30 il əvvəl SSRİ rəhbərliyinin Sumqayıt hadisələri ilə bağlı təcili iclası – STENOQRAM
Ölçü:


Sumqayıt təxribatının 30 ili tamam olur. 1988-ci il fevralın 27-də gənclik şəhərində baş vermiş hadisələr bu günə qədər xeyli suallara cavab axtarır.

Ermənistanda və Dağlıq Qarabağda 1988-ci ilin fevralında başlanmış separatçı hərəkat bütün SSRİ-də açıq kütləvi nümayişlərin ilk siqnalı oldu. SSRİ Konstitusiyasına zidd olaraq ərazi iddialarına qalxan Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq özünə birləşdirilməsini tələb edirdi. Qarabağda etnik zəmində ilk toqquşmalar Ermənistanda yaşayan azərbaycanlıların yaşadıqları dədə-baba torpaqlarından kütləvi köçməsi ilə nəticələndi. Bu milli ədavət ən müxtəlif qrupları SSRİ-də hakimiyyət uğrunda aparılan mübarizənin bir elementinə çevirdi.

1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr dünyada Azərbaycanı nufuzdan salmaq və Qarabağı ələ keçirmək üçün psixoloji və hüquqi arqumentlər yaratmaq üçün idi. SSRİ DTK-nın hazırladığı bu təxribat nəticəsində xeyli şəxs həbs olundu, bir neçə azərbaycanlı günahsız yerə güllələnmə cəzasına məhkum edildi.

Bəs bu hadisələr SSRİ rəhbərliyində necə reaksiya doğurub?

Strateq.az oxucularına nadir materialı təqdim edir. Bu, sovet rəhbərliyinin Sumqayıt hadislərindən sonra keçirdiyi iclasın protokoludur. Sov.İKP Siyasi Bürosunun 29 fevral 1988-ci ildə  keçirdiyi iclasında Sumqayıt hadisələri və Dağlıq Qarabağda baş verənlər barədə mövqelər öz əksini tapıb. Çıxış edən Sov.İKP-nin baş katibi Mixail Qorbaçov məsələ ilə bağlı danışıb. Sənədi oxuduqca Qorbaçovun SSRİ-də milli məsələyə yanaşması heyrət doğurur, onun “erməni sevgisinin” bir daha şahidi olursan.

İclasın stenoqramını oxucularımıza təqdim edirik:

 

TAM MƏXFİ
Yeganə nüsxə

Sov.İKP SİYASİ BÜROSUNUN İCLASI

29 FEVRAL 1988-Cİ İL

Sədrlik edir: Yoldaş Qorbaçov M.S.

İştirak edirlər:
Qromıko A.A, Liqaçev E.K, Nikonov V.P., Slyunkov N.N., Solomensov M.S., Çebrikov V.M., Şverdnadze E.A., Yakovlev A.N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A.P., Kapitonov İ.V.

1.
Azərbaycan SSR və Ermənistan SSR-də hadisələrlə bağlı əlavə tədbirlər haqqında

Mixail Qorbaçov ( Sov.İKP-nin baş katibi): Gördüyümüz tədbirlər, o cümlədən Ermənistan və Azərbaycana ünvanladığımız müraciət öz rolunu oynayıb. İnsanlar müraciətə hay verirlər. Sənədi yenidən işlədikdən sonra ora gecə şifrəli rabitə ilə göndəriblər. Səhər isə artıq bu sənədlə işləməyə başlayıblar. Son anda Yerevan küçələrinə yarım milyondan artıq adam çıxıb. Hər şey iflic olub, dayanıb. Yaxın kəndlərdən insanlar hərəkətə keçməyə başlayıb. Dəstə-dəstə gedrimişlər.

A.Qromıko (SSRİ xarici işlər naziri): “Son an” deyəndə, yəni bu gün?

Qorbaçov:
Yox, müraciətdən əvvəl-cümə günü… Çox böyük sayda olan kütlə. Qarabağda azərbaycanlılarla ermənilər arasında toqquşma olub, iki nəfər həlak olub. Yerevanda vərəqələr yayıblar: "Ay ermənilər, mitinq eləməyi buraxın, silaha sarılın, gedək türkləri əzək".  Uzaq məsafədən ordu qərargahına atəş açılıb. Güllə qərargah rəisinin kabinetinin pəncərəsinə dəyib. Bax belə…Biz bilirik ki, orada ekstemist ünsürlər var. 

Amma sizə deyim ki, hətta Yerevan küçələrində milyondan çox adam olsa da, ermənilərin nizam-intizamı yüksək olub. Ayrıca kiçik qruplardan savayı (mən sonra bu qrupların nə istədiyi barədə danışacağam) heç bir antisovet fəaliyyət müşahidə edilməyib. Bütün kütlə bizim bayraqlarla və Siyasi Büro üzvlərinin portretləri ilə hərəkət edib.

Yalnız ekstemistlər öz müqəddəratını təyinetmə ilə bağlı şüarlar səsləndiriblər. Ancaq çıxışlarda məsələ heç bir halda antisovet, düşmən hərəkətlərinə gedib çıxmayıb. Kütlə bu halda olub.

Yoldaşlar, amma bütün bunlardan həm də aydın olur ki, bu aksiya çox yaxşı hazırlanıb. Durduğun yerdə bunu təşkil etmək elə də asan iş deyil: növbə ilə durmaq, ərzaqla təchiz etmək, bir-birini əvəzləmək… Vlasov mənə bu barədə ətraflı danışdı. Onlar bunu tam öyrəniblər.

Bütün çıxışların mövzusu Qarabağ və onun Ermənistana birləşdirilməsi haqqında olub. Deyiblər ki, bu məsələ Stalinin vaxtında düzgün həll olunmayıb, bu qərarı xalqa məlum şərtlər əsasında sırıyıblar. Deyirmişlər ki, bu, doğru qərar deyil və bu problemi indi, yenidənqurma və demokratiya çərçivəsində həll etmək lazımdır.

Vlasov mənə 3 günlük hadisələrin gizli kamera ilə çəkilmiş lentini verdi. Mən çıxışlara baxdım və bütün bu kütləni gördüm. Milyonlarla insan başbaşa dayanıb. Onların arasında gənclər, qocalar… Tanınmış adamlar çıxış edir- xalq artistləri, rəssamlar, -görkəmli insanlar… Hər şey Dağlıq Qarabağ ətrafındakı vəziyyətə köklənmişdi.

