İntihar edən 22 yaşlı qızın bacısı:"Onu xonçalarla evdən apardıq" - MÜSAHİBƏ
Ölçü:



Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabovanın yaşadığı evin yataq otağında özünü asaraq, intihar etməsi xəbəri neçə gündür ki, medianın gündəmini zəbt edib. Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kurs tələbəsinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bəzi xəbər portalları Nigarın maddi problemə, bəziləri 33 yaşlı və evli sevgilisinə, bəziləri isə universitetdə imtahandan kəsildiyinə görə özünü asdığını yazıblar.

Koordinat.az
xəbər verir ki, yayılan məlumatlara aydınlıq gətirmək üçün mərhumun özünü asdığı, Yeni Yasamal-2, bina-5 ünvanında yerləşən  mənzilinə yollanan Musavat.com-un əməkdaşı gördüklərini belə təsvir edir:

Qızılgül ləçəkləri və qərənfillər səpilmiş pilləkənlərlə qalxıb evə daxil oluruq. Qapıda bizi Nigarın İTV-də redaktor işləyən bacısı Aytac Vahabova qarşılayır. Yas mərasiminə qatılan xanımların yanında əyləşib, Aytacla söhbətə başlayırıq:
-Bacımı dünən dəfn etdik. Onu vağzalı sədaları altında, xonçalarla evdən apardıq. Evli, nişanlı deyildi, həyatda heç nə görməmişdi. Rəfiqələri arxası ilə güllər səpdilər. 22 yaşı vardı, yanına 22 qızılgül qoyduq, arxası ilə 100 qərənfil atdıq. Həyatda ən çox sevdiyi şey güllər idi. Bacım bizə məktub qoyub gedib. Məktubda yazmışdı ki, “Sizi çox istəyirəm, bağışlayın ki, bunu etdim, özünüzə yaxşı baxın”.  İtini də anama tapşırıb. Nigarı Şüvələn qəbirstanlığında dəfn etdik.

- Nigarın son günlərdə davranışları və əhval-ruhiyyəsi necə idi?
- Son  günlərdə mənim ürəyimdə itki qorxusu var idi. Lakin heç vaxt ağlıma gəlməzdi ki, bacım intihar edə bilər. Iki bacı, bir qardaş idik. Bacım həyatsevər, gülərüz qız idi. Bəzənməyi, gözəl geyinməyi sevirdi. İntihar etməzdən əvvəl də saçlarına maska qoyub, işə hazırlaşıb. İntihar haqda düşünən adam saçına maska qoyar? Heç bir problemi yox idi. Əhvalı yaxşı idi. Problemi olsaydı, hiss edərdik və ya bizə deyərdi. Onun ən yaxın rəfiqəsi anamdı. Zəif xarakterə malik olduğu üçün xırda problemi olanda da onu böyüdürdü, bizə deyirdi ki, siz həll edin. Bilmirəm ki, gücü çatmırdı, ya etmək istəmirdi. Xırda problemi o özü üçün dağ boyda məsələyə çevirirdi. O problem saydığı məsələlərə mən gülürdüm. Yəqin, xırda bir məsələdən təsirlənib, intihar edib. Allah onu yanına aparmaq istəyib ki, biz Nigarı tez tapmadıq. Nigarın da taleyi belə yazılıbmış.



 - Bir az da Nigarın özünü asdığı gündən danışaq... Bildiyim qədəri ilə ən son sizinlə danışıb...
- Nənəm xəstə olduğu üçün bir həftədir ki, nənəmgildə qalıram. Özünü asdığı gündən əvvəl səhərə yaxın saat 4-ə qədər telefonla danışmışdıq. Səhər saat 8-ə işləmiş mənə mesaj yazdı ki, “Facebook” parolumu bərpa elə, səhv yazmışam, açılmır”. Mesajına cavab yazmadım. Sonra neçə dəfə zəng etdim, amma götürmədi. Həmişə Nigarın telefonu səssizdə olurdu, dərs oxuyurdu, imtahana hazırlaşırdı, ingilis dilini öyrənirdi, istəmirdi ki, ona telefon mane olsun. Narahat olsam da, fikirləşdim ki, yəqin, telefonu səssizdədir. Saat 14:00-da iş yoldaşları mənə zəng vurub, dedilər ki, “Nigar işə gəlməyib. Hər gün saat 9-da işdə olurdu, bu gün niyə yoxdur?” O zaman narahatlığım birə-beş artdı. Anamgilə xəbər elədim, evə gəlib, gördük ki, özünü asıb.

