Martın 11-də 40 minə yaxın şagird imtahan verəcək
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM)  martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirəcək.

DİM-in mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 39496 şagirdin imtahan verməsi nəzərdə tutulub. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 4-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan mərkəzi ayrılıb.

İmtahanda 39496 (Sumqayıt şəhərində 4416, Abşeron rayonunda 3842, Gəncə şəhərində 3365, Daşkəsən rayonunda 280, Göygöl rayonunda 877, Samux rayonunda 676, Şamaxı rayonunda 944, Naftalan şəhərində 88, Goranboy rayonunda 1320, Yevlax şəhərində 1397, Şəki şəhərində 2045, Qəbələ rayonunda 1343, Oğuz rayonunda 561, Bərdə rayonunda 2200, Ağdam rayonunda 929, Tərtər rayonunda 886, Kürdəmir rayonunda 1203, Zərdab rayonunda 611, Ağsu rayonunda 681, İmişli rayonunda 1252, Sabirabad rayonunda 1799, Biləsuvar rayonunda 1387, Saatlı rayonunda 1019, Lənkəran şəhərində 2282, Astara rayonunda 1283, Xaçmaz rayonunda 2112, Şabran rayonunda 698) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 277 imtahan rəhbəri, 3355 nəzarətçi müəllim ayrılıb.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 10-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

07.03.2018 12:54:00
Oxuma sayı: 1414