Çıxışlarda erməni mədəniyyətinə hörmətsiz münasibət bəslənməsindən danışılır. Deyirdilər ki, ermənilər, erməni muxtariyyəti hüquqsuzdur, doğma vətəni ilə əlaqəsi yoxdur, bütün gərginlik erməni cinahının üstünə qoyulur. Ona görə ki, biz açıq desək, Siyasi Büroda qəbul etdiyimiz qərarla Azərbaycanı dəstəkləmişik. Əgər biz bu qərarı qəbul etməsəydik, başqa məsələ baş verəcəkdi. Bu barədə sizə sonra danışaram.

Mən Mərkəzi Komitədə Kaptukiyan (Silva Kaptukiyan – Ermənistanın SSRİ-nin xalq şairi-red.) və Balayanla (Zori Balayan – red.) söhbət edərkən onlara dedim ki, biz məsələnin bütün tarixini bilirik, bu çox mürəkkəb tarixdir. Onun səbəbləri və kökləri xaricdədir, bizim sərhədlərimizdən kənardadır. Taleyin erməni xalqına yaşatdığı tarixi bilirik və başa düşürük. Şəxsən mən burada iki səbəb görürəm: bir tərəfdən Qarabağda əldən buraxılmış imkanlar, üstəgəl xalqdakı emosional başlanğıc. Tarixdə bu xalqın başına gələnlər onun yaddaşında oturub. Ona görə də ona toxunan məsələlər belə reaksiya doğrur.

Sən demə, Stepanakert vilayət komitəsinin katibi son 14 il ərzində bir dəfə də Ermənistanda olmayıb. Dağlıq Qarabağ axı erməni muxtariyyətidir. Başqa digər məsələləri də sadaladılar. Hətta Ermənistana aparan yollar belə tərk edilib. Mədəni əlaqələr pozulub. Bunların hamısı bilərəkdən edilib. Dağlıq Qarabağda Türkiyə televiziyalarının verilişlərini tutmaq olur, amma erməni TV-ləri göstərmir.  Bütün bunlar isə insanların hisslərinə toxunur.

Mən Viktor Mixayloviçdən soruşuram: sən orda sərhəd zolaqları ilə nə etmisən? O mənə dedi ki, sərhəddin keçdiyi Naxçıvanda sərhədçilərin zastavası olan öz zolağı var. Amma sərhəd zonasının dərinliklərini yerli orqanlar, hazırkı anda respublika orqanları müəyyənləşdirir. Onlar tərəfdən hansı qərar qəbul olunub?

Bütün Naxçıvan sərhəd zonasına daxil edilib, azad giriş qadağan olunub. Amma, axı orada genosid qurbanları dəfn edilib, onların orada qəbirləri var. Orada erməni mədəni irsinə aid 90 abidə olub, indi heç biri qalmayıb. Vəssalam. Sərhəd zonası adı altında ora heç kimi buraxmırlar. Ora aparan yol 70 ildir təmir edilmir. Bilirsiniz də, bu necə qəbul olunur…

Qısaca deyim ki, bütün bunlar emosiyaları əməlli-başlı körükləyir. Ancaq sizə deyim ki, bütün bunlar araşdırma tələb edir. Belə görünür onlar nahaq yerə bura xəbər göndərmirlərmiş…

Çərşənbə günü Aleksandr Nikolayeviçə tapşırdım ki, mənim adımdan Kaptukiyanla danışsın və onun nəzərinə çatdırsın ki, onlar müdriklik göstərərək öz sözlərini desinlər və hadisələrin bu arzuolunmaz inkişafını dayandırsınlar.

O, Kaptukiyanla danışıb. Danışıq çox uzun olub. Telefonda hönkürtülər, ağlamaqla müşayət edilib. Kaptukiyan hər halda sonda vəd edib ki, bunu edəcək və bu ziyanlı prosesi dayandıracaq. Sonra aydınlaşdırmaq üçün… Eyni zamanda o, bizi ittiham edib ki, biz azərbaycanlıların tərəfini tuturuq. Bəyan edir ki, onlar ekstrimist deyillər.

Biz cümə axşamı iclas keçirərkən Kaptukiyan təyyarə ilə Yerevana uçub. Orada yazıçı, “Literaturnaya qazeta”nın müxbiri Balayanla birləşiblər. Bu adam (Balayan) qatı millətçidir. İstedadlı şəxsdir. 33 kitab yazıb. Ermənilər arasında çox tanınır. Özünə inamlı və çox karyeralıdır. Çox.

Hələ Moskvada olanda Kaptukiyan onu özü daşıyıb bura gətirmişdi. Xahiş edirdi ki, heç olmasa beş dəqiqəlik onu qəbul edim. Mən düşündüm: boş vermək nəyə gərək? Burada hər şeydən istifadə etmək lazımdır. Mən düşündüyümü deyirəm, bundan sonra isə onlara çətin olacaq, onlar mənə bağlı olacaqlar.

Yada saldım ki, belə vəziyyətdə Lenin necə hərəkət edirdi. Kəskin vəziyyət yarananda ya özü müraciət edirdi, teleqram göndərirdi. Və ən xoşagəlməz şəxslərlə də görüşürdü. Kaptukiyan isə orada hansısa Komitənin fəxri sədridir? Bəli.

Görüşdük. Mən dedim: "Azərbaycanda gərginlikdir. Başa düşürsünüz, bunu dayandırmaq lazımdır. Orada da insanlar çox gərgindir". O, isə mənə deyir: "Azərbaycanlılar nəyə görə gərgindir? Siz ki, onların xeyrinə qərar çıxarmısınız". Mən deyirəm: Yox, sizinlə razı deyiləm. Biz Ermənistanın, Azərbaycanın, bütün ölkənin xeyrinə qərar vermişik.

Söhbət çox çətin, emosional keçdi. Kaptukiyan dedi ki, müraciətdə sizin imzanız var. Biz sizə ümid edirik və s. Dedim, mən də hesab edirəm ki, siz Siyasi Büroya, baş katib kimi mənə ümid edirsiniz. Ona görə imzamı qoymuşam.

