Gənc pediatrın uğur formulu: 12 elmi işi Avropanın nüfuzlu nəşrlərində - FOTOLAR
Ölçü:


Qadın cəmiyyətin aparıcı qüvvəsi, ictimai inkişafın təməli hesab edilən sağlam ailənin əsas sütunudur. Müdriklərdən birinin dediyi kimi, qadın ucalarsa, insan ucalar. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ülvi qadın, müqəddəs ana obrazı hər zaman yüksək qiymətləndirilmiş, qadına hörmət və məhəbbət ən ülvi hisslər kimi qəbul edilmişdir.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifələri məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını bəşəri dəyərlər xəzinəsinin yaradıcısı kimi dünya mədəniyyətinə böyük simalar bəxş etmişdir.Bu qiymətli inciləri yaradan qadınların içərisində ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər yetişmişdir. Bütün bu tərəfləri ilə yanaşı, qadın həm də insanlığın ən ülvi və müqəddəs dəyəri hesab edilən anadır.Xalqımızın ictimai şüurunda, milli təfəkküründə ana məfhumu həm də doğma yurdun, Vətən torpağının ümumiləşmiş obrazıdır.Ana həm də doğma yurdun təcəssümü, mədəni xəzinəmiz olan söz məbədimizin danışan dili - Ana dilidir.Azərbaycan qadını tarixən özünün əzmkarlığı, sədaqəti, mərdliyi və qəhrəmanlığı ilə tanınıb. Azərbaycan qadını yeri gələndə yadelliləri öz qanında boğan Tomris olub, yeri gələndə mərhəmət və ağıl təcəssümü olan Nüşabəyə çevrilib. Bəzən böyük dövlət adamlarının bacarmadığını bacaran, siyasi ustalığı ilə qüdrətli hökmdarları mat qoyan Sara xatun olub, bəzən də böyük duyğuları ilə sözdən heykəl yaradan Xurşudbanu Natavana çevrilib. Bu il yaradılmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan qadınının məhz bu keyfiyyətlərinə dəyər verərək Yaxın Şərqdə və İslam aləmində ilk dəfə olaraq qadına seçmək və seçilmək hüququ verən qanun qəbul etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə edən Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir.

Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Bu yazıda Azərbaycan qadınının bütün mənəvi dəyərlərini özündə ehtiva edən gənc, lakin özünün gərgin əməyi, iti ağlı ilə az müddətdə böyük uğurlar qazanmağa nail olan peşəkar həkimdən, gənc alimdən bəhs edəcəyik. Haqqında söz açdığımız Səbinə Misir qızı Cəfərova gənc olmasına baxmayaraq dərin biliyə yiyələnmiş gənc alim, peşəkar və bilikli həkim-pediatr, Azərbaycan səhiyyəsində özünəməxsus yeri olan, bu yolda inamla addımlayan, öz işinin mahir bilicisi hesab edilən Azərbaycan qadınlarındandır.

Səbinə Cəfərova 3 sentyabr 1983-cü ildə Sumqayıt şəhərində, ziyalı ailəsində doğulmuşdur. Şəhər 25 saylı ümumi orta məktəbin ən fəal və qabaqcıl şagirdlərindən biri olan Səbinə xanım orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 2000-ci ildə yüksək göstəricilərlə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuşdur.Ali təhsil aldığı illərdə gələcək peşəsinin bütün dərinliklərinə bələd olmaq məqsədilə əzmlə çalışmış, yorulmadan tibbi biliklərin bütün incəliklərini öyrənərək müqəddəs peşə sayılan həkim adını qazanmışdır.Əlbəttə, Səbinə xanım şərəfli və məsuliyyətli həkimlik peşəsinin incəliklərinə uzun illərin yuxusuz gecələri, yorulmadan öyrənmək əzmi ilə sahib olmuşdur.Lakin onun fitri istedadı təkcə təhsil almağın, elm öyrənməyin hesabına meydana çıxmamışdır. Səbinə Cəfərovanın peşəsinə məhəbbəti, həkim olmaq istəyi onun qanına, canına həm də ailəsindən ötürülən qan yaddaşı ilə hopmuşdur.
Tanınmış həkim olan atasının Səbinə xanımın tibb fədaisi kimi yetişməsində mühüm rol oynayıb. Atası Misir İmran oğlu Allahverdiyev uzun illər Sumqayıt şəhərində həkim kimi fəaliyyət göstərmişdir. 1982-ci ildən Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasının Travmatologiya şöbəsində cərrah-travmatoloq kimi əmək verən Misir Allahverdiyev 2017-ci ilədək fədakarlıqla işini davam etdirmiş, bu illər ərzində göstərdiyi yüksək diqqət və həkimlik qayğısı ilə şəhər əhalisinin böyük hörmət və məhəbbətini qazanmışıdır. Sözsüz ki, Misir həkimin peşəsinə bəslədiyi sonsuz məhəbbəti onun övladına- Səbinə Cəfərovaya da keçməyə bilməzdi.

