Valeh Ələsgərov Qüdrət Həsənquliyevi qınadı: "Heç kim maraqlanmadı”
Ölçü:


"Bu gün müzakirə etdiyiniz əlavə və dəyişikliklərin bir məqsədi var. Bir il həyatımızı sərf etdiyimiz, üzərində işlədiyimiz qanun layihəsinin məqsədi Azərbaycan iqtisadiyyatına töhfə verməkdir".

Koordinat.az
xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib. O, deputat Qüdrət Həsənquliyevin iradlarına etirazını bildirib: "Prezidentin imzası, Aparatın şöbələri və digər rəsmilərin nəzarətindən keçəndən sonra qanunun Konstitusiyaya zidd olduğunu söyləmək nə dərəcədə doğrudur?!"

V.Ələsgərov vurğulayıb ki, indi əsas məqsəd Azərbaycanda xarici şirkətlər üçün şərait yaratmaqdır: "Mən 1 ilə yaxın deputatlarla bu binada oturdum. Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burada oturduğumuzla maraqlanmadılar. Buna görə də xahiş edirəm imkan varsa, gəlin, yerində bütün məsələlərə baxın".

Qeyd edək ki, Q.Həsənquliyev Milli Məclisdəki müzakirələrdə "Ələt Azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəaların olduğunu söyləyib.

 
27.05.2022 13:07:00
Oxuma sayı: 1175