Mən sizi əmin edirəm, bütün bunlar ötüb keçəcək, hər şey yerini alacaq, və sizi dayandırdığıma görə  mənə “sağ ol” deyəcəksiniz. Deyəcəksiniz ki, “Mixail Sergeyeviç, çox sağ olun ki, müraciəti imzaladınız”. İndi sizdə başlanmış axına qarşı getmək lazımdır, onu dayandırmaq lazımdır. Suallar var. Amma əgər biz indi dayanmasaq, reallığı nəzərə almasaq, o zaman o tərəfdən də hərəkət başlanacaq.  O zaman kim situasiyanı ələ ala biləcək?

Sizə deyim ki, Kaptukiyan bunun əleyhinə idi, sərt şəkildə bəyan edirdi ki, ərazi məsələsini elə indi həll etmək lazımdır. Soruşurdu ki, nə üçün komissiya yaratmaq istəmirsiniz? Tatarlar üçün yaratmısınız. Burada isə iki respublikanın belə məsələsi var. Niyə komissiya yaratmaq istəmirsiniz? Mən dedim: Qulaq asın, əgər siz mənim qəbul otağımda oturmusunuzsa, əgər məsələnin həlli ilə hökumət və Siyasi Büro məşğuldursa komissiya nəyə lazımdır?  Mən sizə açıq deyirəm, biləsiniz, komissiya yaratmışıq, amma tatarların muxtariyyətini bərpa etməyəcəyik. Amma onlara həyatın gətirdiyi məsələləri həll edəcəyik.

Balayan (bu cavanın beyni yaxşı işləyrdi) məndən soruşdu: İnsanlara nə deməliyik? Mən cavab verdim ki, xalqa deyin Mərkəzi Komitənin, Hökumətin erməni xalqına qarşı heç bir incikliyi yoxdur, Mərkəzi Komitə Dağlıq Qarabağdakı problemləri, həllini tələb edən məsələləri, diqqətdə saxlayacaq.

Balayan dərhal dedi: Əgər Siyasi Büro bu məsələlərlə məşğul olarsa, bu da komissiyadır. Həqiqəti demək lazımdır, əvvəldən görünürdü ki, onlar nə üçün bura can atırlar. Onlar özlərinə avtoritet qazandılar, öz nufuzlarını möhkəmləndirmək istəyirdilər. Açığı, bizə də bu görüşdən boyun qaçırmaq olmazdı. Bunlar xalqın qulaq asdığı ziyalıların böyük nümayəndələridir.

Yeri gəlmişkən, onların ikisi də kommunistdir. Açığı, ermənilərin məhz bu qanadını sakitləşdirmək lazımdır ki, bütün “ordu” hərəkətə keçməsin. Onlar bizim müraciətə necə reaksiya verdilər?

Tələb olunduğu kimi deyil: Oxudular, çıxış etdilər, hərə bir cür… Mən səs yazısını dinləyən zaman diqqət yetirdim: Bir nəfər çıxış edir və deyir: “İttifaq radio və televiziyaları həqiqəti göstərmək, xalqın nə dediyini göstərmək əvəzinə bizi təhrikçilər adlandırırlar”. Beləcə davam edir.

Mən, yerigəlmişkən, Kaptukiyanla söhbət zamanı dedim: "Qərarda erməni xalqı təhrikçi adlandırılmayıb. Biz deyirik, Dağlıq Qarabağda erməni və azərbaycan xalqının bir hissəsi təhrikçilərin arxasınca gedib. Bax, onlar haqqında söhbət gedir. Bu var. Bir təhrikçilər var, bir də xalq. Biz onları bir-birinə qarışdırmırıq. Bizim erməni xalqına qarşı münasibətimiz dəyişməyib". 

Müraciət oxunduqdan sonra bu böyük insan dənizindən adamlar dərnəklər yaradaraq müzakirələr aparır. Daha sonra mahnı oxumağa başladılar, “ura” qışqırdılar. Bəziləri dağılışdı, digərləri gəlirdi. Belə qənaətə gəlməyə başladılar ki, müraciətdən sonra sakitləşmək lazımdır. Sonra nə? Mən onların əhval-ruhiyyəsindən belə tutdum ki, biz vaxtı düzgün müəyyən etmişik. Bu xalqda belə vəziyyət və təəssürat yaranmışdı ki, milyon yarım adam yığışdı, amma heç ki məhəl qoymur. Və budur bu məktub gəldi. O öz rolunu oynadı. Şənbə günü artıq işə çıxırdılar, hətta cümə günü praktik olaraq hamı işə çıxmışdı. Erməni radiosu xəbər verir ki, itirlmiş əmək günləri bərpa ediləcək.  Bax işlər belə gedib.

Amma azərbaycanlı ailələrinin Ermənistandan qaçması barədə faktlar var. Doğrudur, rəqəmələr ziddiyyətlidir: Vladimir İvanoviç məruzə edir ki, 55 nəfər gedib, Razumovski deyir 200. Azərbaycandakı ermənilərə gəlincə, təqiblərdən qorxan 200 ailə məktəbədə yerləşdirilib.

Razumovski ( Sov.İKP MK-nın partiya-təşkilatı şöbəsinin müdir müavini):
Azərbaycanlı Ermənistanı tərk edərkən demir ki, qaçır, deyir ki, guya qonaq gedir. Ona görə də hesabı Azərbaycanla aparmaq lazımdır. Onlar Azərbaycana gəldikdən sonra elan edirlər ki, daha Ermənistana qayıtmayacaqlar.

Qorbaçov:
İndi isə Dağlıq Qarabağdakı vəziyyət haqqında. Orada Vilayət Komitəsinin yeni birinci katibini seçiblər. O hazırda işi təşkil edir. O, görünür real nufuzu olan şəxsdir. Çünki bu məsələ qalxanda və Yeqor Kuzmiç mənə bu barədə zəng vuranda dedim ki, bu vəziyyətdə real avtoriteti olan adamları irəli çəkmək lazımdır. O, vilayət komitəsinin üzvüdür, vilayət icraiyyə komitəsi sədrinin müavini olub, aqroproma rəhbərlik edib. Razumovski ona deyəndə ki, bu vəzifəni götürün, biz sizi dəstəkləyirik, problemlər var və onları həll etmək lazımdır. O dərhal bizim qucağımıza atılmadı,  amma razılaşdı ki, əgər Mərkəzi Komitə dəstək verirsə razıdır. Deyib ki, çoxlu problemlər yığılıb qalıb. Onu seçdilər- dərhal vəziyyətdə dəyişiklik baş verib.