Gənc həkim kimi Səbinə xanım da çox sevdiyi peşəsi ilə bağlı ilk fəaliyyətinə Sumqayıt şəhərində başlamışdır. Tibb Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra gənc həkim müxtəlif vaxtlarda Sumqayıt şəhər Uşaq xəstəxanasında, 1 və 5 saylı Uşaq poliklinikalarında həkim-pediatr vəzifəsində həvəs və əzmkarlıqla çalışmış, yüzlərlə körpələrimizin, övladlarımızın sağlamlığına qovuşmasında əlindən gələni əsirgəməmişdir.

Lakin gərgin iş fəaliyyəti gənc həkimin öz sahəsini daha dərindən öyrənmək həvəsini və əzmini zəiflətməmiş, əksinə, Səbinə Cəfərova tibbin dərin ənginliklərinə bələd olmaq arzusunu rallaşdırmaq məqsədilə elmi fəaliyyətlə məşğul olmuşdur. Bu məqsədlə 2014-cü ildə "Pediatriya" ixtisası üzrə Azərbaycan Tibb Universitetinin doktoranturasına qəbul olunmuş və müasir təbabətin aktual problemlərindən biri olan “Uşaqlarda revmatik xəstəliklər zamanı anemik sindromun xüsusiyyətləri” mövzusunda böyük həcmli dissertasiya işi üzərində çalışmışmışdır. Az müddətdə elmi yeniliklərlə zəngin olan, tibb ictimaiyyətinin maraqla qarşıladığı elmi-tədqiqat işini tamamlayaraq tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Bir mühüm faktı xüsusi vurğulamaq istərdik ki, Səbinə Cəfərova məhz bu sahədə alimlik adı qazanan ilk sumqayıtlı həkim-qadındır. Onun bu uğuru Azərbaycan qadının əzmkarlıq və istedadının sərhədsiz olduğunu bir daha nümayiş etdirir. Səbinə xanım təcrübəli, praktik səhiyyədə yetişmiş pediatr və alimdir. Onun tibb elmi sahəsindəki uğurları təkcə ölkəmizdə deyil, dünyanın bir çox dövlətlərinin tibb ictimaiyyətində böyük maraq və diqqətlə qarşılanır. Gənc alim-həkimin bugünədək 12 qiymətli elmi işi çap edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Səbinə Cəfərovanın elmi məqalələri yerli elmi jurnallarla yanaşı, Rusiya Federasiyası, Ukrayna, Avstriya və İtaliyanın nüfuzlu elmi nəşrlərində də dərc edilmiş və təbabətçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Elmi və praktiki fəaliyyəti Səbinə Cəfərovanın müxtəlif tibbi təşkilatların fəal üzvü seçilməsinə rəvac vermişdir.

Gənc pediatr-alim Azərbaycan Pediatrlar Assosasiyası, Avropa Pediatrlar Akademiyası, Amerika Revmatoloqlar Akademiyasının üzvüdür.
Zəhmətkeş həkim, məhsuldar alim olmaqla yanaşı, Səbinə Cəfərova həm də gözəl ailə sahibi, əzmkar anadir. İctimai fəaliyyəti ilə birgə o, gözəl həyat yoldaşı, fədakar ana məsuliyyətinin də öhdəsindən ləyaqətlə gəlir. Səbinə xanımın ailəsində iki gözəl və tərbiyəli Azərbaycan övladı böyüyür. Şübhə yoxdur ki, bu gözəl övladlar da anaları kimi xalqımıza və Vətənimizə layiqli vətəndaş kimi yetişəcəklər.
28.02.2018 13:39:00
Oxuma sayı: 1088