş texnikasından atışlar həyata keçirilib. Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Ermənistan ordusunun Dağlıq Qarabağa dair danışıqlarının aktivləşdiyi ərəfədə fəal təlimlərə başlaması münqaişənin həlli məsələsində xeyli suallar yaradıb. Belə ki, düşmən ölkənin ordusunun fəallaşması və böyük təlimlərə başlaması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri görüş keçirdiyi vaxta təsadüf edir.

Xatırladaq ki, həmsədrlər noyabrın 15-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-da isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar. Noyabrın 20-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana  səfəri planlaşdırılıb.
16.11.2017 19:07:00
Oxuma sayı: 216