Amma çətinliklər qalır. Ermənistandan zəng vururlar: Başa düşürsünüz də, Sizə görə bütün Ermənistanı ayağa qaldırıblar.

Çebrikov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri):
Kolxozlardan Stepanakertə insanlar gedir.

Qorbaçov:
Bu gün Aleksandr Vladimiroviç mənə danışıb: “Kabab” Stepanakertdə “bişir”, “tonqallar” Yerevanda “yanır”. Bir sözlə ictimai qaydanın pozulması halları yoxdur, amma adamlar meydandan getmirlər. Min nəfərə qədər adam var orda…

Vlasov: (SSRİ daxili işlər naziri):
Mindən çoxdur.

Qorbaçov: Mindən çox… Deməli, beləcə orada durub “tonqalı sönməyə” qoymurlar. Burda tam aydın görünür ki, bütün təlimatlar və əlaqə Ermənistandan gəlir.

İndi də Azərbaycan reaksiya verməyə başlayıb. İlk növbədə deyək ki, orada ölüm faktı olub. Bu, şaiyələri gücləndirib. Azərbaycanlılar intiqam alınacağından qorxaraq qaçmağa başlayıblar və bəyan ediblər ki, onları Ermənistanda yaşamağa qoymurlar. Bax bu, təkan rolunu oynayıb. Üstəgəl Stepanakert sakitləşmir. Azərbaycanda hərəkət başlanıb. Mənə elə gəlir ki, buna da istiqamət verilib. Bu, daha açıq şəkildə Naxçıvanda özünü göstərib.

Orada xeyli adam toplaşıb. Sonra katib gəlib, çıxış edib – 30 dəqiqədən sonra dağılışıblar.

İndi Dimitri Timofeyeviç mənə generallardan birinin Sumqayıtdan göndərdiyi məruzə barədə məlumat verdi. Hərbiçilər bu vəziyyəti müşahidə ediblər. Azğınlaşmış gənclərin qarşısı alınıb, amma  onlar xırda qruplara bölünərək iğtişaş salıblar: avtobusları atəşə tutmaq, öldürmək üçün. Artıq 14 ölüm faktı var. Çoxlu sayda insanlar qospitala aparılb.  

Çebrikov: 110 yaralı

Qorbaçov: Burada artıq quldur elementlər at oynadır, onların arasında residivistlər də olub. Bütün zibil qalxıb üstə, amma Sumqayıt milisi durub baxır və heç nə etmir. Deməli, bu aksiya ermənilərə “kəskin cavab” kimi düşünülüb. Əgər biz vaxtında tədbir görməsəydik, hər an qırğın baş verə bilərdi.

Dünən axşam Viktor Mixayloviç mənə zəng vurdu və məlumat verdi ki, mitinqləri ləğv ediblər hər şey sona çatıb. Bəs işdə nə alındı? Mitinq həqiqətən dağılıb, amma mitinqdən dağılanlar 10-15-20, maksimum 100  nəfərlik qruplarda birləşərək  əsl iğtişaş törətməyə, zorlamağa, erməni mənzillərində yanğın törətməyə, mebelləri tullamağa başlayıblar.

Son məlumatlar necədir?

Vlasov: 14 nəfər, o cümlədən 3 qadın, 3 azərbaycanlı, 6 erməni öldürülüb. Qalanları dəqiqləşdirilir. 71 nəfər, o cümlədən 48 erməni  bədən xəsarətləri alıb. 6 avtomobil yandırılıb, 13 mənzildə yanğınlar olub. Siyasi Maarif Evi və avtovağzala zərər dəyib. 54 milis əməkdaşı xəsarət alıb. 47 nəfər, o cümlədən 5 nəfər talançı  saxlanılıb.

Qorbaçov:
Saxlanılanlardan 2 nəfəri etiraf edib ki, biri 5 nəfəri, o biri 3 nəfəri öldürüb. Talançılardan qızıl və cəvahirat aşkar edilib. Dimitri Timofeyeviç göstəriş verib və Sumqayıta dərhal hərbi məktəbin kursantları və digər hərbiçilər yeridilib. O, həmçinin təyyarə ilə Sumqayıta 3 min milis qüvvəsinin gətirilməsinə kömək edib. Nəticədə beş saata hər şey bitib.

Mən Razumovskiyə dedim: Bütün bunlar düzgün edilib. Amma gəlin Alma-Atada etdiyimiz kimi edək. İctimai sabitliyi qorunması üçün mülki şəxsləri cəlb edək. Bobkov və Razumovski bu məsələni yerində həll etmək üçün ora gedib.

 Çebrikov:
Şəhər dalğalanır.

Qorbaçov: Bəli, bəli, ləngər vurur, dalğalanır. Deyirlər indi onlar uzaqda, ətrafda bu işləri davam etdirirlər. Ona görə də əvvəl verilmiş komandaları qüvvədə saxlamaq lazımdır. Qoy DİN hərəkət etsin. Əgər nəsə əlavə etmək lazımdırsa, qoy etsin. Situasiyanı ələ almaq lazımdır. Görürsünüz, yalnız bir gecəyə 14 ölüm… Bu, Ermənistana çatacaq, dəfnlər başlanacaq. Oradan reaksiyalar gələ bilər. Bax belə bir vəziyyət.

Vlasov:
Sumqayıtda 200 min əhali var.

Qorbaçov: 200 min. Orta yaş həddi isə 22-24 yaşdır.

Vlasov: 25 yaş.

Qorbaçov: 25 yaş. Cavan şəhərdir. Amma deyirlər gəlmə adamlar orada çoxdur.

Vlasov:
Hər beş nəfərdən birinin məhkumluğu var.

Qorbaçov: Görünür şəhəri onlar tikiblər, sonra azadlığa çıxandan sonra orada qalıblar. Necə deyərlər, belə işlər üçün təcrübələri var.