- Mətbuatda məlumat yayılmışdı ki, Nigarı asılı vəziyyətdə sevgilisi tapıb, onu ipdən açıb yatağa uzadıb, sonra qaçıb.
- Nigarı asılı vəziyyətdə biz tapmışıq. Sevgilisi yox idi, olmayan şəxs onu necə asılı vəziyyətdə tapa bilər? Nigarın “İki sahil” qəzetində jurnalist işlədiyini də yazırlar. Digər məlumatlar kimi bu xəbərdə yanlışdır. Düzdür, bacım “İki sahil” qəzetində çalışıb, amma mühasib olub, jurnalist olmayıb. 4-5 ay idi ki, oradan çıxıb. Ondan sonra ölümünə qədər xarici şirkətdə işləyirdi.

- Bəzi saytlar maddi problemə, bəziləri 33 yaşlı evli sevgilisinə, bəziləri isə universitetdə imtahandan kəsildiyinə görə özünü asdığını yazıb.  Ailəsi olaraq siz nə düşünürsünüz, Nigarın intihar səbəbi nə ola bilər?
- Başlayaq, dərslərindən... Dərsləri ilə bağlı problemi yox idi. Bəzi saytlar gedib dekandan açıqlama alıblar. O da bildirib ki, Nigar oxuyan tələbə olub. Maddi problemimiz yoxdur. Nigar rəhmətə getməmişdən üç gün əvvəl təhsil haqqını ödəmişdi. Maşın üçün beh vermişdi. Maddi problemi olan adam bunları ödəyə bilərdi? Mənim bacımın şəxsi həyatında heç kim yox idi, o, karyera qurmaq istəyirdi. Oxuyan uşaq idi. Ailə qurmaq haqda düşünmürdü.

- Siz bildirirsiniz ki, Nigarın həyatında heç kim olmayıb. Ötən gün bəzi saytlar məlumat yaymışdı ki, Nigarın 33 yaşlı sevgilisi ifadə vermək üçün polisə çağırılıb. Bəlkə Nigar şəxsi həyatında olan şəxsi sizdən gizlədib?
- Nigarın şəxsi həyatında kimsə olsaydı, mən bilərdim. Biz çox yaxın idik. Nigarın sevgilisinin polisə çağırılmasını yazanlar o şəxsi mənə göstərsinlər. Hadisə ilə bağlı istintaq başladılıb. Bu, normaldır. Onu ölüm həddinə çatdıran tapılmalıdır. Polis ifadə almağa ailə üzvlərindən başlamalıdır. Nigarın sevgilisi tutulsaydı, ailəmizə bu haqda məlumat verilərdi.

- Xəbər portallarını yalan xəbər yazmaqda ittiham edirsiniz.  Məhkəməyə müraciət etmək haqda düşünürsünüz?
- Biz də Nigar haqda yazılan xəbərləri oxuyuruq. Bəziləri yazıblar ki, Nigarın 33 yaşlı evli sevgilisi olub. Boşanıb, Nigarla evlənmək istəyib, amma anam razı olmayıb. Bunlar yalan məlumatlardır. O xəbərləri yayanlar qeyri-peşəkar jurnalistlərdir. Araşdırma etmək istəməyib, reytinq qazanmaq üçün eşitdiklərini yazıblar. Saytlarla əlaqə saxladım. Bildirdim ki, yanlış yazdıqları informasiyaları silməsələr, onları məhkəməyə verəcəyəm. Onlar da siləcəklərini qeyd etdilər. Onları məhkəməyə vermək istəyirəm, amma o işin arxası ilə getməyə gücüm yoxdur. Mən bacı itirmişəm, dərdim böyükdür. Bir də məhkəmə ilə məşğul olmaq istəmirəm.

- Son zamanlar gənclərin intihar etməsi aktual məsələyə çevrilib. Nigarın intihar etməsi digərlərindən fərqli olaraq, gündəmi zəbt etdi...
- Bəli, hər gün demək olar ki, kimsə özünü asır, amma onlardan heç kim yazmır. Onların ölümü gündəmə çevrilmir. Nigarın intihar etməsini niyə bu qədər şişirtdiklərini anlamıram. Çox gözəl qız idi, bəlkə də bir səbəb budur. Düşünürəm ki, mən jurnalist olmasaydım, bacımın ölümünü bu qədər böyütməyəcəkdilər. Hərdən mənə elə gəlir ki, mənə görə bacımı bu qədər gündəmdə saxladılar. İnsanlardan acımıza hörmətlə yanaşmalarını istəyirəm.

 
11.02.2016 20:58:00
Oxuma sayı: 5262