MTRŞ rəsmisi: "Son qərarı məhkəmə verir..."
Ölçü:


“Çox təəssüf ki, bu gün elektron mediada, istinad məsələsi aktual bir problemə çevrilib. Bir sıra hallarda televiziya və radioların xəbər-informasiya buraxılışlarında da xəbərin ilkin mənbəyinə istinad edilməməsinin şahidi oluruq”.

Koordinat.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, bu hal kütləvi olmasa da, hər halda müşahidə edilir: “Əlbəttə ki, hər bir media orqanı, jurnalist, müxbir öz həmkarına, onun zəhmətinə, əməyinə hörmət etməyi, dəyər verməyi bacarmalıdır. Bu, ilk növbədə mənəvi məsələdir, bir növ mədəniyyətdir. Ən əsası isə hüquqi məsələdir. Hər kəsin, hər fiziki və hüquqi şəxsin müəlliflik hüququ var. Müəlliflik hüququ pozulan hər kəsin qanunvericiliyin verdiyi imkanlar çərçivəsində öz haqlarını tələb etməsi normaldır”.

T.Dadaşov vurğulayıb ki, əgər müəlliflik hüququnun pozulması ilə əlaqədar hansısa məhkəmə qərarı olsa, bu, bir presedent yaradacaq və digərləri artıq bu cür hallardan çəkinəcəklər: "Hesab edirəm ki, bu, baş verərsə, mediada istinad mədəniyyətinin inkişafına xidmət etmiş olacaq. "Televiziya və radio yayımı" haqqında qanunda yayımçıların müəlliflik hüququ adlı xüsusi maddə var (39-cu maddə). Bu maddə teleradio yayımçıları arasında müəlliflik hüququ və istinad məsələlərini tənzimləyir. Belə ki, burada göstərilir ki, yayımçılar yayımladıqları verilişlər (filmlər) və proqramlar üzərində imzaladıqları müqavilələrin verdiyi səlahiyyət çərçivəsində müəlliflik hüququna malikdirlər. Yayımçı digər teleradio yayımçılarının proqramlarından (verilişlərindən) yalnız onların rəsmi razılığı ilə istifadə edə bilər”.

T.Dadaşov qeyd edib ki, mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) digər təşkilatlar tərəfindən yayımı, keçirilməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır: “Başqa yayımçıların proqramlarından (verilişlərindən) qısa fraqmentlər, – hər proqramdan (verilişdən) 20 saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla, – habelə tədris müəssisələrində istifadə üçün götürüldüyü hallarda razılıq tələb olunmur. Proqramlardan (verilişlərdən) müvafiq razılıq olmadan bu qanunun tələblərini pozaraq istifadə edildikdə, yayımçı vurulmuş zərərin ödənilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. Lakin qeyd edək ki, bu məsələ ilə bağlı hazırda hansısa bir hala, yəni mübahisəyə rast gəlinmir. Göründüyü kimi, teleradio yayımı haqqında qanunvericiliyə əsasən, müəlliflik hüququnun pozulması ilə bağlı son qərarı məhkəmə verir. Bu mənada digər elektron KİV orqanları da belə hallarla rastlaşdıqda məhkəmələrə müraciət etməli və haqlarını tələb etməlidirlər”. 
01.03.2018 15:56:00
Oxuma sayı: 1630