Qısası, indi Ermənistanı reaksiya verməkdən çəkindirmək lazımdır. Biz hesab edirdik ki, Azərbaycana və Ermənistana göndərdiyimiz yoldaşlarımız bazar ertəsi qayıda biləcəklər və biz cümə axşamı fikir mübadiləsi apara bilərik. Amma fikrimcə, onlar orada qalıb işi davam etdirməli və gücləndirməlidirlər.

İndi xalqı və ictimaiyyəti bu işə cəlb etmək lazımdır. İnformasiya çox mühümdür: Bunu əldə etmək elə də asan deyil- hər iki tərəf gizlədir. Hamı bir-birinə bağlıdır. Azərbaycan və Ermənistan KP MK-dan olan yoldaşların bu məsəldə əlləri var, heç bir fəaliyyət göstərmirlər. Onlar hər şeyi bilirlər.

Qromıko: Yəni tam gücləri ilə çalışmırlar.

Qorbaçov: Yox. Var gücü ilə yalnız başqa tərəf üçün çalışırlar. Bu əhvalla oynayırlar, bu əhvalın təsirinə düşübər, geri çəkilmələri artıq çox çətindir.

Ermənistan KP MK-nın plenumu müraciətimizi dəstəkləyib, amma komissiya yaradılması barədə şərtini qoyub. Onlar çox uzağa gediblər və xalqın qarşısında əlibağlı qalıblar. Bu faktdır. Biz də bunu anlamalıyıq və onlara öz mövqelərini yenidən qurmaq üçün imkan verməliyik.

Mən, bunun üçün sizi yığmışam ki, baş verənlərdən xəbəriniz olsun. Hesab edirəm ki, yoldaşlar qoy işləsinlər. İndi əsas xalqı vəziyyəti normallaşdırmaq prosesinə cəlb etməkdir. Nə qədər vəziyyət sürüşüb əldən çıxmayıb, indi etmək lazımdır. Sonra vəziyyəti düzəltmək üçün çoxlu güc sərf etmək lazım gələcək.

İkinci. Yoldaşlar qayıtdıqdan sonra xüsusi dinləmənin keçirilməsi vacib olacaq. O zaman informasiya daha tam olacaq. Bu bizə konkret göstərişlər verməyə imkan verəcək.

Bütün bunları diqqətsiz qoymaq olmaz. Ona görə ki, bu respublikalar arasındakı qarşılıqlı münasibətlərdə  baş verənlər bir çox məsələlər üçün açardır.

Belə cəhdlər hər yerdə var. Əgər onların qarşısını almasaq (biz burada doğru mövqe tutumuşuq)  o zaman  daxili çəkişmələr bütün ölkədə başlanacaq. Odur ki, bizim mövqeyimiz doğrudur. Bunu bir daha təsdiq etmək lazımdır.

Üçüncü. Baxın, vəziyyət necədir: Bu respublika rəhbərlərindən heç biri yubileylərdən başqa bir-birilərinə gedib-gəlmir, görüşmürlər, fikir mübadiləsi aparmırlar. Belə vəziyydə necə dostluq əlaqələrindən, beynəlmiləlçilikdən danışmaq olar? Bu əcaibdir.

Bu əlaqələr nəinki genişlənmir, əksinə şübhə doğurur: Əgər kimsə Azərbaycandan Ermənistana, yaxud Ermənistandan Azərbaycana gəlirsə bu şübhə doğurur.

Vladimir İvanoviç dünən Vazgenlə ( erməni katalikosu-red.)  danışıb. O vəd verib ki, bütün nufuzundan istifadə edəcək ki, antisovet fəaliyyətə imkan verilməsin. Ona xaricdən çoxlu zənglər olub. Onun sözlərinə görə, hamıya belə cavab verib: Bu işə qarışmayın, heç bir antisovet fəaliyyəti olmamalıdır. Ancaq Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir.  

Eyni zamanda o deyib ki, real problemlər mövcuddur. Vazgen bunun üçün öz təcrübəsindən misal gətirib. Deyib ki, Bakıda, Əliyevin qəbulunda olub. Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 min erməni yaşayır. Vazgen kilsədə dua mərasiminin keçiriməsi üçün dəvət olunmasını xahiş edib. Bu 12 il ərzində belə dəvəti almayıb. Vazgen orada arzuolunmaz fiqurdur, Bakıda görünməsini istəmirlər. Bu isə hisslərə toxunur, onları coşdurur.

Başa düşürsünüz, heç bir kontakt yoxdur. Bu o zaman baş verir ki, xalq danışmağa başlayıb. Qoy insanlar sadə xalq formasında desinlər: Onlarla millətin nümayəndələri, bax beləcə işləyirik. Qoy bunu bütün qüvvlər, ilk olaraq ziyalılar müşahidə eləsinlər. Formatı müəyyən etmək və xalqlar arasında mədəni, insani əlaqələri inkişaf etridmək lazımdır.

D.Yazov (SSRİ müdafiə naziri): Gerogi Petroviç axşam Sumqayıtda komendant saatı elan edilməsini xahiş edir. Bu o deməkdir ki, ordunu, yaxud hansısa hərbi hissəni silahlandırıb yeritmək lazımdır. Güllə atmaq üçün yox…  Komendant saatıdırsa, deməli, hər şey etmək lazımdır.

Qorbaçov:
Komendant saatı lazımdır?

Yazov:
Mən hesab edirəm ki, lazımdır.

Qorbaçov: Silahı hazır saxlamaq lazımdır. Amma güllə atmaq olmaz. Sonra bu yolunu azmışlar təhrikçiliyə başlayacaqlar.

Yazov: Patronsuz silah verəcəyik. Hərbi zirehli transporter olacaq. Təşkil edərik.

Qorbaçov: Patronlar ayrıca olsun.

Yazov:
Əgər icazə veririsniz, o zaman mən göstəriş verim.

Siyasi Büronun üzvləri:
Razıyıq.

Qorbaçov:
Fikrimcə, iğtişaşlara imkan verməmək üçün bunu etmək vacibdir. Qarşıda konfrans gəlir. Konfrans üçün mənə həddən artıq çoxlu material verilir. Bu məsələ əlbəttə dərin öyrənilmə tələb edir. Hətta keçmiş təcrübəyə qayıda bilərik. O zaman sən demə çoxlu maraqlı şeylər varmış. Hətta beynəlmiləl kənd sovetləri olub.

