Şəhid qardaşını Eynulla Fətullayev üzr istətdirib...- Qalmaqal böyüyür
Ölçü:

Şəhid Səbuhi Əhmədovun qardaşının 6 minlik rüşvət iddiasını geri götürməsi və üzr istəməsinə dair videosu barədə qalmaqal böyüyür.

Koordinat.az xəbər verir ki, tanınmış jurnalist Jalə Mütəllimova şəhid qardaşının üzr videosunu kim və harada çəkməsinə dair bu gün yazdiğı statusda həmkarı Eynulla Fətullayevin adını hallandırıb. O, sözügedən videonun və Eynulla ilə şəhid qardaşının birgə fotolarını da paylaşaraq "Bu fotolarda şəhid qardaşının oturduğu məkan eyni, geyim eyni, əyləşdiyi oturacaq eyni, üz cizgisi eyni, əlini qoyduğu stol eyni, otaq eyni..." yazıb.

 Həmin statusu olduğu kimi təqdim edirik:
"Rəzilliyin fotosudur birinci. Bizi millət və dövlət kimi rəzil edirlər. İkinciyə gəlincə, savadının, istedadının, bacarığının doğurdan da əvəzi yoxdur. Bunu dəqiq bilirəm. Bəlkə onun, həmkarım Eynulla Fatullayevin haqqında kimsə belə sevgi və sayğı ilə hətta, ədalətlə post yazmayıb indiyəcən.
Onun qələmi, rusdilli yazar, media quruluşu sahibi olaraq əvəzsizdir. Ölkənin rusdilli təbəqəsi üçün ən yaxşı media quruluşu da ondadır. Odur ki, ən yaxşı yaşamağı da, yaratmağı da haqq edir.
Amma bütün müəmmalı ölümlər, dostluqlar, həbslər, müflisliklər də onun dostları və ya dostlarının dostları sırasından olur. Bunu gördüyümü bilsin istədim.
Mən ona dayanmağı arzu edirəm. Bu reketçiliklə mübarizə deyil, bu qrup marğınında  özünü istifadəyə verməkdir. Amma bunu kimsə içəridə dövlətçilik, millətçilik, milli təəssüb bilir. Yalnış yanaşmadır. Mən təhqir və söyüş olan yerlərdən uzağam. Yazılarımda da məni söyənə artıq söz deməmişəm. Sadəcə fikrimi bildirirəm. İnsan özünü bu qədər istifadəyə verirsə, sonu ya həbsdir, ya müflislik, ya ölüm. Çünki özündən ancaq bu məqsədlər üçün kimlərinsə yararlanmağına yol verib. Çox təhlükəli oyundur, həyatını ortaya qoymaq. Bunu çoxu anlamır. Amma Eynullanın illər öncə ölümünün qarşısında "Azadlıq" qəzetində duran imzalardan biri kimi mən bunu çox dəqiq görürəm. Onda indiki "qardaşlarının" hamısı ona düşmən idi. Hətta bəzi hərəkətlərini, jest və davranışlarını ələ salırdılar.
Və...Rasim Məmmədovun ifadəsindəki "o (yəni Əvəz) ölkəni türk kəşfiyyatına satıb"  cümləsinin altında nələr dayandığını da anlayıram. Bu Əvəzin özü daxil, çoxundan çox böyük sözdür. Mənim kimsəni müdafiə niyyətim yoxdur, Azərbaycandan başqa. Odur ki, bu söz, cümlə gözümdən qaçmadı. Neçə gündür gözləyirəm bəlkə bu ortada söyənlər ciddi bir canıyananlıq göstərə, gördüm yoxdur. Bu fikir hamıya elə Eynullaya da zərər verəcək, amma indi yox,  bir az sonra.  Bu Azərbaycan-Türkiyə münasibətlərində gərginlik, sərinlik yaratmaq üçün ilkin altyapıdır.
Dayan qardaş! Bu qədər yetər!
Əvəzsiz olduğunu sənə durmadan deyənlərə, çox da bel bağlama, hamısının dibini bilirik!..
Ömrümüzün otuz ili bunu görməklə keçib.
Bu fotolarda şəhid qardaşının oturduğu məkan eyni, geyim eyni, əyləşdiyi oturacaq eyni, üz cizgisi eyni, əlini qoyduğu stol eyni, otaq eyni (birinci şəkilin sol küncündə fona yaxşı rəng atmayıblar) və üzr diləyir bir şəhid qardaşı. Ölkəni sındırılmış, şəxsiyyətsiz edilmiş adamlarla doldurmaq, dövlətin kökünü qazımaqdır. Dur, bu prosesdə hansısa dividentə görə iştirak etmə! Dayan! Yazıqdır bu ölkə, xalq və o lider! Vallah səmimi deyirəm, çox yazıqdır!(((
P.S. O şəhid qardaşından indi kim üzr istəyəcək? Üç böyük dövlət qurumu var, bu günki hadisələr baxımından adlarını çəkməyi məqbul saymıram. Amma hər üçünün üzr borcu var,  içəridə dövlətə, sonra xalqa, şəhidin ruhuna və qardaşına".
16.09.2022 17:21:00
Oxuma sayı: 2409