Rövşən Rzayev vətəndaşları qəbul edib - FOTO
Ölçü:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 9-da əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.

Koordinat.az xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu, yaşayış binalarının tikildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

Məcburi köçkünlərin doğma yurda - işğaldan azad edilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib. Bildirilib ki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsi başa çatıb – bu mərhələdə kənddə 41 məcburi köçkün ailəsi yerləşdirilib. Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək. Şuşada və Ağdamda da yeni yaşayış binaları inşa olunur.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
 

09.08.2022 16:10:00
Oxuma sayı: 1093