Yakovlev:
Milli kənd sovetləri, milli rayonlar. Sonra onların hamısı arxa plana keçdi. Başqa məsələlər də qapını tıqqıldadır – tatarlar, almanlar və digləri..

Qorbaçov:
Bəli, o zaman milli kənd sovetlərində nə qədər millətlər birləşdirilib. 5200 millətin olduğu rayonlar olub. Mədəni ünsiyyətə imkan verən çevik sistem olub. Çox çevik…

Əlbəttə, bu məsələlər həllini gözləyir. Tatarlar, almanlar çoxdandır müraciət edirlər. Mən Yeqor Kuzmiçdən xahiş etdim bu məsələlərlə bağlı dosye yığsın. Biz almanların məsələsinə dəfələrlə qayıtmışıq, bu məsələ ilə bağlı bizdə Siyasi Büronun qərarı var. Yerinə yetirilməyib. Məsələ çox maraqlıdır.

Plenum ərəfəsində Altay vilayət komitəsinin katibi Popovla söhbət edirdim. Söhbət Kulundeyə (almanların kompakt yaşadığı yer -red.)  gəlib çıxdı. Mən deyirəm: Qulaq as, bəlkə sizdə orada almanlara muxtariyyət vermək üçün bütün şərtlər yetişib. O isə fikirləşmədən mənə “ bu nəyə gərəkdir?” deyir. Mən deyirəm: Dayan görək, sən axı onları tərifləyirən ki, yaxşı insanlardır. O isə “lap yaxşı, qoy işləsinlər, onlara nə mane olur ki?” deyir.

Mən ona “axı onların özlərinin hansısa problemləri var, axı bu Kulundadır, orada axı heç kim yaşamaq istəmir”. Bax beləcə, fikirləşmədən mənə dedi: “Bu nəyə lazımdır?” 

Solomentsev:
Oradakı almanlar Volqdan deyillər.

Çebrikov:
Onlar bu diyardan heç yerə getməzlər. Orada çox gözəl yaşayırlar.

Liqaçov:
Almanlar orada Yekaterina dövründən məskunlaşıblar. 100 il ərzində orduda xidmət etməmək hüquqları olub. Sonra 2-ci Aleksandrın vaxtında bu məsələni həll ediblər. Bütövlükdə 400 min alman köçürülüb.

Qorbaçov:
Kulundada onlar yaxşı yaşayırlar. Mən baxdım: küçələri də çox rahatdır. Hər evin qarşısında bağça salınıb. Hər şey gözəldir. Məhsulları da yaxşıdır.

Bütün bu məsələləri həll etmək lazımdır. Amma indi hər şeydən əvvəl Ermənistandakı bu situasiyanı başa çatdırmaq lazımdır. Katibliyə göstəriş verərik: hadisəyə gətirib çıxarımış səbəbləri öyrənməyə başlasınlar. Təkcə partiya işçilərindən deyil, alimlərin, ziyalıların nümayəndələrindən ibarət komissiya yaratmaq lazımdır. Partiya işçiləri daha çox fakt toplamağa meyillidirlər: Müsbət və mənfi. Burada daha demokratik komissiya formalaşmalıdır. Qoy gedib danışsınlar.

Qromıko:
Onda komissiya deyil, nümayəndə heyəti olacaq. Qoy bizə sırımağa çalışdıqları komisisya ilə səhv salmasınlar.

Qorbaçov:
Bəli. Katiblik qoy uyğun formatı tapsın.

Hazırlığın özü belə yaxınlaşma üçün vasitəçi olmalıdır. Biz özümüz də belə incə məsələlərdə fərqli iş metodlarını mənimsəməliyik. Onlar orada, – kobud da olsa deyəcəyəm, – bir-birinə “hürməyə” başlasalar onları dayandırmaq lazımdır, onları inandırmaq lazımdır ki, qonşudurlar, əsrlərdir bir yerdə yaşayırlar.

Bir ideyanı anlamağa başlayanda onun bütün incəliklərini tuta bilrisən. Bir azərbaycanlı bəstəkar deyir: “Mənim Şuşam”. O, Qarabağda anadan olub, deyir ki, ora şərq incəsənətinin mərkəzidir. Bu, onların birgə beşiydir. Bunu ondan necə çəkindirə bilərsən? Amma Ermənistan başqa şey deyir – “Bizmdir”. Bunu dağıda bilməzsən, əsrlərlə bu bir yerdə gedib.

Azərbaycandakı erməni muxtariyyəti – burada da dialektika var, amma elə olmalıdır ki,  həqiqətən muxtariyyət olsun və bütün imkanlardan istifadə etsin. Bax burada həlli axtarmaq lazımdır. 

Qromıko: Biz hadisələrin səbəbərini dərindən araşdırmalıyıq. Respublika rəhbərləri yüksəklikdə dayana bilməyiblər.

Qorbaçov: Mən Kaptukiyanla söhbət edəndə bu məsələ qalxdı. Mənə dedilər ki, bizə şaiyələr gəlir ki,  Dəmirçiyanı işdən azad etmək istəyirlər. Mən cavab verdim: Bunlar şaiyələrdir, bunu təsdiq edə bilmərəm. Balayan dərhal söhbətə müdaxilə etdi və dedi: Əgər bunu indi, hadisələrdən dərhal sonra etsəniz biz ondan əzabkeş qəhrəman düzəldəcəyik. Buna isə imkan vermək olmaz. Onların hər ikisi Dəmirçiyana qarşı tənqidi münasibət bəsləyirdilər. Deyirdilər ki, onun çox yaxşı işlər gördüyü vaxtlar olub. Amma son dövrlər bunu demək olmaz. Mən dedim ki, biz onu indi azad etməyə hazırlaşmırıq.

Bunu deyəndə Balayan dərhal cavab verdi: Ancaq bu məsələnin həllini çox uzatmaq da lazım deyil. Bu situasiyada tez-tez Əliyevin adı çəkilir. Onun Qarabağda dediyi “Qarabağ Azərbaycanın olub və həmişə olacaq!” bəyanatı təkrar edilir.

Qromıko: Rəhbərlik belə vəziyyətin yaranmasına necə imkan verib?

