Buraxılış imtahanları başlayır
Ölçü:


İlk imtahan martın 4-də keçiriləcək. Bu həftə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin ilk imtahanları keçiriləcək.

Koordinat.az
xəbər verir ki, martın 4-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının məktəbliləri imtahan verəcək. Qrafikə uyğun olaraq  Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran məktəbliləri martın 11-də məktəbdə əldə etdikləri bilik və bacarıqları nümayiş etdirəcək. Onlardan bir həftə sonra, martın 18-də isə Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayon məktəblərinin buraxılış siniflərində təhsil alan məktəblilər imtahanlarda iştirak edəcək.

Məcburi köçkün rayonlarından olan şagirdlər də bu qrafikə uyğun imtahan verəcəklər. Belə ki, onlar buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərlərin (rayonların) məktəbliləri ilə eyni vaxtda verəcəklər.  

Heydər Əliyev adına Hərbi Lisey və  C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərin, tədrisi ingilis dilində olan məktəblərin, Çilov adasında yerləşən məktəbin, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də imtahan keçiriləcək.

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, hazırda ölkə ərazisində 111023 ( yüz on bir min iyirmi üç) nəfər şagird 9-cu sinifdə təhsil alır. Onların 95 faizinin buraxılış imtahanlarına qatılacağı gözlənilir
26.02.2018 19:22:37
Oxuma sayı: 839