Şuşa ucalığı – Bir millətin qəhrəmanlıq dastanı
Ölçü:


“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti bu sözlərlə başlamışdı.

Şuşaya qədər sentyabrın 27-dən başlayaraq Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri Hadrut və Suqovuşan qəsəbələri də daxil olmaqla 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edilmişdi. Bu zəfərlər hər birimizi sevindirmişdi.  Dünya azərbaycanlılarını böyük sevinc və qürurla qarşıladığı, sevinc göz yaşlarına boğduğu  Şuşanın düşmən tapdağından azad edilməsi  isə savaşın taleyinə faktiki birmənalı aydınlıq gətirdi.

Qarabağın tacı

Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırılıb. Şuşada 17 məhəllə - Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələri, hər məhəllədə hamam, məscid və bulaq olub.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayıb, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırıblar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edibsə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürüb. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.

Xalqımızın qəhrə boğulduğu gün


1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayıb. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam edib, bundan sonra düşmənin 1000-ə yaxın düşmən əsgəri üç tərəfdən Şuşaya hücum edib. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.  Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi, Zaqafqaziyanın konservatoriyası olan Şuşa mühüm  geostrateji mövqedə yerləşir. Şuşa faktiki Qarabağa nəzarətin təmin edilməsi demək idi. Şuşanın azad edilməsi işğalçı Ermənistanın Qarabağa yolunun bağlanması, Laçın dəhlizinin nəzarətə götürülməsi deməkdir.  Şuşa düşmənin işğalında olduğu müddətdə bu bölgəyə tam nəzarəti təmin etmək mümkün ola bilməzdi. Başqa sözlə, Qarabağı işğaldan azad edilməsi yolu məhz Şuşadan keçirdi.

Vətən müharibəsinin ilk günündən hər kəs anlayırdı ki, Şuşasız qələbəmiz yarımçıq olar. Elə Vətən müharibəsinin gedişində Ali Baş Komandan da bunu bəyan etmişdi. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 9 oktyabr 2021-ci ildə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə də bildirmişdi ki,  əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. Ali Baş Komandan vurğulamışdı ki, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu.

Erməniləri şoka salan qəhrəmanlarımız

Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ordumuzun olmadığı, rəhbərliyin öz vəzifə borcunu yerinə yetirə bilmədiyi bir dövrdə işğal olunmuş Şuşa sıldırım qaya üzərində yerləşməsi səbəbindən dünyanın hərbi mərkəzləri tərəfindən alınmaz qala sayılırdı. Vətən müharibəsinin gedişində dünyanın ən güclü ordularına malik ölkələrinin hərbi ekspertlərinin Şuşanın azad edilməsi ehtimalına münasibətlərindən də bunu görmək olardı. Ancaq Azərbaycanın qəhrəman əsgərləri, zabitləri yüngül silahlarla qayalara dırmaşaraq Şuşanı işğaldan azad etməklə Azərbaycan xalqının necə böyük döyüş qabiliyyətinə, mənəvi ruha malik olduğunu ortaya qoydu.

Müdafiə naziri Zakir Həsənov 2021-ci il iyunun 26-da KİV-ə müsahibəsində indiyə qədər məxfi olan bu əməliyyat barədə hər şeyi danışmasa da, müəyyən detalları açıqlayıb: "Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlarını vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Doğrudur, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Amma biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Hətta kəşfiyyatın da aparılmasında da çətinliklər var idi. Eyni zamanda təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik. Şuşa əməliyyatı deyəndə bir Şuşanın özünə daxil deyildi. Əvvəl ətraf söhbəti olmalı idi, daha sonra isə Şuşa. Biz artilleriyadan və aviasiyadan ətrafı necə lazımdırsa, işlədik. Mən xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi oldum. Bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər - yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Çünki onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və ona görə də güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qısa bir müddətdə yol çəkdilər. Bundan əlavə, kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər".

Z.Həsənov Azərbaycan Ordusunun qəhrəman topçularından danışaraq onların xidmətini yüksək qiymətləndirib. Nazir həmçinin bildirib ki, müharibədən sonra kadrlara baxan zaman Türkiyənin milli müdafiə naziri topçuların tapança kimi atəş açdığını deyib.

Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov da bu günlərdə Şuşa əməliyyatı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib: “Düşmən bizi başqa bir istiqamətdə gözlədiyi halda biz düşmənin ağlına gəlməyən bir istiqamətdən Şuşaya daxil olmağa çalışdıq. Bəli, dağları aşaraq, sıldırım qayalarla qalxaraq Qarabağımızın tacı olan Şuşa şəhərimizə daxil olduq. Yaranmış vəziyyət və şərait istər-istəməz məcbur edirdi ki, biz düşmənlə çox yaxın, birbaşa təmasda olarkən döyüşə girək. Çünki hava şəraiti elə idi ki, uzaq təmasdan təbii ki, nə biz onları, nə də onlar bizi görə bilərdi. Ona görə də o şərait bizə imkan verdi ki, düşmənlə yaxın təmasda və bəzi hallarda da əlbəyaxa döyüşə girək. Bunu Şuşa işğaldan azad olunduqdan, döyüşlər bitdikdən sonra orada müşahidə edilən səhnələrdən görmək mümkün idi. Şuşada və Şuşa ətrafında çoxlu sayda – 1000-dən artıq düşmən hərbçisi məhv edilmişdi. Şəhər uğrunda gedən döyüşün mənzərəsinə baxanda bilmək olurdu ki, orada düşmənlə çox yaxın məsafədə təmas və əlbəyaxa döyüş olub. Biz, xüsusi təyinatlılar Şuşanın küçələrində bir-birimizi görəndə qucaqlaşır, görüşür, hətta sevincdən ağlayırdıq. O hissləri sözlə ifadə eləmək çox çətindir. Amma o qədər gözəl hisslər idi ki...”.

Milli Məclisin Deputat Cavid Osmanov deyir ki, müharibənin ilk günü düşmənin 30 il ərzində qurduğu müdafiə xətti, güclü və müasir istehkamlar darmadağın edilib: “Ali Baş Komandanın qeyd etdiyi kimi, hələ hərbi əməliyyatların ilk dövründə Ermənistan səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə, qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər. Digər tərəfdən, müharibənin mühüm dönüş nöqtələrindən biri də Hadrut əməliyyatıdır, bu, düşmən üçün gözlənilməz və ciddi sarsıntı oldu. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılandan sonra Zəngilana yolun açıldı, Qubadlın azad olundu və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarət təmin edildi. Şuşa əməliyyatı isə bu müharibənin tacıdır, əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsidir. Bununla da düşmənin son müqaviməti sındırıldı və təslim oldu. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin mahir strateq olduğunu bütün dünyaya nümayiş etdirdi”.
Beləliklə, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi. Dövlət başçısının dediyi kimi, Şuşa indi azaddır: “Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.

Azərbaycanın mədəniyyət paytaxtı


Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.  Prezident İlham Əliyevin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” 7 may 2021-ci il tarixli sərəncamında qeyd edilib ki, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Sərəncamda vurğulanıb ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq. Sərəncama əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib…


Fuad Hüseynzadə


Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

10.03.2022 09:45:00
Oxuma sayı: 12496