Qorbaçov:
Yeqor Kuzmiç, briqada formalaşdırmaq, adamları göndərmək lazımdır. Sonra onlarla görüşmək, danışmaq, bu zaman məsələni analzi etmək vacibdir. Deyirlər, bizə bura çoxlu məktub və müraciətlər göndərilib. Harada ilişib qalıblar? Deyirlər ki, onlara heç kim reaksiya vermir. O zaman küçəyə çıxmaq və buna reaksiya verilməsinə nail olmaq lazımdır.

Liqaçov:
Mən Dəmirçiyanla bağlı xeyli məktub oxumuşam. Yaxşı təəssürat yaranmır.

Qorbaçov
: Bəs bu mövzuda?

Liqaçov:
Bu mövzuda oxumamışam. Biz Dəmirçiyanla razılaşdıq və faktik olaraq həll etdik…

Qorbaçov
: Son illəri öyrənmək lazımdır. İndi aydındır, hadisələr baş verib. Amma buna qədər nə olub?

Liqaçov: Azərbaycan və Ermənistanla bağlı?

Qorbaçov: Bəli. Son 3 ili götürək. Apreldən sonra…

Liqaçov: Dağlıq Qarabağ haqqında?

Qorbaçov:
Dağlıq Qarabağ haqqında. Hər yerdə yoxlamaq lazımdır: Prezidiumdan, Hökumətdən soruşmaq lazımdır. Viktor Mixayloviç, siz özünüzdə olana da baxın. Çünki ermənilər şikayətlənir ki, onların müraciətlərinə heç kim reaksiya vermir. Bunun belə olub -olmadığını bilmirəm. Çünki mənə gəlib çatmayıb, oxumamışam.

Liqaçov:
Mən də oxumamışam.

Qorbaçov:
Oxumamsınız? Yoxsa bizə məruzə eləmirlər.

Liqaçov: Mən icmalı oxuyuram. Dəmirçiyan barədə çoxlu məktub var idi.

Qorbaçov: Dəmirçiyan haqqında bəli…

Eqor Kuzmiç, bəlkə biz əmək bölgüsü aparaq. Bu məsələni və səbəblərini öyrənməyi öz üzərinə götür. Mən də iştirak etməyə hazıram. O zaman müəyyən edərik – kimi hara göndərək, kimi başçı qoymaq. Amma mötəbər fikir adamlarını seçmək lazımdır.

Aleksandr Nikolayeviç, bu iclasın materiallarını hazırlamağı sənə, Razumovskiyə və Lukyanova  həvalə edək. Gəlin, bununla məşğul olaq.

Yazov: Amma Mixail Sergeyeviç, Sumqayıtda hərbi vəziyyət elan etmək, ordunu yeritmək lazımdır.

Qorbaçov: Komendant saatı.

Yazov: Mixail Sergeyeviç, bu xətti möhkəm şəkildə aparmaq lazımdır. Nə qədər ki, vəziyyət çox uzağa getməyb. Ordunu ora yeritmək və qayda-qanun yaratmaq lazımdır. Ora təcrid olunmuş yerdir. Milyonlarla insanın yaşadığı Ermənistan deyil. Yeri gəlmişkən, bu ayıldıcı addım başqalarına də təsirini göstərəcək.

Qorbaçov:
Aleksandr Vladimirvoviç və Dimitri Timofeyeviç, siz mümkün situasiyanın Bakıda, Leninakanda və erməni rayonu olan bu şəhərdə….

Vlasov: Kirovabadda.

Qorbaçov: Kirovabad.

Vlasov: Bir qədər şüşələri sındırıblar, vəssalam…

Qorbaçov: Nəzərə almaq lazımdır ki, Sumqayıtda nə baş verdiyini hələ bilmirlər. Bu isə qar topası kimi sürətlə yaylıb çatacaq.

Şverdnadze: Bu elə bil birləşmiş qablar kimdir. Əgər Ermənistanda qurbanlar barədə bilsələr, orada ağırlaşdırıcı hal yarada bilər.

Yakovlev: Tez bir zamanda elan etmək lazımdır ki, Sumqayıtda baş verən hadisələrlə bağlı cinayət işi açılıb və cinayətkarlar həbs olunub. Bu, ehtirasları yatırmaq üçün vacibdir. Sumqayıtın şəhər qəzeti tez və inamla bunu deməlidir.

Qorbaçov: İndi əsas məsələ – asayiş qayadalarını pozanlara qarşı mübarizəyə dərhal fəhlə sinfini, drujinnikləri cəlb etmək lazımdır. Bu xuliqanlığı və ekstremizmi dayandıracaq. Alma-Atada olduğu kimi… Bu çox mühümdür. Hərbiçilər əsəbilik, qıcıq yaradır.  

Solomentsev: Alma-Atada xuliqanların, millətçilərin qarşısını  fəhlə dəstələri aldı.

Razumov:
Alma-Atada məsələni fəhlə sinfi həll etdi. Orada başqa vəziyyət var idi. Kütlənin qarşısını  əsasən əksəriyyəti rus fəhlələrindən ibarət olan drujinalar saxlamışdı.

Qorbaçov: Kirovabadda paraşütçü desantlar görünən kimi hamı dağılışdı.

Yazov: Bu mənbələri kombinə edərək bu  tullantıların bir yerə yığılmaması üçün Stepanakertə heç olmasa bir paraşütçü ya da desant batalyonu, milis batalyonu yeritmək lazımdır. Meydana yığılmış o 500 nəfər əhvalı coşduran generator rolunu oynayır.  

Qorbaçov:
Mənim xahişim budur: Razumovski, Bağırov və Poqosyanla danışmaq. Onların fikrini bilmək lazımdır. Burada hər şey düzgün edilməldir. Poqosyan Razumovskinin ordan getməsini xahiş edib. Mən hiss edirəm ki, impulslar Stepanakertə Ermənistandan gəlir. Poqosyanla danışıb birbaşa soruşmaq olar: Siz özünüz buna son qoya bilərsiniz yoxsa sizə kömək etmək lazımdır?

Çebrikov:
Yerevandan tapşırıq verilib ki, Stepanakertdə plenum keçirilsin. Göstəriş belədir: Yerevanda plenum keçirilib, Stepanakertdə plenum olmayıb. Burdan da ideya – Nə qəqər ki, Stepanakertdə plenum keçirilməyib dağılşmayaq. Ona görə də onlar hələ 10-15 gün meydanda dayanacaqlar. Elə etmək lazımdır ki, Stepanakertdəki meydanda bu adamlar olmasın. Hər şey təşkil edilib. Kolxozlardan ərzaq gətirirlər, yeməkxanalarda meydandakılar üçün yemək hazırlanır. Bu adamların gecə yatmağa yerləri var və hər zaman dəyişirlər.

Qorbaçov:
Viktor Mixayloviç, hər halda insanlar ictimai asayişi pozmurlarsa onlarla siyasi iş aparmaq lazımdır, daha ordu ilə qovub çıxarmaq yox.

Çebrikov: Dağıtmayaq. Amma ətrafda kordon yaratmaq olar.

Qorbaçov: Əgər insanlar özlərini sakit aparırlarsa sona qədər siyasi yolla iş aparmaq lazımdır.

Yakovlev: Amma Sumqayıta ordu yeritmək lazımdır. Orada “hakimiyyətin əli”ni göstərmək lazımdır.

Qorbaçov: Əgər meydandan dağılmasalar belə yenə də onlarla işləmək lazımdır, dağıtmaq yox. Əgər insanlar özlərini sakit aparırsa, xuliqanlıq etmirsə o zaman ordu ilə onları dağıtmaq  lazım deyil. Burada  kordon yaratmaq lazımdır.

Yazov:
Sürücülər işə gəlir, amma marşruta çıxmırlar. Amma kəndlərdən şəhərə əhalini daşıyırlar. Onları Stepanakertə buraxmaq lazım deyil.

Razumov: Məktəblər işləmir. Meydanda növbətçilik təşkil olunub.

Qorbaçov: Deməli, qoy Razumovski Bakıda qalsın, Demiçev isə bura gəlsin. Amma yoldaşlar, əgər xalq özünü sakit aparırsa ora ordunu salmağa gərək yoxdur. Bu alınmayacaq.

Yazov: Mixail Sergeyeviç, akademik Ambarsumyan Koçetkova (general Koçetkov-Ermənistana göndərilmiş sovet ordu hissəsinin rəhəbri-red)  zəng vurub deyir: Sən bura niyə gəlmisən? O da cavab verib ki, necə yəni, niyə? Bura Zaqafqaziya Hərbi Dairəsidir. O zaman Ambarsumyan sual verib: Sən hansı əmrləri almısan?

Qorbaçov:
Görürsən…

Yazov: Əsgərlər arasında vərəqə yaymaq cəhdləri də olub.

Qorbaçov:
Əgər hadisələr Sumqayıtda olduğu kimi  başlasa qəti və sona qədər hərəkət etmək lazımdır.

Liqaçov: Mixail Sergeyeviç, axı orada hər beş nəfərdən biri keçmiş məhkumdur. Deməli orada 300-400 belə adamlar var. Onları dərhal Sumqayıtdan çıxarmaq lazımdır…

Qorbaçov: Doğrudur. Tutmaq… Dimitri Timofeyeviç, danış görək, necə öldürürlər.

Yazov: İki qadının döşlərini kəsiblər, birinin başını üzüblər, qızların isə dərisini soyublar. Bax belə bir vəhşilik. Bəzi kursantlar huşunu itiriblər.

Liqaçov: Dərhal onların üzərində məhkəmə qurulmalıdır. İstintaqı çox uzatmaq lazım deyil. Burada qətiyyətli hərəkət etmək lazımdır.

Qorbaçov: Hardasa demək olar ki, bir qədər vaxt da itirmişik.

Liqaçov:
Mən Novoçerkassk hadisələrini xatırlayıram. Ora diviziyanı yeritdilər. Mən Vladimir Stepanovla birgə orada idim. Hər şey bir anın içində başa çatdı. Hakimiyyət köməksiz olanda, qayda-qanun yarada bilməyəndə bu mənfi təsir doğurur. İnsanları müdafiə etmək lazımdır.

Qorbaçov:
Bu şəhəri ələ almaq lazımdır. Keçmiş məhkumlara gəlincə, yəqin onların hamısı qeydiyyatdadırlar.

Qromıko:
Onları tutmaq lazımdır.

Yazov:
Mixail Sergeyeviç, cinayətkarlar saxlanlıb. Gün ərzində saxlanılan 20 nəfərdən 16-nı buraxıblar, yalnız 4 nəfər qalıb. Hərbiçilər gəldikdən sonra xüsusi təhlükəli cinayətkarları tutmağa başladılar.

 Qorbaçov:
Aleksandr Vladimiroviç, milis rəisini fəaliyyətsiziliynə görə işdən qovmaq lazımdır. Dərhal qovmaq. Uzun-uzadı xidməti yoxlama aparmadan…Bakıdan layiqli bir şəxsi onun yerinə təyin etmək olar.

Yakovlev:
Bu iki qatil üzərində açıq məhkəmə prosesi keçirmək olar?

Qorbaçov: Lazımdır. Yeqor Kuzmiç elə bu barədə danışır. Nəqliyyatın keçdiyi bütün keçidləri bağlamaq lazımdır. Yerevandan təyyarə uçmamalıdır. Erməni müəssəslərinin işlədiyi barədə KİV-ə informasiya hazırlayıb verilməlidir. Yerigəlmişkən axşam onların yerli televiziyalarında yaxşı veriliş verdilər: Adamları iş yerində yaxşı əhvalda olduğunu göstərdilər.

Solomentsov: “Vremya”da da həmçinin Stepanakertdəki bir zavodu göstərdilər. Sonra bu hadisələri pisləyən Yerevanlı fəhlələri göstərdilər.

Qorbaçov:
Razılaşdıq, yoldaşlar?

Siyasi Büronun üzvləri: Bəli

Qərar qəbul edilir.

Sumqayıtda komendant saatının elan olunması və son 3 ildə Dağlıq Qarabağa dair məktubların yığılması barədə göstəriş verilir.

Rusiya Müasir Sənədləşdirmənin Mühafizə Mərkəzi – Sov.İKP MK-nın keçmiş arxivi

Hazırladı:
Xaqani SƏFƏROĞLU
Strateq.az

 
28.02.2018 14:09:45
Oxuma sayı: 903